Bir gündə üç bölgədə sosial tələblərlə etirazlar oldu. Lənkəranda, Siyəzəndə, Ağcabədidə əhali bahalaşma əleyhinə səsini qaldırdı. Lənkəran icra hakimiyyətindən etirazın səbəblərini bu cür şərh etdilər: “Aksiyanı tütün məhsulları və alkoqol ala bilməyənlər keçirib”.
Bu şərh o dərəcədə absurd, komik və gerçəklikdən uzaqdı ki, onu əvvəlcə tirajlayan saytlar tez də bu “dahiyanə” izahı mətnlərindən çıxardılar - ayıbdır axı... Kimə bəlli deyil ki, narazılar kartla spirt ala bilməyənlər yox, ümumiyyətlə ərzaq ala bilməyənlərdir?! Bunu, əlbət, icra hakimiyyətində də bilirlər. Və onların aksiyanı tütün-alkoqol aludəçilərinin abstinensiya sindromuna qədər aşağılamaları ilk növbədə özlərinin intellekt səviyyəsindən və reallıq hissələrini itirmələrindən xəbər verir.
Halbuki, Lənkəranda narazılar nə istədiklərini mətbuata tamamilə açıq mətnlə çatdırıblar. Nə istəyirlər? İş yerlərinin açılmasını - Liman şəhərinin əhalisinin böyük hissəsi işsizdir. Kommunal xərclərin endirilməsini. Süni qiymət artımının qarşısının alınmasını. Məsələn, Limanda 315 qramlıq çörəyi 40 qəpiyə satırlar. Unun 50 kiloqramlıq kisəsi lap yaxında 34 manata qədər bahalaşmışdısa, artıq 40 manata qalxıb.
Göründüyü kimi, aksiyanın səbəbləri sırf iqtisadidir və son 1 ildə iki rəsmi, bir dənə də qeyri-rəsmi devalvasiya yaşayan Azərbaycanda hər kəs bu tələblərin nə qədər təbii, həm də qaçılmaz olduğunun fərqindədir. Əhali sürətlə yoxsullaşır, gəlirlər həmin sürətlə də azalır, tunelin qurtaracağında isə heç bir işıq işartısı görünmür. Etiraza qalxan əhali isə ən elementar mallara tələbatını ödəməyi bacarmayan şəxslərdir. Belələrinin real sayının etiraz edənlərin sayından olduqca çox olması da aksiomatikdir.
Bir sözlə, straus pozası almaq nəinki yersizdir, həm də ziyanlıdır. Çünki, evinə çörək aparmaq imkanından məhrum olan vətəndaşın narazılığını nikotin aludəçisinin şıltaqlığı ilə eyniləşdirmək cəhdi bu vətəndaşları təhqir etmək, ələ salmaq, sonunda isə radikallaşdırmaq deməkdir. Ehtiyatsız kəlmələrin gözlənilməz əks-effektinin çoxsaylı sübutları tarix kitablarında bollucadır.
Əvəzində insanların niyə və nəyə etiraz etdiklərini adekvat şəkildə, açıq tərzdə izah etmək niyə qorxulu sayılır görəsən? Nəyi pisdir ki, Lənkəran başbilənləri “Vətəndaşlar bahalığa etiraz edirlər” desinlər - onsuz da sonu görünməyən böhranın adi insanları necə müflisləşdirdiyi heç kəsə sirr deyil. Bunu etmək yerinə, idarəçilikdə təmsil olunanlar özlərindən paralel və virtual reallıq düzəltməyə çalışırlar. Bilərək ki, onların “reallığı”nın mövcud reallığa heç bir dəxli yoxdur.
***
Biz toplumun ictimai şüuruna təsir etmək gücü ilə seçilən iki vektorun toqquşmasının şahidiyik - təbliğat və televizor soyuducuya qarşı. Bu, tamamilə gözlənilən toqquşmadır və get-gedə onun qalibinin soyuducu olacağı da şübhəsizdir.
Böhranın istisnasız olaraq hamını (həm yuxarıları, həm “orta sinfi”, həm də ən müdafiəsiz kateqoriya olan çoxsaylı aşağıları) vurduğu vaxtda belə televizor və rəsmi təbliğat bizə gerçəkliyə heç bir aidiyyatı olmayan mənzərəni təlqin etməkdən əl çəkmir. İllərlə əvvəl olduğu kimi yenə TV-də aşpazlar yemək bişirir, manıslar zir-zibili mahnı kimi sırıyır, həkimlər qiyabi müalicə aparır, siyasətçilər uzaqlardakı münaqişələri analiz edir. Biz bədbəxt dünyada xoşbəxtlik adacığıyıq, daima inkişafda, irəliyə doğru gedirik. Yenə də idman tədbirləri, xaricdə nüfuz barədə söhbətlər, odalar yağdıran ştatlı respondentlər. Ancaq bu gündən baxanda az qala “tox illər” kimi görünən dünənlərdə bu mənzərə az-çox təbliğat effekti yarada bilirdisə, artıq bu, nonsensdir. Sərt reallıqla “mavi ekran”ın trayektoriyaları paralel xətlər kimi daha kəsişmir.
Televizora baxan obıvatel isə nəzərlərini ekrandan ayırıb mənzilindəki soyuducuya dikəndə fərqli reallığın soyuğu ilə qarşılaşır. Televizor soyuducuya uduzur. Belə getsə, bu məğlubiyyət elə böyük hesablı olacaq ki, televiziyaya baxmamağını az qala fəxarət sayan “orta təbəqə”yə təbliğatın əsas hədəfi sayılan obıvatellər də qoşulacaq. Yəni, televizor daha gərəksizləşəcək, ictimai şüuru isə məhz soyuducu yönləndirəcək.
***
Böhran dövrlərində ilk qurban verilən sahələr mədəniyyət, incsənət, təhsil, ədəbiyyat olur. Soyuducu boşaldıqca orta statistik azəri ilk olaraq bu sahələrə ayırdığı pulu kəsir (zatən, heç əvvəl də o, bu istiqamətdə pul xərcləməyi xoşlamazdı).
Sonra növbə istirahətə, səyahətə ayrılan vəsaitin ləğvinə çatacaq. Bunun ardınca iri əşyalar, daşınmaz əmlak, avtomobil, mebel kimi xərclər ixtisar olunacaq. Növbəti mərhələdə artıq paltar, texnika, məişət əşyaları qənaət tələb edəcək. Hamısı da ona görə ki, heç olmasa soyuducu dolu, yaxud yarımdolu olsun.
Əgər artıq soyuducu mərhələsinə dirəniriksə, deməli, televizorun indiki təbliğat formatı ömrünü başa vurub. Yəni, televizor soyuducuya birmərrə uduzub...