
Türkiyəyə uçmaq istəyərkən Kiyevdə saxlanılan universal döyüş üzrə Avropa çempionu Valeh Əmirəliyev Azərbaycan prezidentinə sui-qəsd hazırlayan mütəşəkkil dəstə ilə əlaqələrinə görə axtarılırdı; onun parlament seçkisi ərəfəsində üzə çıxması təsadüfidirmi...
Kiyevin “Borispol” aeroportunda tutulan Valeh Əmirəliyevin Azərbaycan prezidentinə sui-qəsd hazırlayan mütəşəkkil dəstə ilə əlaqələri üzə çıxıb. APA-nın əldə etdiyi məlumata görə, Qusar rayon sakini, 1986-cı il təvəllüdlü Valeh Cavanşir oğlu Əmirəliyevin “Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktları planlaşdırmaqda və ölkə başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən Vüqar Padarovla yaxın əlaqələri olub.
V. Əmirəliyev V. Padarov və Samir Sanıyevin rəhbərlik etdiyi dəstənin bəzi üzvləri ilə birgə Rusiyada da bir sıra ağır cinayətlər törədib. V. Əmirəliyev 2011-ci ilin noyabrında mütəşəkkil dəstənin üzvləri İlham Gülməmmədov, Faiq Süleymanov və Zaur Seyidovla birgə Zaqatala şəhərinə gələrək Vüqar Padarovla görüşüb, Azərbaycanda həyata keçirməyi planlaşdırdıqları terrorla bağlı müzakirələr aparıb.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 2012-ci ildə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkədə terror aktları hazırlayan həmin dəstənin bir çox üzvü həbs edilib. Dəstənin başçısı Vüqar Padarov isə əməliyyat zamanı öldürülüb.
Valeh Cavanşir oğlu Əmirəliyev
Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri 2012-ci ilin aprel ayının əvvəlində Azərbaycan prezidentinin respublikanın şimal-qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi, eyni vaxtda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahları partlatmağı, əcnəbilərin daha çox olduqları və qaldıqları “Hilton Baku” və “JW Marriot Hotel Absheron” və digər mehmanxanalarda, “Baku Crystal Hall”da və Dövlət Bayraq Meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə dəstənin başçısı Samir Sanıyev və daha iki nəfər ömürlük, digər şəxslər isə 9 ildən 15 ilədək müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Ukrayna sərhədçiləri terrora görə İnterpol xətti ilə axtarışda olan V. Əmirəliyevi bu il sentyabrın 19-da Kiyevin “Borispol” aeroportunda saxlayıblar.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
O, Rusiyadan Ukraynaya gəlib, Türkiyəyə uçmaq istəyərkən saxlanılıb.
Rusiyanın terror cinayətinə görə axtarışa verdiyi, universal döyüş üzrə Avropa çempionu V. Əmirəliyev Ukrayna polisinə təhvil verilib.
Nəzərə çatdıraq ki, bütün seçki illərində və Azərbaycanda dünya əhəmiyyətli tədbirlərin keçirildiyi ərəfələrdə missioner qüvvələr, “qara əllər” ölkəmizə qarşı uzanmağa başlayırlar. 2012-ci ildə “Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktları planlaşdırmaqda və ölkə başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən Vüqar Padarovla əlaqələri olan və həmin ərəfədə aradan çıxmağı bacaran V.Əmirəliyevin 2015-ci il noyabrın 1-də keçiriləcək seçkilərə təxminən 40 gün qalmış üzə çıxması, Ukraynanı tərk edib Türkiyəyə gəlməsi müəyyən şübhələr oyadır.
Təhlükəsizlik üzrə ekspertlər bildirir ki, bir qayda olaraq hər hansı terrorçu şəbəkə ilə əlaqələri olan şəxslər bir müddət qaçıb gizləndikdən sonra yenidən hansısa formada fəaliyyətə keçirlər; bəzən onlar saxta pasportlarla, yəni başqa ad-soyadla, görkəmlərində müxtəlif dəyişikliklər etməklə peyda ola bilirlər. Məhz indiki ərəfədə V.Əmirəliyevin ”azdıcırı" qaydada - Rusiyadan Ukraynaya gəlib, oradan da Türkiyəyə uçması belə ehtimallar yaradır ki, o, daha sonra hansısa çirkin bir niyyətini icra etmək üçün Azərbaycana gəlməyi planlaşdırırmış...
Ekspertlər V.Əmirəliyevin həbsindən sonra digər həbslərin də həyata keçiriləcəyini istisna etmirlər: “Çünki bu adamın ”dirilməsi" hansısa bir prosesin tərkib hissəsidir. Və o əlbəttə ki, bu prosesdə tək deyil. Odur ki, yaxın zamanlarda növbəti təxribatçı dəstənin tam ələ keçməsinin şahidi ola bilərik".
Onu da nəzərə çatdıraq ki, apardığımız dəqiqləşdirmələr zamanı V.Əmirəliyevin radikal dini cərəyanın üzvü olması üzə çıxıb.
T.ƏHMƏDLİ