Ötən ilin 25 mart tarixində Rusiyanın Kemerovo şəhərində yerləşən “Zimnyaya Vişnya” adlı Ticarət Mərkəzində böyük yanğın baş vermişdi. Həmin yanğında insan tələfatı da qeydə alınmışdı. Bu hadisə ilə əlaqədar 14 nəfər dərhal, 1 nəfər – ticarət mərkəzinin sahibi isə 3 gün əvvəl Polşada həbs olunaraq, Rusiyaya ekstradisiya edildi.
Həmin 15 nəfərin arasında obyektin sahibi ilə yanaşı, yerli icra orqanlarının rəhbərlərindən tutmuş, Fövqəladə Hallar Nazirliyinin yerli idarəsinin rəisinə qədər, bir çox məmurların adı keçir. Onlar vəzifə səhlənkarlığı, yanğından mühafizə, tikinti qaydalarına riayət edilməməsi da daxil olmaqla, bir sıra maddələr üzrə ittiham olunurlar.
Demək olar ki, bu hadisəni Bakıdakı “Diqlas” Ticarət Mərkəzində baş verən yanğından fərqləndirən yeganə cəhət (şükürlər olsun-red.) insan tələfatının olmamasıdır. Bunun da səbəbi yanğının səhər saatlarında, mağazaların hələ fəaliyyətə başlamadığı vaxt baş verməsidir. Qalan əksər məqamlar və nöqsanlar Kemerovadakı ticarət mərkəzilə eynilik təşkil edir.
“Bunlara dövlət tərəfindən kompensasiya verilməsi qanunla düzgün şey deyil…”
Elə vaxtında yanğından mühafizə tədbirlərinin görülməməsi və yanğının söndürülməsi prosesindəki çatışmazlıqlar da Kemerovadakı hadisə ilə oxşarlıq təşkil edir. Orada da ticarət mərkəzində çalışanlar və həlak olanların yaxınları FHN-in fəaliyyətinin yarıtmaz olduğunu bildirirdilər. Ancaq fərqli cəhətlər də var ki, bunlardan biri də bizim fövqəladə hallar nazirimizin yanğın zamanı özünü hadisə yerinə çatdırmasıdır. Təbii ki, Rusiya böyük əraziyə malik olduğu üçün onların nazirinin qısa müddətdə minlərlə kilometri qət etməsi mümkünsüz idi. Kəmaləddin Heydərov isə özünü “vosmoy kilometr”ə tezliklə çatdıra bilmişdi və onun belə tələsik gəlməsi geyimindən də bəlli idi.Ümumiyyətlə, son zamanlar məmurların hansısa hadisə yerinə qeyri-rəsmi geyimdə gəlməsi bir növ dəb halını alıb – yəni ki, “işləyirik”, “eşidən kimi durub qaçdıq” və sair kimi iş görüntüsü yaradılır… Əlbəttə ki, bunlar bəlkə də fikir verilməyəsi xırda detallardır, ancaq real işin həddindən artıq zəif və qeyri-peşəkar səviyyədə aparılması bu görüntüləri izləyənlərdə təbii qıcıq hissi yaradır. Həmçinin, jurnalist vəsiqəsi daşıyan birinin hörmətli nazirə heç bur aidiyyatı olmayan kompensasiya ilə bağlı sualına K.Heydərovun cavabını da birmənalı qarşılamaq çətindir. Nazir deyir: “Bunlara (sahibkarlara-red.) dövlət tərəfindən kompensasiya verilməsi qanunla düzgün şey deyil…”