
Hər şey göz qabağındadır. Indi sadə vətəndaş da bilir ki, son 1 ildə iki dəfə qarət edilib. Bəli, fevralın 21-də 34 faiz qarət olunan vətəndaş, dekabrın 21-də 50 faizlik qarətlə üz-üzə qaldı. Növbəti dəfə hakimiyyət vətəndaşı aldatdı, arxayınlaşdırdı və daha ağır böhranın qucağına atdı.
Xatırlayırsızsa, ölkə başçısının “milli valyuta sabit qalacaq” vədindən sonra, Mərkəzi Bankın sədri Elman Rüstəmov da AzTV-yə çıxaraq, narahatlığa heç bir əsas olmadığını söyləmişdi. Bütün bunların nəticəsi hamıya bəllidir.
Indi isə daha ağır zərbə dəyib, milli valyuta daha dərinə batıb və Elman Rüstəmov yenə də AzTV-yə müsahibə verib.
Baş bankir müsahibəsində deyir: “Bu gündən etibarən üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul olunub. Söhbət idarə olunan üzən məzənnədən gedir. Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək”.
Göründüyü kimi, son 1 ildə manatı iki dəfə quyunun dibinə saldıqlarını, bunun devalvasiya olduğunu yenə də dilinə gətirmir. “Üzən məzənnə” deyərək, cəmiyyəti çaşdırırlar. Iki gün öncə baş verənlər devalvasiya idi, “üzən məzənnə”yə isəbundan sonra keçiləcək.
Digər tərəfdən, bu boyda zərbədən sonra “manatı istənilən istiqamətə üzməyə qoymayacağıq” söyləmək, xalqla zarafat etməkdir. Manat suyun dibinə düşüb, bu isə “imkan verməyəcəyik” söyləyir. Bütün imkanları batırandan sonra manata üzmək üçün ərazi axtarırlar. Bəs, camaata dəyən zərəri kim ödəyəcək? Banklara itən inamı necə qytaracaqsınız? Ölkəyə 100 milyardlar gələndə vətəndaşa qayğı göstərilməyibsə, büdcə yetim qaldığı bir vaxtda bunu necə edəcəksiniz?
Ümumiyyətlə, biz sizə niyə inanmalıyıq? Bu ölkəni yarıtmaz idarəçiliyin nəticəsində cəhənnəmə çevirmisinizsə, məzənnəni necə idarə edə bilərsiniz?
Sükanı əldən vermisiniz, “avtomobil” yoldan çıxıb, “əyləc”i xarab etmisiniz. Bundan sonra sizin heç bir idarəçiliyiniz bu xalqa lazım deyil.
Məsələ təkcə manatın devalvasiyasından getmir. Bütün sahələrdə eyni proses gedib. Təhsilin, səhiyyənin, hüquq sisteminin də dəyəri itib. Manat isə, ümumiyyətlə, yoxa çıxıb. Hakimiyyətin yarıtmaz siyasəti ölkənin özünü batırıb. Batan gəminin heyətinə “xilasedici jilet” geyindirsəniz də nəticə dəyişməyəcək.
Baş bankir daha sonra əlavə edir: “Bu məzənnə səviyyəsində bank sektoru kifayət qədər dayanıqlıq nümayiş etdirdi. Əmanətçilər üçün bu gün heç bir təhlükə yoxdur, mən bunu tam məsuliyyətlə deyirəm. Lakin bütün bunlara baxmayaraq, bank sektorunun sabitliyinin artırılması istiqamətində əlavə tədbirlər planlaşdırılır”.
2.5 milyon vətəndaş məmur banklarının girovuna çevrilib. Problemli kreditlərin həcmi 1.6 milyard manata çatıb. Məhəkəmə proseslərinin 90 faizi bank-müştəri çəkişmələridi. Qarşıdakı mərhələdə borcu ödəyə bilməyən vətəndaşların əmlakına girov qoyulması kütləviləşəcək. Qiymətlər ən azı 30-40 faiz qalxacaq və zəruri ehtiyacları ödəmək də müşkülə çevriləcək. Belə bir vəziyyətdə “əmanətçilər üçün heç bir təhlükə yoxdur” nə deməkdir? Bu hakimiyyətin dövründə istənilən an hansısa bank möhürlənə, müflis elan edilə, əmanətçinin pulunu mənimsəyə bilər. Və bu hakimiyyətin dövründə daha heç kim banklara etimad göstərməyəcək. Üçüncü devalvasiyanın gözlənildiyi bir vaxtda kim banka etibar edər?
Baş bankir niyə bu illər ərzində manata süni nəfəs verildiyindən danışmır? Son 10 ayda manatı saxlamaq üçün rezervlərin havaya sovrulmasını niyə dilinə gətirmir?
Hakimiyyət “bizim valyuta dollardan bahadır” demək üçün bütün rezervləri külə döndərib. Elman Rüstəmov bunun izahatını versin ki, niyə vaxtında manat sərbəst buraxılmadı? Niyə süni şöhrətə görə ölkənin təbii halı məhv edildi? Bu qədər olanlardan sonra, necə camaatın üzünə çıxa bilirlər?
Ən nəhayət, “koma” vəziyyətində olan manatı üzdürməklə əlimizə nə keçəcək?
Cənablar, bu millət səfalət, iztirab, dərd dənizində üzür. Hamı başa düşür ki, “uğurlu inkişaf” təbliğatı nağıl imiş və təkcə 10 ildə ölkədən 95 milyard pul çıxarılıb.
Boş-boş vədlər vermək əvəzinə, oğurlanan pulları ölkəyə qaytarmaq lazımdır. Baş bankirin nəzarətdə saxladığı manat, artıq dünyanın “ən pis pulu” seçilib. Yəni manat artıq çox uzaqlara üzüb və hökumətin “lodka”ları onu geri qaytarmaq iqtidarında deyil.
İlham