
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşı oğlunu öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü Tahir Atamalı oğlu Əliyevin məhkəmə prosesi başlayıb. Proses hakim Azər Orucovun sədrliyi ilə keçirilir.
Virtualaz.org saytının məhkəmə prosesini izləyən müxbirinin verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilən şəxs 2013-cü il, mart ayının 16-da Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 24-də onunla eyni həyətdə yaşayan qardaşı oğlu İlham Ramiz oğlu Əliyevi bıçaqlayıb. Əsəblərini cilovlaya bilməyən T.Əliyev daha sonra İlhamın həyat yoldaş Kəklik Əliyevaya da bıçaqla zərbə endirib.
Çoxlu qan itirən İ.Əliyev xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı aldığı xəsarətlərdən xəstəxanadaca dünyasını dəyişib. Üz nahiyəsindən və sinəsindən bıçaq xəsarətləri alan K.Əliyevaya isə tibbi yardım göstərilib.
Onu da qeyd edək ki, sözügedən qanlı olay mərhum İ.Əliyevin 11 yaşlı oğlu Heybətin gözləri qarşısında baş verib.
Hadisədən sonra T.Əliyev könüllü olaraq polisə gedərək törətdiyi əməli etiraf edib.
Təqsirləndirilən şəxs qismində məhkəmədə dindirilən T.Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib.
O, ifadəsində qardaşı oğlunu öldürmək niyyətində olmadığını göstərib: “Qardaşım oğlugillə “Sovetski”də eyni həyətdə yaşayırıq. Aramızda əvvəllər bir neçə dəfə narazılıq olmuşdu. Neçə ay idi ki, küsülü idik. Hadisə baş verən gün evə yenicə gəlmişdim. Əl-üzümü yumaq istəyirdim. Su gəlmədiyini görüb motoru işə saldım. Amma yenə su gəlmədi. Qapını açıb həyətə sarı “söndürün bu motoru, bizə də su gəlsin” dedim. Heç kimdən səs gəlmədi.
Elə bu vaxt qardaşım oğlunun arvadı Kəklik həyətə çıxıb dedi ki, motoru biz işlətmirik. Plastik su borusunu birdəfəlik kəsmək üçün əlimə bıçaq götürüb həyətə düşdüm. İlham məni görən kimi “sən həyətdə çox söyüş söyürsən, ağzına gələni danışırsan” dedi. Ona “çıx get başımdan” dedim və pis söyüş söydüm”.
Hakimin “bəs qardaşın oğlunu necə öldürdün”sualına T.Əliyev hönkürərək göz yaşları içində cavab verdi: “Üç ay olardı ki, İlhamla danışmırdım. Özüm astma xəstəsiyəm. Həmin vaxt İlham üstümə tullandı, yapışdı məndən, ikimiz də yerə yıxıldıq. Əlimdəki bıçaq ona necə batıbsa, heç xəbərim də olmayıb. Bir də gördüm arxadan bir nəfər “kişini öldürdün” deyib kurtkamdan yapışıb dartır. Geri çevriləndə gördüm ki, İlhamın arvadı Kəklikdir. Ona “hamısı sənin zibillərindir” deyib bıçağı çəkdim. Küçəyə çıxdım. Hara gedəcəyimi heç özüm də bilmirdim. Novruz bayramına üç gün qalmışdı. Qohumlardan kimsə arxamca “əziz günümüzü niyə qara elədin” deyə qışqırırdı. Heç kimə cavab verə bilmirdim.
Maşına oturub birbaş polisə getdim. Hər şeyi olduğu kimi danışdım. Hadisə belə olub. Nə varsa, onu deyirəm. Bu günahın sahibi mənəm. İlhamın 11 yaşlı uşağı yetim qalıb. Bir Allah bilir, bir də mən bilirəm. İlham mənim qucağımda böyüyüb. Mən nə qədər qəddar adam olsam da bunu eləməzdim. İlhamı öldürmək niyyətim olmayıb, heç vaxt bunu istəməmişəm”.
Təqsirləndirilən şəxs hadisə ilə bağlı daha sonra bunları dedi: “Həmin gün 200 qram içki içmişdim. İlham özü də içkili idi. Amma hadisə sərxoş olduğuma görə baş verməyib. Düzdür, bir az nağıla oxşayır. Məni canavar kimi göstəriblər. Dəfələrlə İlhamın arvadı Kəklik mənim qızımı döymüşdü, saçlarını yolmuşdu. İstəyirdi ki, onu vurum, məni tutdursun. Ona demişdim ki, axır bir gün sən mənim əlimdə öləcəksən. Amma hadisə günü Kəkliyi öldürmək imkanım olsa da onu öldürməmişəm”.
Zərərçəkmişin hüquqi varisi (yəni mərhum İ.Əliyevin birinci nikahdan olan oğlu, mərhum atasının adını oğluna qoyubmuş-müəl.) Ramiz Əliyev ifadəsində atasının əmisi ilə münasibətlərinin son vaxtlar gərgin olduğunu göstərdi: “Həyətimiz ümumi həyətdir. Orada bizdən başqa dörd ailə də yaşayır. Atamın əmisi Tahirgil ikinci mərtəbədə yaşayırdı. Tahir əvvəllər iki dəfə ailəli olub, həyat yoldaşlarının ikisi də vəfat edib. Atamla Tahirin münasibətləri qabaqlar yaxşı olsa da sonradan korlanmışdı. Bir-birləri ilə danışmırdılar, küsülü idilər.
Atam sürücü işləyirdi. Hərdən evdə olanda spirtli içki içirdi. Amma heç vaxt heç kimlə münaqişə yaratmırdı.
Martın 16-da mən mağazada idi. Atamın ikinci həyat yoldaşı, yəni analığım Kəklik zəng vurub Tahirin atamı yaraladığını, hazırda “Semaşko”da olduqlarını dedi. Dərhal həmin xəstəxanaya getdim. Xəstəxanada Kəkliyin sifətində kəsilmiş yara vardı. O, Tahirin onu da bıçaqla vurduğunu dedi. Elə güman edirdim ki, atam da yaralıdır. Amma biz xəstəxanada olarkən həkimlər atamın dünyasını dəyişdiyini bildirdilər...”
Məhkəmə prosesi iyunun 25-də davam edəcək.