Azərbaycanda kartof bahalaşması davam edir. Bu proses özünü həm ilin əvvəlində, həm də son günlər göstərməkdədir. Üstəlik, söhbət tək təzə yox, ötənilki məhsuldan da gedir.
Hazırda bazar və marketlərdə təzə kartof sortundan və ölçüsündən asılı olaraq müxtəlif qiymətlərə təklif edilir. Hətta kiloqramı 5-6 manata belə satılan təzə kartoflar var.
Ötənilki kartof isə nisbətən ucuzdur. Əgər bir həftə əvvəl bazar və marketlərdən kiloqramı 1 manata köhnə kartof almaq mümkün idisə, artıq aprelin 18-də Bakıdakı bir sıra marketlərdə bu rəqəm 1 manat 80 qəpiyə qədər yüksəlib.
Azərbaycanda yarızarafat, yarı ciddi kartofu bəzi insanlar "ikinci çörək" də adlandırırlar.
Hələlik, son bahalaşmaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bir qədər əvvəl Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilmişdi ki, bir çox malların, o cümlədən, kartofun qiymətini bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri sərbəst müəyyən edirlər.
Müstəqil iqtisadçılar isə bunu bir neçə amillə izah edirlər. Onlar qeyd edirlər ki, bu ilin ilk iki ayının göstəricilərinə görə, ölkədə kartof istehsalında azalma var. Üstəlik, onların fikrincə, burada Tarif Şurasının qərarları da rol oynayıb. İqtisadçılar xatırladırlar ki, ötən il iyunun 30-da dizel yanacağı 20 faiz bahalaşıb, bu da daşımalara təsir edir. Habelə bu ilin əvvəlində də Tarif Şurası bəzi xidmət sahələrində ödənişləri artırıb.