
Son günlər araşdırmaçı-jurnalistlər Tamilla Qulami və Rüfət Muradlı Ağdaşda əhali ilə görüşərək onların problemlərilə maraqlanıblar. Şəhərin mərkəzində Heydər Əliyev prospektində, 20 yanvar və M. Ə.Rəsulzadə küçələrində aparılan araşdırmalarda məlum olub ki, Ağdaş sakinlərinin su təchizatı olduqca bərbad durumdaymış. Heç demə uzun illər şəhərin mərkəzində məskunlaşan sakinlər kranlarını açarkən su əvəzinə bulanıq, palçıqlı məhlulla qarşılaşaraq yaşamağa məhkum ediliblər. Sakinlərin dediklərinə görə vaxtilə bu binaların su təchizatında hər hansı problem yoxmuş. Amma son dönəmlər binaların suyu birbaşa - su təmizləmə qurğularından keçmədən Türyançaydan evlərə çatdırılır. Maraqlı budur ki, dövlət büdcəsindən təmizləmə qurğularına ayrılan külli miqdarda pul kim tərəfindən mənimsənilir?
Sakinlər krandan daxil olan "suyu" durulmağa qoysalar da, müxtəlif su durulduculardan istifadə etsələr də sonucda çirkli sudan istifadə etməkdən yan keçə bilmirlər. Mövcud durumda sakinlərə ciddi maddi ziyanların dəyməsilə yanaşı (su çənləri çürüyür, si qızdırıcı sistemleri korlanır), onların sağlamlıqları üçün də təhlükələr ortaya cıxıb. M.Ə.Rəsulzadə küçəsindəki N saylı binada sakin olan bir tibb işçisinin dediyinə görə hətta son zamanlar rayon xəstəxanasındakı çoxlu sayda əməliyyatlar məhz çirkli su problemindən ortaya çıxan öd kisəsi cərrahiyyələri olmuşdur.
Acınacaqlı durumla tanış olan jurnalistlər problemi elə rayon çərçivəsində həll etmək üçün səlahiyyətli şəxslə də görüşmək istəyiblər. Məlum olub ki, bu rayonda məsələrlərlə bağlı icra başçısının 1-ci müavini Cavid Osmanov məsuliyyət daşıyır. Amma neçə illərdir problemin həllinə etinasız yanaşan Cavid Osmanov son zamanlar mandat sevdasına düşdüyü halda belə əhalinin durumunu görməzdən gəlir. Etiraz ya şikayət edənə qarşı isə öz "qoçu dəstəsini" işə salır. Təsadüfi deyil ki, bundan araşdırmaçı jurnalistlər də öz nəsiblərini almışlar. Əhali ilə görüşdən təşvişə düşən Cavid Osmanov xidmətində olan bir dəstə qoluzorluları, içkili və narkotik istifadəçilərini jurnalistlərin üstünə saldırmış və onların rayonu tərk etməklərini tələb etmişlər. Görəsən əhalisinə palçıqlı su içdirən Cavid Osmanovun qanunsuz əməllərinə, Ağdaşı özünün şəxsi mülkiyyəti kimi idarə etməsinə "dur" deyən olacaqmı?!