Nemət Əliyev
Verilən əmək haqları əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq gücünü itirib. Bu ilin əvvəlindən ötən ikicə ay ərzində orta aylıq əmək haqqı neft sektorunda 201,4 manat, qeyri-neft sektorunda isə 12,2 manat azalıb.
Aylıq əmək haqqının nisbətən yüksək olduğu sahələrdə azalma özünü daha kəskin göstərib. 33,3 min nəfər muzdlu işçinin çalışdığı mədənçıxarma sənayesində orta aylıq əmək haqqı 224 manat və ya 7,3% azalaraq 3069 manatdan 2845 manata düşüb. Yaxud da, 51,3 min nəfər işçinin çalışdığı peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq əmək haqqı 1032 manatdan 863 manata qədər enib. Burada azalma 169 manat və ya 16%-dir. Orta aylıq əmək haqqı göstəricisi “informasiya və rabitə”də 89,8 manat (10%), “maliyyə və sığorta”da 69,4 manat (5%), “tikinti”də 32,1 manat (4%), “su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri”ndə 31,9 manat (10%), emal sənayesində 17,3 manat (3%) azalıb. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində çalışan 48 min nəfərdən çox muzdlu işçinin orta aylıq əmək haqqı 264,6 manatdan 244,9 manata düşüb. Buradakı azalma 19,7 manat və ya 7,5%-dir. Əhaliyə səhiyyə və sosial xidmət göstərən sahələrdə çalışan 131 min nəfər işçinin orta aylıq əmək haqqı səviyyəsi isə enərək 220,3 manata düşüb. “Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı”, “istirahət, əyləncə və incəsənət” sahələrində, habelə iqtisadi təsnifatın “digər xidmətlər” bölməsi üzrə də orta aylıq əmək haqqı səviyyəsi enib.
Orta aylıq əmək haqqı göstəricilərinin azaldığı sahələrdə üst-üstə 642 min nəfər işçi çalışır ki, bu da ölkə üzrə muzdlu işçilərin ümumi sayının 43 faizi qədərdir. Bu sahələrdə çalışanların bir aylıq əmək haqqı fondu iki ayda 441 milyon manatdan 405 milyon manata düşüb. Aylıq əmək haqqı fondu üzrə azalma 36 milyon manat və ya 8%-dir.
Yerdə qalan digər fəaliyyət sahələrində çalışan 874 min nəfərin aylıq əmək haqqı fondu 361,8 milyon manatdan 368,6 milyon manata qalxıb. Burada əmək haqqı fondunun artan məbləği cəmi 6,8 milyon manatdır. Odur ki, bu sahələr üzrə orta aylıq əmək haqqı göstəricisi vur-tut 1,8% artıb.
Deməli, 57% muzdlu işçinin aylıq əmək haqqı fondunun 6,8 milyon manat artması 43% muzdlu işçinin aylıq əmək haqqı fondunun 36 milyon manat azalması ilə müşayiət olunub və bu hesaba da ölkə üzrə orta aylıq əmək haqqı səviyyəsi aşağı düşüb.
Dövlət sektorunda orta aylıq əmək haqqı göstəricisi iqtisadi təsnifatın 4 bölməsi üzrə (“təhsil”, “dövlət idarəetməsi və müdafiə, sosial təminat”, “nəqliyyat və anbar təsərrüfatı”, “istirahət, əyləncə, incəsənət”) müəyyən qədər artsa da, 15 bölmə üzrə azalmışdır. Odur ki, ümumi hesabda orta əmək haqqı səviyyəsi dövlət sektoru üzrə 1%-ə yaxın enib. Qeyri-dövlət sektoru üzrə azalma isə 5%-dən çox olub.
Lakin işçilərə dəyən zərbə bununla bitməyib. Bu iki ayda muzdlu işçilərin sıra sayından 5 min nəfərə qədər insan öz daimi iş yerini itirməli olub (onların hesabına işsizlər ordusunun sıraları daha da böyüyüb).
Muzdlu işçilərin orta aylıq əmək haqlarının bu dərəcədə azalması, heç şübhəsiz ki, onların çalışdığı müəssisə və təşkilatların fəaliyyətində yaranmış ağır iqtisadi və maliyyə vəziyyəti ilə birbaşa əlaqəlidir (biznes, maliyyə fəaliyyəti qaydasında olan təşkilat əmək haqlarını artırar, azaltmaz). Rəsmi dairələr etiraf etməsələr də, istehsal və xidmət sektorlarında ciddi tənəzzül prosesinin yaşanmasını gizlətmək mümkün deyil. Daha pis olanı budur ki, bu proses bu gün də davam etməkdədir. Bu baxımdan ölkə üzrə əsas kapitala yatırımların bu ilin I rübündə müqayisəli qiymətlərlə 15 faizdən çox azalması təsadüfi deyil (DSK-nın məlumatı). Ölkədəki əlverişsiz iqtisadi, ictimai, siyasi, psixoloji mühit bu gün də inkişaf yolunda ən ciddi problem olaraq qalmaqdadır. Bilmək lazımdır ki, belə bir şərait həm real, həm də potensial investorlar üçün cəlbedici sayıla bilməz. Odur ki, sözdən əmələ keçməli və bütün sahələrdə köklü islahatlara başlanılmalıdır.