Türkiyədə baş verən zəlzələ ilə bağlı universitetlərdə əyani təhsil dayandırılıb.
Beləliklə, ölkənin 81 vilayətində dərslər onlayn davam etdiriləcək. Səbəb isə odur ki, həmin universitetlərin tələbə yataqxanalarında zəlzələdən zərərçəkənlər yerləşdiriləcək. Qeyd edək ki, hazırda Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 27 minə yaxındır. Təxminən 700-800 tələbə isə zəlzələ baş verən vilayətlərdə təhsil alır.
Zəlzələ baş verən bölgədən Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbakırda 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Qaziantepdə 86, Adanada 169, Kilisdə 2, Malatyada 136 azərbaycanlı tələbə təhsil alır.
Həm zəlzələnin baş verməsi, həm də distant təhsil sisteminə keçidlə bağlı azərbaycanlı tələbələr də vətənə dönmək məcburiyyətindədirlər. Onu da qeyd edək ki, artıq 200-dən çox tələbə zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilib.
Ancaq bununla yanaşı, minlərlə tələbənin Azərbaycana qayıdacağını nəzərə alsaq, onların heç də hamısı AZAL-ın təqdim etdiyi baha qiymətlərlə bilet alıb vətənə gələ bilmirlər. Həmin tələbələrin ölkəmizə gəlməsi ilə bağlı hazırda ən uyğun variantlardan biri onların Naxçıvan sərhədindən keçməklə quru yolundan istifadə etməsidir.
Tələbələr Türkiyə-Naxçıvan sərhədindən keçməklə oradan Bakıya təyyarə reyslərindən istifadə edə bilərlər. Hazırda Naxçıvan-Türkiyə sərhəd keçid məntəqəsindən istifadə mümkündürmü?
Mövcud vəziyyətlə bağlı Dövlət Sərhəd Xidmətindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycanın bütün quru sərhədləri bağlıdır:
“Azərbaycan vətəndaşlarını Türkiyə ilə sərhəddən Naxçıvana qəbul edə bilirik. Ancaq quru sərhəd vasitəsilə ölkədən çıxışa icazə yoxdur”.
Nigar Abdullayeva
Cebhe.info