
Gürcüstan parlamentinin Vahid Milli Hərəkatdan (keçmiş hakim partiya) olan iki deputatının iyunun 19-da axşam Bakı aeroportunda saxlanılması ətrafındakı qalmaqal böyüyüb.
Virtualaz.org saytı xəbər verir ki, Saakaşvilinin partiyasından olan deputatlar İrma Nadiraşvili və Zurab Caparidze Azərbaycandan Gürcüstana 1 milyon dollar nağd pul və elektroşok cihazları keçirməyə cəhd etdiklərinə dair deyilənləri təkzib edib.
Deputatların Bakı aeroportunda deklarasiyada göstərilməyən böyük məbləğdə pula görə 4 saat saxlanıldığını Gürcüstanın Bakıdakı səfiri Teymuraz Şarşenidze “İmedi” telekanalına bildirib.
Azərbaycanın Tiflisdəki səfiri insidentin araşdırılması üçün iyunun 20-də Gürcüstan XİN-ə dəvət olunub. Gürcüstan KİV-ləri deputatların Bakıdan Tiflisə uçmaq istərkən üzərlərində olan elektroşok cihazlarına və 1 milyon dollara görə saxlanıldığını xəbər verib.
Lakin Tiflisə qayıdandan sonra deputatlar bildiriblər ki, bu informasiyalar uydurmadır və Gürcüstan hakimiyyəti onları gözdən salmaq üçün guya Bakı aeroportunda 1 milyon dollar və elektroşokla saxlanıldıqlarına dair informasiyalar yayıb. Deputatlar səfir Şarşenidzenin KİV-lərə tamamilə yalan məlumat verdiyini bildiriblər.
İ.Nadiraşvili deyib ki, onlar Tiflis aeroportundan səfirə zəng ediblər, lakin Şarşenidzenin telefonu cavab verməyib
İ.Nadiraşvilinin bildirdiyinə görə, Bakı aeroportunda gömrük əməkdaşlarından biri Z.Caparidzeni əlavə yoxlamadan keçirmək istəyib. Onları başdan-ayağa yoxladıqdan sonra heç nə aşkar etməyiblər. Ancaq gürcü deputatlar təyyarəyə gecikib.
“Hakimiyyət bizim arxamızca xüsusi xidmət əməkdaşlarını salmışdı, onlar bizi izləyir və fotolarımızı çəkirdi. Aeroportdakı yoxlamaya görə biz reysə gecikdik, təzə bilet alıb şəhərə gəzməyə getdik. Sonra xəbər tutduq ki, guya bizi saxlayıblar. Siz necə fikirləşirsiniz, əgər bizdə elektroşoklar olsaydı, həbs olunmazdıq?! Əgər biz 1 milyon dollar daşısaydıq, bizi buraxardılarmı?!” - deyə deputat bildirib.
Nadiraşvilinin bildirdiyinə görə, onları məhz Gürcüstanın Bakıdakı səfirinin müdaxiləsindən sonra yoxlayıblar. Gürcüstana qayıdanda isə gürcü gömrükçüləri onları saxlayıb və əlavə şou düzəldiblər.
Lakin Gürcüstanın energetika naziri, baş nazirin müavini Kaxa Kaladze deyib ki, onların məlumatına görə, müxalifətçi deputatlar həqiqətən Bakıdan 1 milyon dollar “qara pul” gətirməyə cəhd ediblər.
“Bu pulların maraqlı mənşəyi var. O da maraqlıdır ki, əgər deputatların dediyi kimi, onların üzərində heç nə yox idisə, gömrükçülər tərəfindən aeroportda 4 saat niyə saxlanılırdılar? Bununla bağlı çoxlu suallar var” - deyə keçmiş futbolçu K.Kaladze bidirib.
K.Kaladzenin dediyinə görə, deputatlar Bakı aeroportundan şəhərə geri qayıdıblar və pulları kimdən almışdılarsa, ona da geri qaytarıblar. Daha sonra başqa reyslə Gürcüstana uçublar.
Fransanın Berjerak şəhəri merinin məsləhətçisi Nuqzar Sulaşvili isə öz facebook səhifəsində yazıb ki, onun Bakıda nə baş verdiyinə dair dəqiq məlumatı var. Lakin Sulaşvili məlumatı ona verən adamın adını açıqlaya bilməyəcəyini, açıqlayarsa həmin adamın işdən çıxarılacağını yazıb.
“Məndə birinci mənbədən 100 faiz dəqiq məlumat var. Gürcüstanın xarici işlər nazirinin müavinlərindən biri nazir Maya Pancikidzenin göstərişi ilə Bakıya, Gürcüstan səfirliyinə zəng edib və məlumat verib ki, DİN-dən daxil olmuş əməliyyat məlumatına əsasən Milli Hərəkatdan olan deputatlar Azərbaycandan Gürcüstana iri məbləğdə pul gətirmək istəyirlər. Səfirə tapşırılıq verilib ki, onların Bakı aeroportunda saxlanılması üçün təcili tədbirlər görsün.
Səfir isə Azərbaycanın müvafiq orqanları ilə əlaqə yaradıb və bildirib ki, onların yoxlanılmış informasiyasına görə, diplomatik pasporta malik olan iki Gürcüstan vətəndaşı gömrükdən gizli iri məbləğdə pul və ola bilsin silah keçirmək istəyirlər. Səfir deyib ki, onların saxlanılması Gürcüstanla diplomatik qalmaqala səbəb olmayacaq və əksinə, onlar şad olacaqlar, qaçaqmalçıların saxlanılmasına kömək edəcəklər.
Aeroportda deputatlar Caparidze və Nadiraşvilini doğrudan da saxlayıblar. Lakin onların üzərində qanunsuz heç nə tapmayanda xarici işlər naziri Elmar Məmmədyarova və Azərbaycan DİN-in rəhbərliyinə məlumaat veriblər. Bundan sonra Azərbaycan xarici işlər naziri Gürcüstan səfirinə zəng edərək ona narazılığını bildirib. Bir neçə saat sonra Pancikidze özü səfirə zəng edib və onu hədələyib ki, nə edirsən et, bu işi düzəlt, yoxsa işdən çıxarılacaqsan. Səfir də ona narazılıq bildirib, deyib ki, axı siz bu işə məni məcbur etdiniz, indi isə irad bildirirsiniz” - deyə Nuqzar Sulaşvili yazıb.
Gürcüstanın hakim “Gürcü arzusu” koalisiyası isə iki müxalifətçi deputatın Bakıda nə axtardıqlarını sual edir.
“Bizim bu sualı verməyə legitim haqqımız var ki, Marneuli və Qardabanidəki seçkilərlə bağlı məsələləri onlar Bakıda niyə müzakirə edirdilər? Baxmayaraq ki, Azərbaycan bizim strateji tərəfdaşımız və müttəfiqimizdir. Biz Gürcüstanda yaşayan azərbaycanlıların seçiminə hörmət edirik. Ona görə də yol verə bilmərik ki, hansısa siyasi qüvvə Gürcüstan-Azərbaycan münasibətlərinə kölgə salsın” - deyə hakim koalisiyanın bəyanatında bildirilir.
Xatırladaq ki, Marneulidəki bələdiyyə seçkilərində gürcülərlə azərbaycanlılar arasında qarşıdurma yaranmışdı. Azərbaycanlılar Vahid Milli Hərəkatın namizədini dəstəkləmiş və hakim koalisiya bu ərazidən milliyyətcə gürcü olan namizədini geri çəkmişdi.