Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiyanın 'dəhşətli' raket zərbəsində onlarla adam öldürülüb

14-04-2025, 12:53   



Rusiya qüvvələrinin aprelin 13-də Ukraynanın Sumı şəhərinə raket zərbəsində azı 34 nəfər həlak olub. Ukrayna, ABŞ, Avropa İttifaqı liderləri, BMT bu hücumu pisləyib.

Öldürülənlərdən ikisi uşaqdır. 15-i uşaq olmaqla, azı 117 nəfər xəsarət alıb.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen hücumu “beynəlxalq hüququn kobud pozuntusu” adlandırıb. “Atəşkəsin tətbiqi üçün güclü tədbirlər görülməlidir”, – o deyib.

BMT-nin baş katibi Antonio Quterreş Sumıya hücumdan “dərin narahatlıq və sarsıntı” keçirib, onun sözçüsü belə deyib.

ABŞ prezidenti Donald Tramp Rusiyanın Sumıya hücumunu “dəhşətli” adlandırıb.

“Məncə, bu dəhşətli idi. Mənə dedilər ki, onlar səhv ediblər. Məncə, müharibə bütövlükdə dəhşətlidir”, – prezident deyib, amma “səhv ediblər” deməklə nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Moskva Ukraynada apardığı təcavüzkar müharibədə mülki hədəfləri bilərəkdən hədəfə alması iddialarını rədd edir. Amma xəstəxanalar, məktəblər, enerji obyektləri, yaşayış binaları dəfələrlə hücuma məruz qalıb.

Almaniya, Britaniya, Fransa, İtaliya liderləri hücumu pisləyiblər.

Ukraynanın daxili işlər naziri İhor Klimenko deyib ki, polis əraziyə çıxışı məhdudlaşdırıb, çünki orada fövqəladə xidmətlər işləyir.

AzadlıqRadiosunun müxbiri hücumdan çox keçməmiş həmin yerdə olub, hücumun “şəhərin mərkəzində – çox izdihamlı yerdə” baş verdiyini, həmin vaxt xeyli ukraynalının kilsəyə getdiyini deyib.

“Adamlar orada uşaqları ilə gəzirlər. Bəzi kafelər var. Bütün maşınlar, bütöv bir avtobus yanıb. Xeyli dağıntı var, xeyli adam öldürülüb”, – Alyona Yatsina söyləyib.

Ukrayna hərbi kəşfiyyatının başçısı Kirilo Budanov Telegram-da yazıb ki, Sumıya Rusiyanın Voronej və Kursk vilayətlərindən iki Iskander-M / KN-23 ballistik raketləri atılıb.

Ukrayna prezidenti Volodimir Zelenskinin administrasiya başçısı Andrey Yermak raketlərdə klastr bombalarının olduğunu iddia edib.

Bundan öncə Rusiyanın Krivoy Roqa zərbəsində doqquzu uşaq olmaqla 20 nəfər həlak olub.

“Rusiyadan Sumıya dəhşətli raket zərbəsi. Rusiya raketləri adi küçələri vurur, binaları, təhsil ocaqlarını, küçələrdə maşınları dağıdırlar”, – prezident Volodimir Zelenski insidentdən sonra X postunda yazıb.

BMT-nin ötən ay yaydığı məlumata görə, 2025-ci ilin əvvəlindən münaqişədə azı 413 dinc sakin öldürülüb, 2 mindən çox adam xəsarət alıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar