Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu ilə bağlı istintaq davam edir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, İran istintaqla bağlı Azərbaycana hələ də məlumat verməyib:
“İstintaqın gedişi ilə bağlı rəsmi Tehran Azərbaycan tərəfinə hələ də heç bir məlumat verməyib. Bu səbəbdən istintaqın gedişi ilə bağlı bizdə hansısa məlumat yoxdur”.
Ümumiyyətlə, rəsmi Tehran nəyi gizlətməyə çalışır? Rəsmi Bakı hansı addımları atacaq?
Cebhe.info-ya açıqlama verən politoloq Sahil İsgəndərov bildirib ki, rəsmi Tehranın belə yanaşması gözlənilən idi:
“Bu, son vaxtlarda iki dövlət arasında tarıma çəkilmiş münasibətlərin nizamlanmasına xidmət etmir və İranın Azərbaycanla münasibətlərdə gərginliyin yaranmasında daha çox maraqlı olduğunu göstərir.
Eyni zamanda, İranın xüsusi xidmət orqanlarının, eləcə də İranın yüksək rütbəli zabitlərinin məhz bu terror aktında birbaşa əli olduğundan və ya iştirak etdiyindən xəbər verir.
Əgər belə bir şey yoxdursa, nəyə görə rəsmi Tehran bundan xoflanmalıdır?
Tehran hakimiyyəti bu məsələdə İranın xüsusi xidmət orqanlarının əlinin olmadığı sübut etmək istəyirsə, ilk növbədə həmin araşdırmalara mütləq rəsmi Bakını da qoşmalı və Azərbaycanın hüquq-mühafizə orqanlarının bu istintaqda iştirakı təmin etməli idi. Bununla da İran Azərbaycanla dinc qoşunluq siyasəti yürütdüyünü sübuta yetirməli idi. Birincisi, Azərbaycan ərazisinə hücum olub. İkincisi, qətlə yetirilən və yaralananlar Azərbaycan vətəndaşlarıdır. Amma rəsmi Tehranın bunu etməməsi İranın xüsusi xidmət orqanlarının buradakı rolunun ört-basdır edilməsi ilə bağlı ciddi iş getdiyini göstərir”.
Politoloq vurğulayıb ki, Azərbaycanın bu məsələ ilə bağlı ən ciddi addımı səfirlik əməkdaşlarımızı odlu silahla təmin etmək olmalıdır:
“Azərbaycan tərəfi beynəlxalq qurumlarda, hətta BMT səviyyəsində bu məsələni ciddi şəkildə ortaya qoymalıdır. Ölkəmizə qarşı təşkil olunan bu terror aktına cavab verilməlidir. İranın həm diplomatik, həm də hüquqi konteksdə cavabdehliyi təmin olunmalıdır.
Düşünürəm ki, burada ən vacib məsələlərdən biri İrandakı səfirliyimizin əməkdaşlarının silahla təmin olunmasıdır. İran tərəfi etiraz etsə belə, Azərbaycan tərəfi buna nail olmalıdır. Dövlət tərəfindən Azərbaycana təzyiq etmək üçün belə terror aktları təşkil olunur. Bunun qarşısını almağın da yeganə yolu budur.
Nəzərə almaq lazımdır ki, İranın siyasi rəhbərliyi artıq ölkəsində yerləşən səfirliklərin təhlükəsizliyinə təminat vermir. Xüsusilə biz İran polisinin hərəkətlərində də bunu gördük. Fikrimcə, səfirliyimizdə odlu silahlar xüsusi seyflərdə saxlanılmalı, ən azından qapıda dayanan mühafiçidə konkret olaraq odlu silah olmalıdır. Bunun başqa yolu yoxdur. Gələcəkdə belə qurbanlar verməmək üçün Azərbaycan bu tələbi qoymalıdır”.
Elmir Mustafa
Cebhe.info