Nərgiz Qurbanova Polşaya yeni səfiri təyin edildi Prezident İlham Əliyev yanvarın 8-də Azərbaycanın Polşa və Bolqarıstandakı səfirləri Həsən Həsənov və Nərgiz Qurbanovanın geri çağırılması haqda sərəncam imzalayıb. Prezidentin digər sərəncamıyla Nərgiz Qurbanova Azərbaycanın Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 80 yaşlı Həsən Həsənov 1990-1991-ci illərdə Azərbaycanın Baş naziri, 1992-1993-cü illərdə Azərbaycanın BMT-də birinci daimi nümayəndəsi, 1993-1998-ci illərdə xarici işlər naziri, 2004-cü ildən indiyə qədər Macarıstan və Polşada səfirləri vəzifəsində çalışıb. 1975-ci ildə doğulan Nərgiz Qurbanova Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr və Qərb Universitetinin "Beynəlxalq menecment" ixtisası üzrə magistr təhsili alıb. Eyni zamanda, 1997-ci ildə Fransanın Nitsa Universitetində "Beynəlxalq hüququ" ixtisası üzrə, 2000-ci ildə isə İsveçin Yonçopinq Beynəlxalq Biznes Məktəbində "Beynəlxalq biznes" ixtisası üzrə təhsil alıb. 2004-2007-ci illərdə Azərbaycanın Avstriyada, 2010-2013-cü illərdə isə ABŞ səfirliklərində çalışan Nərgiz Qurbanova 4 il əvvəl Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.