Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiya Azərbaycanın boru kəmərlərinə hücum edəcək?

27-02-2023, 14:25   


Rusiya Azərbaycanın boru kəmərlərinə hücum edəcək?


Rusiyanın Ermənistanın əli ilə Azərbaycanın boru kəmərlərinə hücum hazırladığı iddia olunur. 

Böyük Britaniyanın “The Express” nəşrinin iddiasına əsasən, Rusiya Prezidenti Vladimir Putin Azərbaycandan qazın nəql olunduğu boru kəmərlərini sıradan çıxarmaq üçün erməni hərbçilərinə təlim keçməyə icazə verəcək. Onun bu addımı Avropaya qaz nəqlinin qarşısını almaq üçün atdığı irəli sürülüb. Qeyd olunub ki, Xəzər dənizinin Azərbaycan sektorundakı Şahdəniz qaz yatağından təbii qazı Türkiyəyə və onun hüdudlarından kənara nəql edən Cənubi Qafqaz boru kəmərinə hücum planlaşdırılır. 

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında bildirib ki, bu iddiaların reallaşacağına inanmaq düzgün deyil:

“Böyük Britaniya ilə Rusiya arasındakı münasibətlər həddindən artıq gərgindir. Ona görə də Britaniya tərəfinin Rusiyaya qarşı müxtəlif iddialarla çıxış etməsi təbiidir. Çünki Böyük Britaniyanın da bu boru xətlərində öz maraqları var. Buna görə də müəyyən həyəcan təbili çalmaları normaldır. 

Müxtəlif versiyalar ola bilər, amma Rusiyanın Azərbaycan və Türkiyəyə ehtiyacı olduğu indiki kritik məqamda belə addım atacağı inandırıcı deyil. Bu addımı sadəcə ermənilər rusların araxasında gizlənərək ata bilərlər. Onlar bütün məsuliyyəti rusların üzərinə atmağa çalışarlar. Yəni ermənilər istənilən vaxt və yerdə təxribat törədə bilərlər. Lakin indiki halda bunun real olacağını düşünmürəm. Çünki boru xətti təkcə Azərbaycanın deyil, həm də Türkiyənin təhlükəsizlik məsələsidir. Eyni zamanda, bu boru xətti Avropanın da maraqlarında olan bir məsələdir”. 

Partiya sədri vurğulayıb ki, indiki şəraitdə Rusiya bu addımı ata bilməz: 

“Hazırda Rusiya özü çalışır ki, müxtəlif vasitələrlə enerji resurslarını Türkiyə və Azərbaycan vasitəsilə satsın. Heç kimə sirr deyil ki, biz Rusiyadan qaz alaraq, Avropaya satırıq. Yəni belə variantlar olan yerdə Rusiya heç vaxt vəziyyəti bu həddə gətirib çatdırmaz. Həmçinin, rəsmi Moskvanın öz maraqları olduğunu da nəzərə almaq lazımdır. Rusiya hazırda Gürcüstanla düşməndir, Ermənistan isə onların kürəyinə xəncər vurur. 

Belə olan bir vəziyyətdə Kreml Azərbaycanla münasibətləri nə üçün gərginləşdirsin? Düşünürəm ki, bu, Böyük Britaniyanın öz təbliğatına lazımdır. Düzdür, Rusiya Azərbaycan tarixində çox mənfi rol oynayıb, yenə də oynamağa davam edir. Amma reallıqlarla da hesablaşmaq lazımdır. İndiki halda Rusiyanın Azərbaycanın boru kəmərlərinə hücum edəcəyi inandırıcı deyil”. 

Elmir Mustafa
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar