Sizin Reklam Burada
Tel: 050 378-66-61

Nazirlik yeni təhsil forması gətirir: Bəs keyfiyyət?

18-03-2019, 19:25   


Nazirlik yeni təhsil forması gətirir: Bəs keyfiyyət?

Azərbaycanda stasionar təhsilin təşkil olunacağı ilə bağlı xəbərlər yayılıb.

Qeyd edək ki, “Ümumi təhsil haqqında” qanun layihəsinin 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər.Bəs, həmin təhsil növlərinin xarakteri nədən ibarətdir?

Təhsil eksperti Elşən Qafarov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, stasionar təhsil xüsusi təhsilin bir növüdür: 

“Bütün stasionar tibb məntəqələrinin xidməti ərazisində olan ümumtəhsil məktəblərindən biri stasionar təhsili həyata keçirir. Əgər şagird xəstələnib və stasionar tibb müəssisəsinə daxil olubsa və həkim müəyyən edibsə ki, onun müalicəsi 21 gündən artıq davam edəcək, bu zaman həmin ərazi üzrə rayon təhsil şöbəsinə müraciət edilir. Əgər həmin uşağın oxuduğu məktəb tibb məntəqəsinə yaxındırsa, onda stasionar təhsili həmin məktəb təşkil edir, yaxın deyilsə, əvvəlcədən təyin olunmuş orta ümumtəhsil məktəb palata şəraitində şagirdə dərslər keçir.Bu rayon təhsil şöbələri ilə səhiyyə şöbələrinin kombinə olunmuş işidir”. 

Ekspert bildirir ki, qanunda bu müddəalar olduğu halda hələ ki, stasionar təhsil tətbiq olunmur: 

“Ümumtəhsillə bağlı böyük işlər var ki, qanunvericilik yol verir, amma həyata keçirilmir. Qanunvericilikdə formal xarakter daşıyan bir çox məsələlərdən biri də stasionar təhsildir”.

Elşən Qafarov deyir ki, xüsusi təhsilin formalarından biri də evdə təhsildir: 

“Bu da 2002-ci ildə qəbul olunmuş evdə təhsilin təşkili ilə bağlı müddəalarda nəzərdə tutulur. Eyni zamanda Nazirlər Kabinetinin evdə təhsilin müəyyən edilməsi üçün nəzərdə tutulan xəstəliklər barədə qərarı var. Son 3-4 il ərzində Bakıda və digər böyük şəhərlərdə bu istiqamətdə çox ciddi addımlar atıldı. Bu addımlara görə, evdə təhsilin təşkili xüsusi təhsil müəssisələrinə verildi.Amma bu fayda vermədi.Evdə təhsilin mahiyyəti budur ki, sağlamlıq vəziyyətinə görə, ümumtəhsil məktəblərinə gedib təhsil ala bilməyənlər üçün ərazidə olan məktəblər tərəfindən xüsusi və ya ümumi təhsil proqramı əsasında təhsil həyata keçirilir.Amma son zamanlar qəbul edilir ki, evdə təhsilin həmin ərazidə olan ümumtəhsil məktəbi tərəfindən həyata keçirilməlidir”.

Təhsil ekspertinin sözlərinə görə, fərdi təhsil 2014-cü ildən tətbiq olunur: 

“Bu uzun müddət təhsildən kənarda qalan şəxslər, o cümlədən də istedadlı şəxslər üçün tətbiq edilir. Bu 8-25 yaş arası şəxslər üçün nəzərdə tutulur.Əgər vətəndaşın 8 yaşı tamam olur və hansısa səbəbdən məktəbə getmirsə, rayon təhsil şöbəsinə müraciət edir və onun yaşadığı əraziyə ən yaxın olan məktəbdə fərdi təhsil təşkil olunur.Fərdi təhsil həftədə 4 gün 8 saat olmaq şərtilə həyata keçirilir.Əgər həmin şəxs 8-15 yaş həddindədirsə onda o, ibtidai təhsilə, 15-25 yaş həddindədirsə, V sinifə qəbul olunur və 9-cu sinifə qədər təhsil alır.Amma onlara imkan verilir ki, 8-ci sinifi bitirdikdən sonra könüllü şəkildə imtahan verib attestat alsınlar.Bütün bunlar icbari təhsilin təmin olunması məqsədilə edilir.Çünki Konstitusiyanın 42-ci maddəsində də göstərilir ki, ümumtəhsil icbari xarakter daşıyır.Yəni qanunla Azərbaycan Respublikasının bütün təhsilə cəlb oluna bilən bütün vətəndaşları orta təhsil səviyyəsində təhsil almalıdırlar”.

Elşən Qafarov deyir ki, son 3 ildə fərdi təhsil tətbiq olunur: 

“Amma burada da müəyyən problemlər var. Qanaət etmək məqsədilə bir neçə şəxsi bir qrupda birləşdirirlər ki, bu da qanunaziddir”.

Xatirə Nəsirova
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar