Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Gürcüstanda seçkilər necə keçdi? Beynəlxalq müşahidəçilərin rəyi

30-10-2018, 09:26   
 

Gürcüstanda prezident seçkisinin birinci raundunda Fransada doğulmuş keçmiş xarici işlər naziri Salome Zurabishvili qalib gəlib, amma ikinci raundun keçirilməməsi üçün yetərincə səs toplaya bilməyib.

Mərkəzi Seçki Komissiyasının oktyabrın 29-da bildirməsinə görə, səsvermə məntəqələrinin 96 faizindən gələn bülletenlər sayılıb. Zurabishvili səslərin 38,6, Grigol Vashadze isə 37,7 faizini toplayıb.

Namizədliyi müxalifətin Avropa Gürcüstanı Partiyası tərəfindən verilmiş keçmiş parlament spikeri Davit Bakradze isə 10,9 faiz səslə üçüncü yeri tutub.

Parlamentin spikeri Irakli Kobakhidze mətbuat konfransında bildirib ki, namizədlərin heç biri səslərin 50 faizini yığa bilməyib deyə, ikinci tur keçirilməlidir.

Gürcüstan rəsmiləri ikinci turun dekabrın 1-dək keçiriləcəyini deyib. Birinci raundun yekun nəticələri 20 gün ərzində dərc olunacaq, ikinci tur ondan sonra iki həftə ərzində keçiriləcək.

Beynəlxalq müşahidəçilər seçkinin rəqabətlə keçdiyini, amma “qeyri-bərabər imkanlar” və özəl medianın qərəzli davranışı hallarının da qeydə alındığını bildirir.

ATƏT-in seçkiləri müşahidə bölümü olan DTİHB təmsilçilərinin də daxil olduğu müşahidəmissiyası bu gün bildirib ki, seçicilərə real seçim verilib və namizədlər azad şəkildə kampaniya apara biliblər.

Amma müşahidəçilər “dövlət resurslarından sui-istifadə hallarının” olduğunu vurğulayıb, bildirib ki, “hakim partiyadan aparıcı dövlət rəsmilərinin seçki kampaniyasında iştirakı heç də həmişə qanun çərçivəsində gerçəkləşməyib”.

“Kampaniya zamanı bəlli olub ki, bir sıra namizədlər qeydiyyatdan ona görə keçib ki, dövlət vəsaiti və pulsuz efir vaxtından istifadə edərək digər namizədləri dəstəkləsinlər. Bu da həmin namizədlərə ədalətsiz şəkildə imtiyaz yaratmaqdır”, – bəyanatda deyilir (azadliq.org).

Bu, Gürcüstanda 1991-ci ildən bəri keçirilən yeddinci seçkidir. Bundan sonra prezident birbaşa seçilməyəcək.

Ötən il konstitusiya dəyişdirilib və gələcəkdə prezidentləri 300 üzvdən ibarət Seçicilər Kolleci seçəcək. Bu quruma parlamentarilər, yerli və regional siyasi təmsilçilər daxildir.

Zurabishvili-ni hakim Gürcü Arzusu partiyası dəstəkləyir. Vashadze-nin namizədliyi isə müxalifətdə olan Vahid Millətçi Hərəkat irəli sürüb. Bu hərəkata əvvəllər keçmiş prezident Mikheil Saakashvili rəhbərlik edirdi, hazırda mühacirətdə yaşayır.

Üçüncü yeri tutmuş Bakradze məğlubiyyətini qəbul edib, partiyasının ikinci turda Vashadze-ni dəstəkləyəcəyini bildirib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar