
Demokratiya və İnsan Haqları Mərkəzinin (DİHM) fevralın 4-də keçirilən toplantısında insidentin yaşanması ilə bağlı mətbuatda xəbərlər yayılıb. Belə ki, ADP sədri Sərdar Cəlaloğlu və “Azadlıq” Partiyasının sədri Əhməd Orucun Səməd Vurğun mövzusunda mübahisə etdikləri bildirilir.
Yayılan xəbərlərdə o vurğulanır ki, hətta hər iki partiya lideri arasında yaranan narazılıq sonda əlbəyaxa dava müstəvinə də keçib. Toplantıda iştirak edən digər şəxslərin onları bir-birindən araladıqları qeyd olunur. Həmin qalmaqalın Sərdar Cəlaloğlunun ANS telekanalındakı məlum çıxışı ilə bağlı yarandığı deyilir.
Bu məsələ ilə bağlı musavat.com-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu artıq Əhməd Orucla eyni qurumda təmsil olunmadığını bildirdi: “Bu barədə heç nə deyə bilmərəm. Özündən soruşsanız, daha yaxşı olar. Əhməd Orucun fikirlərinə bir münasibətim qətiyyən yoxdur”.
Əhməd Oruc isə yayılan xəbərlərin həqiqətəuyğun olmadığını qeyd etdi: “İclas başlamamışdan əvvəl Sərdar bəyin ANS telekanalındakı çıxışı ilə bağlı fikirlər oldu. Mən də bir-iki cümlə dedim. Aramızda mübahisə yarandı. O, gündə min fikir söyləyir. Hesab edirəm ki, şairə şəxsiyyət kimi yanaşmaq doğru deyil. Ona əsərlərinə görə qiymət verilməlidir. Tarixi şərait, dövr nəzərə alınmalıdır. Bunları nəzərə alan mütəxəssis bu barədə fikirlər söyləməlidir. Mən bilən Sərdar bəy o sahədə yetkin adam deyil. Ömründə bir cümlə şeir yazmayıb. Ədəbiyyatdan elə də başı çıxmır. O, min cür irad bildirir, mən isə sadəcə, bir irad bildirmişəm. Sərdar bəy gah deyir, elm yaratmışam, gah deyir, Nobel alacam, gah deyir, Qaçaq Nəbi düşməndir. Bundan əlavə də tarixi şəxsiyyətlər barədə fikirlər söyləyir. Təbii ki, bu onun haqqıdır. Mən də öz haqqımdan istifadə etmişəm. O, həqiqətəuyğun olmayan fikirlər səsləndirir”.
Partiya sədri eyni qurumda təmsil olunmamaları fikrinə də aydınlıq gətirdi: “ADP DİHM-ni tərk edib. Bu barədə iclasda fikirlər səsləndirildi. Sərdar Cəlaloğlu müzakirə olunan məsələlərdə iştirak etməyəcəyini bildirərək, iclası tərk edib”.