
Türkiyədə Fətullah Gülənin fəxri sədri olduğu Jurnalistlər və Yazarlar Dərnəyi tərəfindən təşkil olunan ənənəvi illik Abant Platforması toplantısında fətullahçıların Azərbaycandakı məktəblərinin bağlanması da müzakirə olunub.
Virtualaz.org saytı Türkiyə mənbələrinə istinadən xəbər verir ki, dərnəyin rəhbəri, Fətullah Gülənin Türkiyədəki ən yaxın adamlarından hesab olunan MustafaYeşil bu məktəblərin bağlanmasında “sevinməli heç nə olmadığını” bildirib.
“Azərbaycanda baş verənləri yaxından izləyirəm. Ölkə içərisində və xaricində təhsilin lobbi baxımından nə qədər önəmli olduğunu bilirik. Türkiyədə heç kim məktəblərin bağlanmasına görə özünü xoşbəxt hiss etməməlidir. Bundan sevinənlər əvvəlcə harada dayandığına baxsın. İnsanların təhsil aldıqları yerin bağlanmasına sevinmək bir insanın dayandığı yer, baxış bucağındakı problemlər barədə fikir yürütməyə əsas verir. Ölkəmizə heç bir ləkə gətirmədən xidmət edən fədakar insanların bu cür aqibətlə üzləşməsindən sevinməyə əsas görmürəm” - deyə M.Yeşil vurğulayıb.