Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

'Papanin'də tikinti aparan şirkətin iş icraçısı həbs olundu: vətəndaşın evini qanunsuz sökdüyünə görə...

18-04-2025, 10:04   



Bakıda daha bir tikinti şirkətinin – paytaxtın "Papanin" adlanan ərazisində köhnə evləri söküb yerində çoxmərtəbəli binaların inşasıyla məşğul olan "Pilot 16" şirkətinin iş icraçısı həbs edilib. 66 yaşlı Əlisahib Əzizov vətəndaşın razılığı olmadan onun evinin sökülməsinə göstəriş verməkdə suçlanır.

Sözügedən ərazidəki sakinlərdən Məhbubə Quliyevanın "Novruzov qardaşları, 55" ünvanında yerləşən 68 kvadratmetrlik evi ondan xəbərsiz sökülüb. Həmin vaxt evdə sakinlərdən heç kim olmasa da, əşyalar dağıntı altında qalıb. Ekspertlərin hesablamasına görə, zərərçəkmiş M.Quliyevaya 61 min manat ziyan dəyib.

Ə.Əzizov əmlakı qəsdən məhv etmə (zədələmə), vəzifə yetkilərindən sui-istifadə kimi ittihamlarla cinayət məsuliyyətinə cəlb edilib. O, öncə həbs olunmasa da, uzun müddət istintaqı və məhkəməsi gedib. Bu ittihamlarla Nəsimi rayon Məhkəməsində fevralda ona 4 il şərti cəza verilib. Hakim zərərçəkmişə dəymiş 61 min manatlıq ziyanın ödənilməsindən ötrü bu məbləğin prokurorluğun depozit hesabına köçürüldüyünü nəzərə alıb.

"Sonra bildim ki, həmin ev söküləcək evlər siyahısında yoxdur"

Təqsirləndirilən iş icraçısı ərazidəki sakinlərin çoxunun razılaşma ilə köçürüldüyünü, evlərin boşaldıldığını deyərək ekskavator sürücüsünə daha iki evin sökülməsi haqda göstəriş verib. Onun sözlərinə görə, M.Quliyevanın evinin söküntüsü başlayanda qonşulardan biri bu mülkün sahibiylə razılaşma olmadığını bildirib. Ardınca iş icraçısı söküntünün dayandırılmasına göstəriş verib: "Şirkətin hüquqşünası Nicat müəllimlə dəqiqləşdirəndən sonra bildim ki, həmin ev söküləcək evlər siyahısında yoxdur".

Qarşı tərəfsə onlarla şirkət arasında narazılığın uzun müddətdir sürdüyünə əsaslanaraq Ə.Əzizovun doğru danışmadığını düşünür və deyir ki, iş icraçısı bundan xəbərsiz ola bilməzdi. Evi sökülən sakinin fikrincə, Beyləqan rayonunda olduqları vaxt evlərini uçurmaqla onlardan qisas alıblar.

Zərərçəkmiş tərəf Ə.Əzizova şərti cəza verilməsi barədə Nəsimi rayon Məhkəməsinin hökmündən yuxarı instansiyaya şikayət etməsə də, prokurorluq apellyasiya protesti verib, şərti cəzanın ləğvini, onun həbsini tələb edib.

"Papanin" sakinlərinin AzadlıqRadiosuna bildirdiyinə görə, aprelin 15-də Bakı Apellyasiya Məhkəməsində Ə.Əzizov haqqında əvvəlki hökm dəyişib və ona 4 il həbs cəzası verilib.

Xatırlatma

Martın 28-də paytaxtın Yasamal rayonunda, Alatava adlanan ərazidə söküntü zamanı evin içində sakinlər olduğu halda, söküntü aparılmasına görə "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov və ekskavator sürücüsü Qala Eynullayev də həbs edilmişdilər.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar