
Azərbaycanda internetin kəsilməsinin səbəbi “Delta Telecom” telekommunikasiya provayderinin xətlərində baş vermiş güclü yanğındır.
Bu barədə virtualaz.org saytına Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat veriblər.
Xəbərə görə, FHN yanğını artıq söndürüb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisləri yanğının nəticələrinin aradan qaldırılması ilə məşğuldur.
“Bir neçə saatdan sonra internet olacaq” - deyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.
* * *17:04
Bu gün saat 16:10 radələrində Azərbaycan ərazisinin əksər hissəsində internet əlaqəsi kəsilib.
Virtualaz.org saytı xəbər verir ki, ölkənin əksər internet provayderlərinin abonentləri qlobal şəbəkəyə qoşula bilməyiblər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən virtualaz.org saytına hələlik onlara məlum olmayan səbəbdən ölkə ərazisinin əksər hissəsində internet əlaqəsinin kəsildiyini təsdiq ediblər.
Nazirlik hazırda internetin kəsilməsinin səbəblərinin araşdırdıqlarını bildirib. Hələlik rəsmi olaraq təsdiqlənməyən məlumata görə, problemin səbəbi ölkədə internet təchizatının böyük əksəriyyətinə nəzarət edən “Delta Telekom” şirkətinin serverlərinin çökməsidir.
Hazırda internet əlaqəsi ancaq “Bakcell” və “Nar Mobile” mobil rabitə operatorlarının 3G xidməti üzərindən mümkündür.
İnternetin kəsilməsi ilə əlaqədar ölkədə online bank əməliyyatları dayanıb, elektron ödəmə sistemlərinin işi iflic olub. Habelə online bilet satışı sistemi çöküb. İri şirkətlərin işi dayanıb, digər fəsadlar meydana çıxıb.
Virtualaz.org