Sizin Reklam Burada
Tel: 050 378-66-61

Darıxan adamlar ölkəsi - Azərbaycan...

29-07-2015, 17:30   
Darıxan adamlar ölkəsi - Azərbaycan...
“Cəmiyyətin kütləvi hərəkatlar üçün yetişməsinin ən bariz göstəricisi bu cəmiyyətdə çarəsiz darıxma hissinin yayılmasıdır. Bütün kütləvi hərəkatlar ərəfəsində güclü darıxma hissi özünü göstərir. Və inqilablar öz təəssübkeşlərini ilk növbədə istismar olunanlar və əzilənlər yox, darıxanlar arasında tapır...”

Bu sətirlər çox bəyəndiyim filosof Erik Xofferin (1898-1983) çox bəyəndiyim “Həqiqi inamçı” əsərindəndir. Elə oradaca mütəfəkkir əlavə edir - kütləni dəyişikliklərə səsləyənlər üçün ölkədə yoxsulların say göstəricisindən daha çox, darıxanların göstəricisi əhəmiyyətlidir.

Azərbaycan darıxanlar ölkəsidir. İç narazılığın ümidsiz darıxma hissi ilə birləşdiyi çarəsizliyin dominant olduğu bir məmləkətdir. Cəmiyyət çoxdan atomlaşıb - hər kəs öz hücrəsinə çəkilib darıxır.

Bu lənətlənmiş hiss, bu həyat zəhəri fərdi hər yerdə tapır və heç yerdə buraxmır. İnsanlar işdə, evdə, toyda, yasda, təbiətdə, TV qarşısında bu hisslə yaşayırlar və yataqlarında bu hisslə ölürlər.

Vaxtilə nobeliat-etoloq Konrad Lorens insanların tənhalığını və bir-birinə yadlaşmasını “bəşəriyyətin 8 ölümcül günahı”ndan biri adlandırmışdı. Əgər bu, sağalmaz günahsa, Azərbaycan ölümcül xəstədir.

Erik Xofferin müşahidələrinin ilk baxışda paradoksal görünən nəticələri də var. Məsələn, darıxma və tənhalıq hissinin zühuru heç də yoxsulluq və istismarın gücü ilə düz mütənasib deyil. Yəni bu, kobud desək, mədənin vəziyyəti deyil, ruhun vəziyyətidir. Harada ki ruh bayağı təbliğat, total yalan, ürəkbulandırıcı şoularla öldürülmək təhlükəsi qarşısındadır, orada darıxma və Sartr sayağı “ürəkbulanma” başlayır.

Tipik sübut - tarixi analizlər təsdiqləyir ki, istər 1789-cu il Fransa inqilabı, istər 1917-ci ilin rus inqilabı ərəfəsində bu ölkələrdə iqtisadi vəziyyət heç də əvvəlki illərdəkindən aşağı deyildi. Ancaq darıxan adamlar sistemi dəyişdilər.

Əgər insan darıxırsa, deməli, özü özündən bezib. İnsanın öz mövcudluğunu mənasız və qeyri-məhsuldar sayması darıxma hissinin əsas mənbəyidir. Müstəqil adam yalnız əgər yaradıcı işlə, ya da çörək uğrunda gündəlik mübarizə ilə məşğuldursa, darıxmır. Bu hallarda onun bütün mövcudluğu məşğuldur.

Qalan hallarda isə əgər fərd müstəqil deyilsə, darıxma hissini ya spesifik kollektivdə (partiya, təşkilat, din), ya sektalarda, ya da yerdəyşmələrdə (mühacirət və ya səyaətlər) əritməyə çalışır. Ancaq effekt alınmır.

Azərbaycanda iqtidar təbliğatının ən qüsurlu səhvi ondadır ki, insanları həzz, TV-şoular, teleseriallar, kredit şirnikləndirmələri, təhrif olunmuş “kütləvi mədəniyyət” və istehlakçılıq “dəyərləri” vasitəsilə darıxma hissindən uzaqlaşdıra biləcəyinin xəyalındadır.
Qətiyyən belə deyil. Darıxan insan bu eybəcər hissdən yaxa qurtara bilmək üçün ən fantastik və dəlisov üsullara əl ata bilər. Çünki, tərəzinin bir gözündə həyatın mənası anlayışı dayanıb.

Dəyişikliklərin başında ədalətsizlik hissinə ifrat ağrılı reaksiya verən barışmaz qiyamçılar dayanırsa, onun əsas zərbə qüvvəsi və iştirakçıları darıxan adamlar olur. Məhz bu hiss 1988-də bu günlə müqayisədə ölçüyəgəlməz hüquqları, azadlığı və dəyərləri olan adamları Meydana çıxarmışdı.

Darıxma hissi total və kütləvidirsə, mütləq onun “müalicə prosesi” də başlayacaq. Əks halda insan sadəcə insan olmazdı. Və bunun qarşısını heç bir “iqtisadi uğurlar”, “iş yerləri” və TV-şoularla almaq mümkün deyil. Çünki söhbət bədəndən yox, ruhdan gedir…

***

“Həqiqi inamçı”sında Xoffer həmçinin analiz edir - kütləvi hərəkatlar, inqilablar üçün hansı şərtlər və kimlər lazım? Cavab standartlıqdan uzaqdır.

Narazıların mütləq kütləvi hərəkatlara qoşulacağı - mifdir. Razılar kimi, narazılar da ətrafdakı stabilliyin tərəfindədir. Varlı kimi, yoxsul da mühafizəkar ola bilir. Ətraf aləmdən qorxan, onu özündən güclü sayan hər kəs inqilabın düşmənidir. Səfil, lümpen zahiri ictimai stabillikdə kapitalistdən az maraqlı deyil.



Narazılığın inkara, etirazın müqavimətə keçməsi üçün mütləq sayılan şərtlər var. Bunlardan birincisi - ideyadır. Fransa İnqilabını edənlər - şüura, bolşeviklər - marksizmə, nasistlər - fürerin səhvsizliyinə inanırdı. Yeni ideya olmadan, bu ideya ilə inamçıları yoluxdurmadan heç bir dəyişiklik baş verməyəcək.

MDB məkanında baş verənlər ona görə “qapalı dövrə”ni xatırladır. İdeya yoxdur.

İkinci şərt - özünəinamdır. Kütləvi hərəkata qoşulanlar inanmalıdır ki, sabah bu gündən yaxşı olacaq. Əgər kimsə kütləni bu entuziazma yoluxdura bilsə, yeni ideyasız da qalib gələ bilər, ancaq nəticə sadəcə status-kvo olacaq, yenilik yox. Kiyev Maydanındakı kimi.

Halbuki faktlar var - ideya ilə birləşən və heç də rasional olmayan özünəinam tam ümidsiz görünən hərəkatı belə qalib edə bilər.

Bunun misalını Fidelin barbudoslarının Kubasında görmək olar. Çe Gevaranın “Partizan müharibəsinin taktikası”ndakı epizod - son, qəti hücum ərəfəsində inqilabçıların sayı vur-tut 200 nəfər idi. İdeya və qeyri-rasional özünəinam Havanadakı 1 yanvarla bitdi.

Xofferin daha bir maraqlı nəticəsi - inqilab və yeniliyə can atanlar yoxsul, ac olmayan adamlardır. Heç nəyi olmayanlar isə, əksinə, əks-inqilabçı və mühafizəkar olurlar. Əlbəttə, onlar yenilikdən bəhrələnməyə ikiəlli razı və hazırdırlar. Ancaq qoy əsas işi başqaları görsün. Lümpen zibillikdə gecələməyə razı və adətkardır. O, etiraz edir, ancaq müqavimət barədə düşünmür. O, darıxır, həyəcanlanır, ancaq ilk addımı atmır. Yoxsul olmayanlar isə o adamlardır ki, onlara mədələrinin dolu olması kifayət deyil. Onların başqa, qeyri-maddi, mənəvi dəyərləri var.

Əksər uğurlu ya uğursuz hərəkatların tarixi bunu təsdiqləyir. Zadəgan Zasuliçin gülləsinin ayıltdığı Rusiyada qubernator qızı Perovskaya və zadəgan Stepnyak-Kravçinski səhnəyə çıxır. Zadəgan Bakunin Avropa inqilablarının alovuna atılır.

Sahibkar Engels İnternasionalı, milyonçu Morozov sosial-demokratları maliyyələşdirir. Senat Meydanına zadəganlar - dekabristlər çıxır. Lenin və Trotski yoxsul deyildilər. Redaktor Mussolini İtaliyanı 700 günlük mübarizədə sıfırdan başlayaraq udur. Varlı və nüfuzlu jurnalist Ulrika Maynhoff RAF-ın banilərindən olur.

Erik Xoffer ümumiləşdirir - böyük dəyişikliklərlə nəticələnməli hadisələrə başı və ürəyi ilə atılmaq üçün insan narazı olmalı, darıxmalı, çox yoxsul olmamalı və elə bir hisslə yaşamalıdır ki, bu hiss özündə güclü doktrina, lider və yeni metod (ideya) daşımalıdır. Bu vəhdət ifrat özünəinama yol açır və gələcək perspektivləri illüzor yox, real edir.

Eyni zamanda bu adamlar öz imkanları və gələcək perspektivlər barədə böyüdülmüş təsəvvür daşımalıdır. Yəni irəlidə gözləyən çətinliklər haqda təsəvvürləri ciddi saymamalıdır. Onların özünəinamı diqtə etməlidir ki, əsas - başlamaqdır, sonrası öz-özünə həll olunacaq.

Onlar çıxdıqları yolu asan saymalıdır. Bu halda təcrübə - maneədir. O, insanı etməkdən daha çox düşünməyə məcbur edir. Bütün böyük inqilabçılar təcrübəsiz olublar.

Böyük Fransa inqilabını heç bir siyasi təcrübəsi olmayan adamlar ediblər. Olaydı onların təcrübəsi - hərəkət etməyə qorxardılar.

Bolşeviklər də bu qəbildəndir, Mussolininin “qara köynəkliləri” də, 1968-ın “Paris Mayı”nın tələbələri də. Elə 1988-in noyabrında bizlər də…



***

Ancaq darıxma hissi total olsa və cəmiyyətin bütün təbəqələrini əhatələsə belə, onun mütləq kütləvi hərəkatla nəticələnəcəyini söyləmək mifdir.

“İnsanlar birlikdə yaşayır, tənhalıqda ölürlər” - Markes yazırdı.

Bu cəhətdən azərilər elə yaşayırlar ki, sanki ölürlər. Yəni tənhalıqda, darıxaraq, ancaq hərəkətə keçməyərək. Belə “qaranlıq dövrlər”də cəmiyyəti darıxan və həyəcan hissi keçirən çoxsaylı fərdlərin qaraqışqırığı götürür. Küydən qulaq tutulur, kimisi mühacirətə yollanır, kimisi depressiyaya düşür, kimisi müvəqqəti yerdəyişmələrlə və əyləncələrlə ovunmağa çalışır - təki darıxma hissi sublimasiya olunsun.

Bütün bunlar - imitasiyadır. Sonunda barışqanlıq və çürümə gəlir. Xroniki darıxma artıq yaşamın affekti yox, yaşamın özü kimi qəbul edilir. Vəssalam, “lənətlənmiş dövrə” qapanır. Çünki hərəkətə səsləyənlər yoxdur...

Məmməd Süleymanov

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar