Külə dönən milyonlar, sahibsiz sahibkarlar, Bakıdakı bir günlük dəhşət - “Diqlas”dan VİDA REPORTAJI
26-03-2019, 18:11
Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Nizami rayonunda, 8-ci kilometr qəsəbəsində yerləşən "Diqlas” Ticarət Mərkəzində yanğın olub. Səhər saat 7:30 radələrində başlayan dəhşətli yanğın nəticəsində ticarət mərkəzi tamamilə külə dönüb, yüzlərlə dükan yanıb, sahibkarlara 300 milyon manatdan çox ziyan dəyib.
Yanğın başlayandan bir müddət sonra hadisə yerinə ezam edilən Bakupost.az-ın əməkdaşının verdiyi məlumata görə, yüksək rütbəli məmurlar da yanğından az sonra orada olublar. Bu şəxslər arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər nazirinin müavini Oruc Zalov, çevik polis alayının komandiri Səhlab Bağırov və başqaları olub.
Hadisə yerində mətbuat nümayəndələrinə açıqlama verən FHN-nin mətbuat xidmətinin rəhbəri Yəyha Babanlı deyib ki, yanğın nəticəsində nazirliyin iki yanğınsöndürəni zəhərlənib. Nazirlik yanğının qarşısını almaq üçün 3 helikopter, onlarla yanğınsöndürən maşın cəlb edib.
Alovlar yüksəlməyə başlayan andan etibarən yaxınlıqdakı binada olan sakinlər və işçilər dərhal təxliyə edilib.
Yanğın başlayandan sonra yayılan məlumatlarda bildirilirdi ki, faciəyə yaxınlıqdakı dönərxanada qaz balonunun partlaması səbəb olub. Lakin günün sonunda Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov bəyan elədi ki, yanğın yaxınlıqdakı gü dükanında başlayıb.
Yanğın nəticəsində "Diqlas”ın ətrafında açıq havada olan bir neçə xırda ticarət obyektləri də külə dönüb.
Ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlardan bəziləri isə müxbirimizlə söhbətində nazirliyin yanğına müdaxiləsindən şikayətlənib: "Neçə saatdı yanğın söndürülmür. Belə şey olar?! Camaat hamısı nə günə qalıb, hamı kredit götürüb. Bacım böyrəyini qoyub burada. Camaat burada 100 minlər qoyub. Saatlardı bura yanır, niyə söndürülmür?! Ayda iki min manat pul verirəm, heç bir sığorta-filan da yoxdu. Hökümət hara baxır?! Yazıqdır bu camaat”.
Sahibkarlardan digəri deyib ki, içəridə 2 milyon manata yaxın malı yanıb: "Nə var, hamısı yandı. Azı iki milyon manatlıq malımız yanıb. Mallar sığırortalanmamışdı. Burada sığorta nə gəzir?! Heç kimin malı sığortalanmayıb”.
Başqa bir sahibkar da həmkarının sözünü təsdiqləyib: "Heç nə xilas edə bilməmişik. Heç içəri buraxmayıblar. Təxminən milyon yarımlıq malım yandı. Burada heç kimdə sığorta yoxdur. "Diqlas”da sığorta yoxdur. Yanğınsöndürənlər gec gəldilər, vaxtında gəlsəydilər, indi sönmüşdü. Birinci gələndə heç suları yox idi, ona kimi də hər yer alışdı”.
Günün sonunda məlum oldu ki, ticarət mərkəzində başlayan yanğın nəticəsində təxminən 2 hektardan artıq ərazi yanıb. Hələ ki, sahibkarlara dəyən zərərin miqyası və ya onlara hər hansı kompensasiya verilib-verilməyəcəyi barədə rəsmi şəxslərdən bir açıqlama yoxdur.
Sahibkarlar isə ümidlə gözləyirlər ki, dövlət və ya ticarət mərkəzinin sahibi onlara dəyən zərərlə bağlı addım atsın.
Ticarət mərkəzinin isə dəhşətli yanğından sonra tamamilə söküləcəyini söyləmək uzaqgörənlik olmaz. Çünki əzəmətli binanın yerində qalan sadəcə dəmir konstruksiyalar və bir anda əriyən milyonların külləri qaldı.