
Aylardır susan YAP-çı deputat “Yeni Müsavat”a şok açıqlamalar verdi
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, YAP-çı deputat Rəbiyyət Aslanova uzun fasilədən sonra “Yeni Müsavat”a geniş müsahibə verib. Aylardır özünün və hazırda Rabitə Nazirliyində şöbə müdiri vəzifəsində çalışan oğlu Elnur Aslanovun adının nurçularla birgə hallandırılmasını sükutla qarşılayan və arabir kiçik açıqlamalarla kifayətlənən komitə sədri bu dəfə, nəhayət, israrımıza rəğmən açıq və konkret suallarımızı ətraflı cavablandırmağa razılaşıb.
- Rəbiyyət xanım, hesab etmirsinizmi ki, uzun müddət susmağınızın səbəbini, nəhayət, açıqlamaq zamanıdır? Nədən özünüz və oğlunuz Elnur Aslanovun nurçularla əlaqələndirilməsi barədə bu qədər söz-söhbətdən, yazılardan sonra bəraətqazandırıcı arqumentlərlə çıxış etmək əvəzinə danışmamağa üstünlük verdiniz?
- O zaman mən və oğlum öz mövqeyimizi konkret bildirdik. Dedik ki, bu, başdan-ayağa yalan, iftira, böhtandan başqa bir şey deyil. Bu dörd ifadə həqiqəti əks etdirirdi və gerçəklik idi. Əgər bunun əksi olmuş olsaydı, mən böyük bir məsuliyyətlə bu sözü deməzdim. Xırda şeylər haqqında bəzən böyük ifadələr axtarırsan, tapırsan. Amma böyük həqiqətlər üçün yalnız sükut bəs edir. Mən bu məsələ ilə əlaqədar olaraq milli təhlükəsizlik orqanlarına müraciət etmişdim ki, tamam yoxlanılsın, bilinsin. Mən dövlətim, prezidentim, xalqım qarşısında alnıaçıq və fəaliyyətində azacıq da olsa, qara nöqtə olmayan bir insanam. Eyni mövqeni oğlumun haqqında da bildirirəm. Bundan artıq nəsə demək, özünü doğrultmaq mənim üçün tamamilə gərəksiz hesab olunurdu. Çünki bizi uzun illər tanıyan insanlar bizim kimliyimizi çox gözəl bilir.
Kim özünə haqq qazandırmağa çalışırsa, o, öz-özünü ifşa edir. Mənim özümə haqq qazandırmağıma qətiyyən ehtiyac yox idi. İlk növbədə mən öz daxili əqidəmə kifayət qədər sadiq insanam. Öz mövqeyimə, düşüncələrimə, dövlətimə olan sədaqətimə böyük inamı olan və bunun heç vaxt dəyişmədiyini anlayan bir insanam. Bu baxımdan qəzetlərə çıxmaq, jurnalistlərə intervü vermək, “yox, bu, belə deyil, filan vaxt belə olub” demək, bunlar hamısı artıq idi. Onu yazan jurnalistlərə heç hirslənmirdim də. Düşünürdüm ki, verilən hansısa tapşırığı yerinə yetirən bu insanlar bəlkə də içərilərində bir ağrı yaşayırlar, yazdıqlarının düz olmadığını bilə-bilə ola bilməz ki, narahatlıq hissi yaşamasınlar.
-Amma söhbət adi jurnalist yazılarından deyil, az qala dövlətlər arasında böyük bir qalmaqala səbəb ola biləcək faktlardan, iddialardan gedirdi. Mətbuat sadəcə baş verənləri işıqlandıran tərəfdir. Bundan öncə baş verənlər nə idi, nə baş verirdi?
- Belə bir şey yox idi və ola da bilməzdi. Mən bu gün oğlumun adından danışıram, bu, heç o qədər də düz deyil. O özü bu məsələdə öz mövqeyini bildirdi. Birmənalı dedi ki, bunlar hamısı boş sözlərdir.
- Yəni sizin və oğlunuzun nurçularla əlaqəniz...
- Nurçularla bizim heç bir əlaqəmiz yoxdur, ola da bilməz. Çünki öz dövlətinə sədaqətlə xidmət edən bir insan hansısa bir təsirin altına düşə bilməz. Bizim bu fəaliyyətimiz göz qarşısındadır. Hansı bir yazı, çıxış, fəaliyyət buna səbəb oldu ki, belə bir iddiaları ortaya qoydular?
- Bu müddətdə araşdırma aparmaq üçün xeyli vaxtınız oldu. Səbəbini araşdırdınızmı?
- Bunu araşdırmağa heç ehtiyac da yox idi. Biz nəyi araşdıracaqdıq? Əgər bizim fəaliyyətimiz şəffafdırsa, bu cəmiyyətin qarşısında alnıaçıq varıqsa, mən nəyi araşdıracaqdım? Hansısa jurnalistin xülyasınımı, yalan, böhtanınımı?
- Elnur Aslanovun işdən çıxarılması faktdır...
- İnsanı işdən çıxarda, başqa yerə göndərə bilərlər. Heç kəs yerində əbədi qalmır. Əsas odur ki, harda olmasından asılı olmayaraq sən dövlətinə, dövlət başçına, cəmiyyətinə sadiq insan olasan. Nədən bu gün bizim cəmiyyətdə kiminsə işdən çıxarılmasını, yüksəlməsini, başqa bir mövqeyə keçirilməsini faciə kimi qəbul edirlər?
- Reallıqda məmurlar özləri işdən çıxarılmalarını faciə sayırlar, bu, acı gerçəklikdir. Amma Elnur Aslanov gənc kadr idi, onun kifayət qədər ciddi mərtəbədən endirilməsi səbəbsiz ola bilməzdi...
- Bəli, Elnur gəncdir. Hətta yadıma gəlir, mənim bir kəlmə sözüm belə qıcığa səbəb olmuşdu, onda “siyasətçi” sözü işlətmişdim. İndi deyəcəyəm Elnur elmlə məşğul olur, başqa şey deyəcəklər. Kiminsə fəaliyyətini lupa ilə izləyib onda qara nöqtələr axtarmaq istəyən hansısa mənbələr varsa, bu, artıq onların problemidir. İşdən çıxmağı, bir işdən başqasına keçməyi biz faciə kimi qəbul edən adamlar deyilik. Biz harda olmağımızdan asılı olmayaraq, bu məmləkətdə vətəndaş məsuliyyəti ilə yaşayırıq və öz vəzifəmizi də yerinə yetiririk.
Başqa şey ola bilməz. Əgər kiminsə əlində dəlil-sübut olmuş olsaydı belə, inandırım sizi bu proses daha çox uzana bilərdi. Yazdılar-yazdılar, amma biz çox təmkinlə bu yazıların sonunu gözlədik. İndi də çevir tatı, vur tatı, onun ətrafında nəsə yazmaq istəyirlər.
- Bəs Rəcəb Tayyib Ərdoğanın Bakıya nurçularla bağlı dosye gətirməsi, prezidentə təqdim etməsi barədə deyilənlər?
- Bizim belə bir şey haqqında heç bir məlumatımız yoxdur.
- Amma Ərdoğan çıxışlarında da dəfələrlə Azərbaycanda nurçuluğun uzantılarının olmasından danışmışdı...
Rəbiyyət Aslanova: “Nə Fətullah Gülənlə, nə gülənçilərlə görüşməmişəm; nə şəkillərimiz yoxdur, nə birgə fəaliyyətimiz”
- Elə isə sizə sual edim: tək Elnur idimi?
- Digər adlar da var idi.
- Başa düşürəm. Ola bilər ki, Elnur hansısa bir işi yerinə yetirmədiyinə görə bir vəzifədən başqasına keçirildi, bu, hər kəsin həyatında ola bilən hadisədir. Amma buna dərhal belə bir ad verilməsi artıq jurnalist təxəyyülünün, yaxud həmin jurnalistlərə istiqamət verən şər qüvvənin fəaliyyəti idi.
- Milli Məclisin komitə sədri olaraq ölkə başçısı ilə birbaşa görüşüb məsələyə aydınlıq gətirməyə cəhd etdinizmi?
- Yox. Çünki mən bunu o qədər də ciddi qəbul etmədim. Burda bircə məsələ o idi ki, Elnur işdən getdi. Hər işdən getməyə görə dövlət başçısına müraciət etməyə ehtiyacmı var? Prezidentimiz kifayət qədər müdrik, hər kəsin yerini çox gözəl bilən, hər kəsi gözəl tanıyan bir insandır. Onu narahat etməyə ehtiyac da yox idi. Dövlət başçısı belə məsləhət bilibsə, Elnur orda da çalışar.
- Fətullah Gülənə yazılan məktublar barədə iddialar haqda nə deyə bilərsiniz?
- Bunlar hamısı yalandır. Belə bir məktub yox idi, ola da bilmzədi. Bütün bunlar quraşdırma bir şey idi. Elnur alnıaçıq, üzüağ, öz sədaqəti, əqidəsi ilə tanınan bir insandır. O heç vaxt belə bir addım atmazdı. Mən bunu qətiyyətlə, cəsarətlə deyirəm. Mən və oğlum hesab edirik ki, harda işləməyimizdən asılı olmayaraq öz mövqeyimiz var, hər ikimiz YAP-ın üzvüyük. Mən Azərbaycan insanının əqidəsi, vətənpərvərlik hissinin güclənməsi uğrunda mübarizə aparanların bəlkə də ən öndə olanlarından biriyəm. Bütün çıxışlarım, yazılarım buna həsr olunub. Eynilə də Elnurun bütün fəaliyyəti Azərbaycan dövlətçiliyinə, milli ideyanın güclənməsinə xidmət edib.
- Nə vaxtsa Gülənlə görüşübmü? Yaxud siz özünüz...
- Heç zaman görüşməyib. Nə də mən. Nə Fətullah Gülənlə, nə gülənçilərlə görüşməmişəm. Nə şəkillərimiz var, nə fəaliyyətimiz. Bunu araşdırmaq üçün Azərbaycanın böyük strukturları var, onlarda bir məlumat olardı. Dəfələrlə bununla əlaqədar müraciət etmişəm ki, yoxlanılsın.
- Yoxlanıldı?
- Bəli. MTN-ə məktub yazmışdım ki, xahiş edirəm fəaliyyətimizi yoxlayasınız. Çünki yazmışdılar “partiya yaradır” və s. Onu da yazmışdım ki, qəzetlərdə mənim haqqımda bu qədər yazılar yazılır, bunun qarşısını alın. Onlar da məktubumu Baş Prokurorluğa göndərmişdilər. Baş prokuror Zakir Qaralovun imzası ilə mənə məktub gəldi ki, xahiş edirik belə yazılarla əlaqədar olaraq məhkəməyə müraciət edəsiniz. Vəssalam. Ancaq mənim hansısa yazı ilə bağlı məhkəməyə müraciət etmək həvəsim yoxdur.
- Ancaq bu iddialar Türkiyədən gəldi, gərək Türkiyə hakimiyyətini məhkəməyə verəydiniz.
- (Gülür) Yox. Mən olmayan bir şeyə görə Türkiyə hökumətini niyə məhkəməyə verməliydim ki? Mənə qarşı rəsmən hansısa bir iddia, ittiham irəli sürülmüşdümü? Yox! Əgər əlimdə fakt yoxdursa, mən niyə Türkiyə hökumətini məhkəməyə verməliydim?
- Siz, ya oğlunuz son vaxtlar Türkiyədə olmusunuz?
- Mən hər ay Türkiyədə oluram. Pasportuma baxmanız kifayətdir. (Gülür) Müalicəyə də gedirəm, istirahətə də. Elnur da gedir-gəlir.
- Yəni “arzuolunmaz” sayılmırsınız?
- Yox, əzizim, biz “persona non-qrata” deyilik. Çünki biz Türkiyə dövlətinə də, prezident Rəcəb Tayyib Ərdoğana da böyük hörməti olan insanlarıq, onun əleyhinə olan bir ifadə belə işlətməmişik, ağlımızdan belə keçməyib. Nədən olsun? Bu, bacarıqla quraşdırılmış bir şantaj idi.
- Nurçuluq məsələsində Elnur Aslanovla yanaşı Ceyhun Osmanov və Fərhad Məmmədovun da adı çəkilirdi. Niyə daha çox onların?
- Onlar dostlardır, bir yerdə gənclər təşkilatında çalışıb. Bunların fəaliyyətində ortaya nə qoyuldu ki? Yaxşı ki, elə bu sualı verdiniz. Siz bütün bu aylar ərzində yazılan materialları götürüb bir balaca oxuyub analiz etsəniz, görərsiniz ki, sadəcə cümlələrin yeri dəyişdirilib. Eyni xarakterli, məzmunlu quraşdırma yazılar yazılıb. Dost insanlara bu kimi damğanı vurmaq nə dərəcədə düzgündür?
- Bu damğanı vuranlar kimlər idi və səbəb nə idi?
- Vallah, istedadlı insanlar həmişə hədəfdədir. Deyə bilmərəm nədir. Mən ümumiyyətlə, bunu yaddan çıxartmağa çalışıram. Çünki zaman hər şeyin cavabını verir. Bu gənclərin fəaliyyəti yenə göz qarşısındadır. Fərhad Məmmədov SAM-a uğurla rəhbərlik edir, Ceyhun Osmanlı millət vəkilidir, arxasında seçiciləri, Elnurun, yaxud mənim fəaliyyətim göz qarşısındadır. Sizə bir məlumat verim. (Qalxaraq kitab rəfindən iki cilddə nəşr olunmuş “Əbədi müstəqillik, güclü dövlətçilik yolunda - polemik məqalələr, çıxışlar, müsahibələr” adlı kitabları gətirir) Mənim bütün fəaliyyətimlə əlaqədar nəşr olunan kitablardır. Mənim 15 illik deputatlıq fəaliyyətimdə elə bir qəzet, jurnal olmadı ki, orda çıxan yazılarım, intervülər, şərhlərim kənarda qalsın. Hamısını toplayıb çap etdirdim, ictimaiyyətin ixtiyarına verdim. Hesabat verdim. Baxsınlar, lupa ilə deyil, lap nə ilə istəsələr baxsınlar, burda başdan-ayağa dövlətçiliyə, milli ideologiyamıza sədaqətimiz əksini tapır. Bundan o tərəfi yoxdur. Bu mövqeyimdən azacıq da olsa, kənara çıxmağım mümkün deyil.
- Deməli, sizə kifayət qədər ciddi təzyiqlər olub...
- Yox, mənə heç kim təzyiq etməyib. Hər kəs hesabat verməlidir. Gedib hardansa axtarmaq lazım deyil, buyurun, oxuyun, baxın. Ona görə də mən özümə və övladıma çox arxayınam. Bilirəm ki, kimlərinsə nəsə axtarmaq istəyi uğursuz başa çatacaq.
- Hələ proses gedir, yoxsa bitib?
- Mənim üçün heç əhəmiyyəti yoxdur. Əgər kimlərsə o prosesi davam etdirmək istəyirsə, bu, artıq onların öz problemidir.
- Bu mərhələdə çevrənizdə “yarpaq tökümü” oldumu? Sizdən yan gəzən, məsafə saxlayan...
- Əksinə, mən bundan zövq alan birisiyəm. Bu, belə də olmalıdır. O zaman özümü o qədər yaxşı hiss etdim ki. Uzun illərdir bir ifadə mənim həyat amalıma çevrilib: “Mən könül qırıqlığından zövq alan birisiyəm”. Əgər hansısa çətin məqamda, dar ayaqda məni tərk edib gedən, məni yarı yolda qoyan birisi varsa, bir anlığa fikirləşib deyirəm: Allahım, sənə çox şükürlər olsun, nə gözəl ki, sən məni belə yaratmamısan, mən belə olmazdım, mən o insanı dar ayaqda, çətinlikdə qoymazdım. Deməli, keyfiyyət etibarilə mən daha yaxşı adamam.
- Belələri çox oldu?
Elşad PAŞASOY
FOTO: “YM”