
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın ticarət dövriyyəsində dollardan imtina etmək təklifi reallaşmağa doğru gedir. Türkiyə mətbuatı yazır ki, Çin Mərkəzi Bankı artıq bu təklifi qəbul etməyə hazırlaşır. 12 dekabrdan etibarən Türkiyə və Çin arasında gedən ticarət dövriyyəsinin hesablanması milli valyutalarla aparılacaq. Qeyd etdiyimiz kimi, Azərbaycanın da bu təklifə qoşulmaq ehtimalı var. Azərbaycan manatının ABŞ dolları qarşısında kəskin dəyər itirməsi iqtisadi vəziyyəti acınacaqlı hala saldı. Azərbaycan iqtisadiyyatını dolların təzyiqindən xilas etmək üçün Türkiyənin təklifinə qoşulacağı istisna edilmir.
Cebhe.info xəbər verir ki, Türkiyə, Çin, Rusiya və digər bu təklifə qoşulmaq ehtimalı olan ölkələrdə əsas müzakirə mövzusu hansı valyutanın ortaq məxrəc kimi götürlməsi idi. Bir növ dollara alternativ valyutanın yaradılması vacib hesab olunurdu ancaq iqtisadçılar bunun real görünmədiyini vurğulayırlar.
Qeyd edək ki, Çin 12 dekabrdan etibarən Türkiyə ilə ticarət dövriyyəsini yuan və lirə valyutaları ilə aparacaq. Çinin bu qərarından sonra Türkiyənin bu təklifinə qoşulacaq ölkələrin sayının artacağı gözlənilir. Qeyd edək ki, yuan və lirə arasında valyuta fərqi olmayacaq və valyutaların məzənnəsi bazaradkı dəyərinə uyğun inzibati yolla hesablanacaq. Lirə və Yuan arasında dəyər fərqi isə maksimum 5 faiz olacaq.
Azərbaycan tərəfinin də bu təklifə qoşulmasından sonra valyutanın orta məzənnəsi buna uyğun hesablanacaq. Ehtimal olunur ki, Azərbaycanın bu təklifə qoşulması dolların manat üzərindəki təzyiqini müəyyən qədər azaldacaq.
Vilayət Muxtar
Cebhe.info