"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın pilot tətbiqinə başlanılıb.
Bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilir. Qaydalar ilkin olaraq seçilmiş 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilir. Ümumilikdə 322 min nəfərdən çox şagirdi əhatə edən həmin müəssisələrdə davranış qaydalarının pilot tətbiqi cari tədris ilinin sonunadək davam edəcək.
Qeyd edək ki, ötən ilin oktyabr ayından başlayaraq “Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları” layihəsinin ictimaiyyət nümayəndələri ilə geniş müzakirəsi təşkil edilib. Layihə sənədi Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, Daxili İşlər Nazirliyi, UNICEF, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, qeyri-hökumət təşkilatları və təhsil ictimaiyyəti nümayəndələrinin, o cümlədən ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, psixoloqlar, həmçinin valideynlərlə görüşlərdə keçirilən müzakirələr nəticəsində daha da təkmilləşdirilib.
Son vaxtlar ölkənin ümumtəhsil məktəblərində müəllim və şagirdlərin davranışlarında problemlərin olduğu müşahidə edilir. Hətta sosial şəbəkələrdə yayılan videolarda bunu açıq davranışları görmək mümkündür. Xatırladaq ki, ötən il şagirdlərlə bağlı yeni davranış qaydalarının tətbiqi nəzərdə tutulmuşdu ki, burada müəyyən cəza tədbirləri öz əksini tapır.
Bəs müəllimlərin davranışı nəyə əsasən tənzimlənir və onları hansı cəzalar gözləyir?
Təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, son illər, xüsusilə də 2022-ci ildə müxtəlif məktəblərdə şagirdlərin intizam qaydalarını pozması, şagird-müəllim münasibətlərində ciddi problemlərin üzə çıxması ilə bağlı sosial şəbəkədə videoların yayılması bir daha məktəblərdəki ciddi problemləri göstərdi:
“İllərdir təklif edirik ki, hansısa ayrı-ayrı qaydaların tətbiqi ümumi vəziyyəti düzəldə bilməyəcək. O cümlədən də 300 məktəbə pilot layihənin tətbiq edilməsi heç bir effekt verməyəcək. Təhsil İnstitutu 3-4 ay bundan öncə məktəblərdə davranış qaydalarının hazırlanması ilə bağlı müəyyən bir təklif irəli sürdü. Burada nəzərdə tutulan sarı, qırmızı kartlar kimi bizim məktəblərə uyğun olmayan qaydalar müəyyən olundu. Həmin qayda ötən müddət ərzində 3-10 məktəbdə tətbiq edilməliydi ki, nəticəsi görünsün. Bu qaydalar ona görə nəticə verməyəcək ki, məktəbdən gələn qaydalar deyil.
Bununla bağlı məktəblərdən təkliflərin alınması yaxşı olardı. Çünki həmin qaydalarla işləyəcək şəxslər həmin məktəblərdə olacaq. İndiyədək bir dəfə də olsun məktəb üzü görməyən, məktəbə rəhbərlik etməyən, orada çalışmayan şəxslərin xarici nümunələri tərcümə edərək “məktəblərdə intizam qaydaları yoluna düşəcək” fikri yanlışdır, səmərəsi də olmayacaq. Məsələnin həlli yolu da hər bir ümumtəhsil müəssisəsinin nizamnaməsinin təsdiq olunmasıdır. Nizamnamədə həm şagird davranış qaydaları, əsasnamələr, o cümlədən də müəllimlərin davranış qaydaları öz əksini tapmalıdır. Ancaq hazırda şagird davranış qaydaları Azərbaycan reallığı nəzərə alınmadan tərcümə olunmuş qaydalardır”.
Müəllimlərin davranış qaydalarına gəldikdə isə ekspert deyir ki, Nazirlər Kabinetinin 6 noyabr 2014-cü il tarixli kollegiya iclasında “Müəllimlərin etik davranış qaydaları” təsdiq olunub:
“9 ilə yaxın vaxt keçməsinə baxmayaraq, indiyədək bizim məktəblərdə bu qaydalar real olaraq tətbiq olunmur. Halbuki hər tədris ilində müəllimlər, pedoqoji işçilər yazılı öhdəlik götürməlidirlər. Hər bir məktəbdə etik davranış qaydalarına riayət edilməsi ilə bağlı məsul şəxs müəyyən edilməlidir. Pedoqoji Şurada ötən dövr ərzində həmin məsul şəxsin etik davranış qaydalarına riayət edilməsi ilə bağlı hesabatı dinlənilməlidir. Bütün bunlar olmadıqdan sonra hansısa formal qaydaların tətbiqi səmərə verməyəcək. Bu gün məktəblərdə ən çox elə müəllimlər tərəfindən etik davranış qaydaları pozulur. Həmin davranış qaydalarını məktəb direktorlarının çoxu bilmir. Onların yerinə yetirilməsi mexanizmini bilmirlər”.
Ekspertin fikrincə, məsələnin həlli yolu, ümumtəhsil məktəblərinin nizamnaməsinin qəbul edilməsidir:
“Bildiyimə görə, Elm və Təhsil Nazirliyi bu sahədə işlər aparır və yaxın gələcəkdə ümumtəhsil məktəblərinin publik hüquqi şəxslərə çevrilməsi gözlənilir. “Publik hüquqi şəxs haqqında”, “Təhsil haqqında” və “Ümumtəhsil haqqında” Qanunun tələblərinə uyğun olaraq hər bir təhsil müəssisəsinin nizamnaməsi olacaq və bu məsələlər də orada öz əksini tapacaq. “Etik davranış qaydaları”nın 4-cü maddəsinin 4-cü bəndinin tələblərinə uyğun olaraq bu qaydaların pozulması intizam xətası sayılır. Bu isə müəllimin “Əmək Məcəlləsi”nin 186-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun olaraq intizam tənbeh, töhmət, şiddətli töhmət, hətta onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə gətirib çıxara bilər”.
Nigar Abdullayeva
Cebhe.info