
Qanqster danışmağa başlasa nələrin üstü açıla bilər?
Qətl, adam oğurluğu və digər ağır cinayətlərdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən DIN-in keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun danışmaq istəməsi hakimiyyətdə narahatlığa səbəb olub. Xatırladaq ki, Hacı Məmmədov MTN-dəki dəstə ifşa olunandan sonra açıqlama yayaraq onunla bağlı cinayət işinin yenidən araşdırılmasını tələb edib.
“Azadlıq”a daxil olan məlumata görə, onun bu açıqlamasından sonra hakimiyyətin nəzarətində olan media orqanlarına bu məsələni qabartmamaq barədə qəti tapşırıq gəlib. Elə bu səbəbdəndir ki, “MTN işi”ndən həvəslə yazan iqtidaryönlü media Hacı Məmmədovun açıqlamasının üstündən keçdi. Bəs Hacı Məmmədovun işi yenidən araşdırılsa, keçmiş baş əməliyyat müvəkkilinə həqiqəti danışmağa şərait yaradılarsa hansı sirlərin üstü açıla bilər?
Ekspertlər ilk növbədə diqqəti Hacı Məmmədovun “mən osminoqun bir qoluyam” fikrinə çəkirlər. Onların fikrincə, Hacı Məmmədov bu fikrinin izahatını verə, osminoqun kim olduğunu bəyan edə, hazırda hansısa bandanın mövcud olub-olmadığı barədə əlindəki faktları açıqlaya bilər. “Bundan başqa Rəna Nəsibova, Fətulla Hüseynov, Rövşən Əliyevin ölümündəki qaranlıq məqamlar aydınlaşa bilər. Rəna Nəsibova bandanın mövcudluğu barədə baş prokurorun birinci müavini Rüstəm Usubova məlumat verib. Bundan sonra o, ofisində ölü tapılıb. Aydınlaşmalıdır ki, nə üçün Rəna Nəsibova banda barədə məlumat verdikdən sonra heç bir tədbir görülməyib? Niyə Rəna Nəsibovanın təhlükəsizliyi təmin olunmayıb? Hacı Məmmədov Rəna Nəsibovanın onlar barədə Baş Prokurorluğa məlumat verdiyini hardan öyrənib və s. Fətulla Hüseynova gəlincə, o vaxt bildirilirdi ki, onun oğlu Adil Hüseynovla Hacı Məmmədov arasında pul mübahisəsi olub. Lakin Fətulla Hüseynovun bu məsələyə görə öldürüldüyü inandırıcı görünmür.
Kriminalist Rövşən Əliyev barədə isə belə məlumatlar var ki, o, Hacı Məmmədovun həbsi ilə bağlı sanksiya almaq istəyib. Bundan xəbər tutan Hacı Məmmədov isə onu aradan götürüb. Hacı Məmmədov Rövşən Əliyevin onu həbs etmək istəməsi barədə hardan məlumat aldığını açıqlaya bilər”.
Ekspertlər həmçinin bildirib ki, DIN-in Baş Cinayət Axtarış Idarəsinin keçmiş rəisi Zakir Nəsirovun da həbsinə aydınlıq gələ bilər: “Zakir Nəsirovun bu məsələdə qurbanlıq olduğu bəllidir. Lakin Hacı Məmmədov məhkəmədə onu banda başçısı kimi təqdim edirdi. Indi Hacı Məmmədov bunu kimlərin sifarişilə etdiyini açıqlaya bilər”.