Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukio Amano Azərbaycana səfəri çərçivəsində aprelin 19-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində (MOM) olub. Görüşdə Azərbaycanın Avstriyadakı Fövqaladə və Səlahiyyətli səfiri Qalib İsrafilov, BAEA-nın, həmçinin ölkəmizin Fövqaladə Hallar Nazirliyinin məsul şəxsləri iştirak ediblər.Qonaqları salamlayan Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyev cənab Y.Amanoya MOM-u ziyarətinə və elmi-texniki əməkdaşlıq sahəsində intensiv əməkdaşlığı dəstəklədiyinə görə öz dərin təşəkkürünü bildirib. Akademik C.Əliyev Milli Onkologiya Mərkəzində reallaşdıran əməliyyatlardan, elmi-tədqiqat işlərin xüsusiyyətlərindən söz açıb, burada baş vermiş qlobal dəyişikliklərdən, mütəxəssislərin peşəkar səviyyəsindən, ultramüasir avadanlıqların iş prinsiplərindən danışıb. Bu gün Milli Onkologiya Mərkəzinin möhtəşəm bir layihə kimi yüksək səviyyəyə gəlib çatmasında , səmərəli fəaliyyətində danılmaz xidmətləri olan dövlətimizin başçısı, möhtərəm İlham Əliyevin daimi qayğısı və diqqətini xüsusi vurğulayıb. Çıxışının sonunda akademik C.Əliyev daimi dəstəyə və əməkdaşlığa görə cənab Yukio Amanoya, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyinə bir daha öz minnətdarlığını bildirib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukio Amano öz çıxışında səmimi qarşılanma üçün akademik Cəmil Əliyevə təşəkkürünü bildirmiş və Milli Onkologiya Mərkəzinin yüksək səviyyəsinə və müasir elmi-təcrübi göstəricilərinə təbrik edib. Qonaq əhaliyə onkoloji xəstəliklər zamanı yardımın strukturu, nüvə təhlükəsizliyi məsələləri, onkoloji, tibbi və nüvə fizikası sahəsində ixtisaslaşma ilə maraqlanıb . BAEA-nın baş direktoru qeyd edib ki, Milli Onkologiya Mərkəzi kimi yüksək səviyyədə təchiz edilmiş elmi strukturlara hətta Avropa miqyasında da nadir hallarda təsadüf edilir və MOM qonşu dövlətlərin onkoloji xəstələrinə belə yüksək keyfiyyətli yardım göstərmək iqtidarındadır. Cənab Yukio Amano Milli Onkologiya Mərkəzi ilə gələcəkdə də sıx şəkildə əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.
Qonaqlar Mərkəzin Radioterapiya şöbəsinin işi ilə tanış olmuş, Nüvə Təbabəti Mərkəzinə getmiş, PET-KT bölümünün və radioaktiv tibbi məhsullar hazırlayan Tsiklotron reaktorunun işi ilə tanış olublar.
Görüşün sonunda cənab Yukio Amano Milli Onkologiya Mərkəzinin muzeyində olmuş və Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.