
şəhərin mərkəzindəki “Dalida” restoranı üçün yay zalı tikdirir
Azərbaycanlı iş adamı, “Milyarderlər İttifaqı”nın üzvü İsgəndər Xəlilov Bakıdakı biznes imperiyasını genişləndirir.
“Yeni Müsavat”ın məlumatına görə, iş adamı Bakıdakı obyektləri sırasına daha bir restoran əlavə edib. Artıq bu məqsədlə “Nərgiz” ticarət mərkəzi ilə üz-üzə yerləşən binanın bir hissəsi alınıb. Ərazidə olarkən öyrəndik ki, bir neçə həftədir yeni restoranın tikintisi davam edir. Binanın üst mərtəbəsində açıq zal tikilib. Eyni zamanda “Nərgiz” TM-dəki “Dalida”dan yeni restorana şüşədən piyada keçidi düzəldiləcək. İş icraçılarından öyrəndik ki, İsgəndər Xəlilov özü tez-tez əraziyə gələrək göstərişlər verir.
Onların sözlərinə görə, “Dalida”nın yay zalı kimi fəaliyyət göstərəcək bu məkan iyulun ortalarına kimi fəaliyyətə başlayacaq.
İsgəndər Xəlilov 1955-ci ildə Bakıda anadan olub. Bakıda Xalq Təsərrüfatı İnstitutunu, Moskvada isə Hüquq Akademiyasını bitirib. Media onun biznesə 1980-ci illərin ortalarında Rusiyada restoran biznesi ilə başladığını yazır. Xəlilovun əsas biznes uğurları isə sovetlər sisteminin çökməsi ilə eyni vaxta düşür.
Rusiyanın aparıcı neft şirkətlərindən olan “LUKoil”un prezidenti Vahid Ələkbərovla dostluq edən İ. Xəlilov şirkətin indiki ilə müqayisədə fantastik dərəcədə ucuz olan səhmlərinin bir hissəsini alır. Bu səhmlər onun milyardlar qazanmasına yol açır.
İsgəndər Xəlilov özü Azərbaycana 1994-cü ildə Heydər Əliyevin xaricdəki azərbaycanlı iş adamlarına çağırışından sonra investisiya yatırdığını bildirir. Azərbaycan mediası isə Xəlilovun vətəninə 1993-cü ildə Əbülfəz Elçibəyin prezidentliyi dönəmində gəldiyini tez-tez yada salır. O zaman İ.Xəlilov “LUKoil-Azerbaijan”a rəhbər təyin olunmuşdu. Şirkətin Azneft-Bayıl yolundakı ilk benzindoldurma məntəqəsi, sadə dillə desək, “qatqısız benzin” satdığına görə çox məşhurlaşmışdı.
İsgəndər Xəlilov indi “LUKoil”un beynəlxalq münasibətlər üzrə vitse-prezidentidir. 1995-ci ildə isə Xəlilov bu gün dünyanın 30 ölkəsi ilə ticarət əlaqələri quran məşhur "ISR-Holdinq"ini yaradır. "ISR Holdinq" kimyəvi məhsulların daşınması üçün nəzərdə tutulan 10 iri tonnajlı gəmisi ilə Azərbaycanda, İranda, Orta Asiyada, Misirdə bir sıra neft layihələrinin iştirakçısıdır.
Holdinqin şirkətləri neft məhsullarının daşınması ilə yanaşı həm də neft-qaz yataqlarının kəşfiyyatı, qazılması, istismarını da həyata keçirir. "ISR Holdinq"in məşğul olduğu bank işi, turizm, kimya sənayesi, kənd təsərrüfatı və başqa sahələrdə ümumilikdə 35 minə qədər işçi çalışır.
2006-ci ildə İsgəndər Xəlilov daha iki azərbaycanlı milyarder - Araz Ağalarov və Telman İsmayılovla bərabər Azərbaycanın ali mükafatlarından olan “Tərəqqi” medalı ilə təltif olunub. Bu medal Azərbaycan Respublikasının inkişafında müstəsna xidmətlər göstərən şəxslərə verilir.
