Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Cəbhə bölgəsində müharibə gedir: Müdafiə Nazirliyindən düşmənə son xəbərdarlıq

8-12-2015, 10:37   
Cəbhə bölgəsində müharibə gedir: Müdafiə Nazirliyindən düşmənə son xəbərdarlıq
Vaqif Dərgahlı: “Məhv edilənlər içərisində Suriyadan gəlmiş erməni döyüşçülər, muzdlular da var”
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət kifayət qədər gərginləşib. Düşmən ölkənin təxribatları və diversiya hücumlarının qarşısını alarkən Azərbaycan ordusu itkilər versə də, düşmənə əks zərbələr vurub. 30 noyabrdan sonra davam edən döyüşlərdə ordumuzun əsgəri Elşən İsmayılov, gizir Fariq Novruzov və baş leytenant Abdulla Mollayev şəhid olub, bir əsgərimiz Bəhruz Nəsibov isə yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, son günlər Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində həm Azərbaycan-Ermənistan dövlət sərhədi, həm də işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Ermənistanın işğalçı rəhbərliyinin məqsədyönlü surətdə gərginliyi artırması Azərbaycan tərəfini cavab tədbirləri görməyə məcbur edib. Sutka ərzində müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə minaatanlardan vurulan zərbələr nəticəsində erməni tərəfi canlı qüvvə sarıdan onlarla itki verib, onun bir neçə avtomobil texnikası sıradan çıxarılıb.

Ermənistan tərəfi döyüş itkilərinin sayını yenə də azaltmaq üçün Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, səngərlərə yerləşdirilən mülki əhalinin, eləcə də Yaxın Şərqin müxtəlif qaynar nöqtələrindən gələn muzdluların məhv edilməsi faktlarını gizlədir. Müdafiə Nazirliyi bir daha bildirir ki, qoşunların təmas xəttində son günlər vəziyyətin daha da gərginləşdirilməsi, düşmənə qarşı tətbiq olunacaq cəza tədbirləri və verəcəyi itkilərə görə bütün məsuliyyət yenə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Qeyd edək ki, nazirlik düşmən mövqelərinin susdurulmasını əks etdirən videokadrlar da yayıb. Kadrlardan belə aydın olur ki, cəbhədə əməlli-başlı müharibə gedir və ənənəvi atəşkəsin pozulmasından söhbət gedə bilməz.



Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı da “Yeni Müsavat”a durumun kifayət qədər gərgin olduğunu bildirdi. “Təbii ki, müharibə gedir. Müharibə heç vaxt bitməyib, son vaxtlar isə atəşin intensivliyi artıb”. V.Dərgahlı qeyd etdi ki, son döyüşlər bütün düşmənlə təmas xətti boyu davam edib və minaatanlardan istifadə olunub: “Goranboy istiqamətindən tutmuş, Füzuli istiqamətinə kimi bütün işğal olunmuş ərazilər boyunca atışmalar gedir. Son günlər erməni tərəfi 60, 82 mm-lik minaatanlardan atəş açır. Biz də 60, 82, hətta 120 mm-likdən cavab zərbələri endiririk.

Kadrlardan ola bilsin ki, vəziyyət aydın görünmür. Ancaq 120 mm-lik minaatanların radiusu sığınacaqlarda, səngərlərdə 20 metr radiusda məhvetmə qabiliyyətinə malikdir. Açıq sahədə isə 50 metr və hətta daha artıq məsafədə itkilər ola bilər. Biz atəş açdığımızı gizlətmirik, çünki düşmən atır, biz də cavab veririk. Hətta ermənilərin atəşinə artıqlaması ilə cavab veririk, düşmənin canlı qüvvəsi və avtomobil texnikasını da hədəfə alırıq. Eyni zamanda bu zərbələr zamanı pilotsuz uçan aparatlardan da istifadə edirik, məqsəd hər addımda düşməni məhv etməkdir”.

Nazirlik sözçüsü düşmən ölkə ilə sərhəddə vəziyyətin nisbətən fərqli olduğunu vurğuladı: “Ermənistan tərəfdən minaatanlardan atmırlar, dövlət sərhədi boyu ancaq atıcı silahlardan istifadə olunur”.

V.Dərgahlı bildirdi ki, düşmən tərəf noyabr ayına kimi 100-dən artıq itki verib, amma onlar faktları gizlədir: “Səngərdəki mülkilər, Dağlıq Qarabağdakı əsgərləri və Yaxın Şərqin qaynar nöqtələrindən, xüsusən də Suriyadan gəlmiş erməni döyüşçülər, muzdlulardan da məhv edilənlər var. Amma bu haqda rəsmi məlumat verilmir. Şənbə günü isə erməni polkovniki məhv edildi. Düşmən daim gərginlik yaradır, təxribatlar törədir və cavabını da alır”. Nazirlik təmsilçisi qeyd etdi ki, düşmən ölkədə yaşanan gərginlik üzündən qoşunların təmas xəttində gərginliyin artması gözlənilən idi. Ona görə də ordumuz düşmənin təxribatlarını dəf etmək üçün tam hazırlıqlı vəziyyətə gətirilib.//musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar