“Ermənistan və İranın Azərbaycan əleyhinə fəaliyyət göstərdiyi hər kəsə məlumdur”.
Bu sözləri Globalinfo.az-a politoloq Tofiq Zülfüqarov Azərbaycan mediasının diplomatik mənbələrə istinadla Ermənistanın İranla birlikdə Laçın-Qubadlı istiqamətində təxribat hazırlaşması haqda yaydığı məlumatı şərh edərkən deyib.
O bildirib ki, iki ölkənin hərbçiləri mütəmadi olaraq bir araya toplanıb təlimlər keçirir, ortaq koordinasiyanı müzakirə edir:
“Bu mənada ortaq təxribatın törədilməsi istisna deyil. Türkiyədə baş verən təbii fəlakətlərdən sonra bu iddianın ortaya çıxması təsadüfi deyil. Türkiyənin başının qarışıq olması və İranla Ermənistanın bundan istifadə edərək Azərbaycana hücum keçəcəyi haqda eyforiya yaradılır.
Tofiq Zülfüqarov
Hesab edirəm, Türkiyədə baş verən təbii fəlakət heç nəyi dəyişmir. Hər iki ölkənin müdafiə imkanları yerindədir və istənilən xarici hücuma adekvat cavab verilə bilər.
O ki qaldı Ermənistan və İranın məhz Qubadlı və Laçın rayonlarına hücum edəcəyi iddiasına, bu da təsadüfi deyil. Laçın rayonu dəhliz faktoruna görə önəmlidir. Qubadlı isə Ermənistan-Azərbaycan sərhədinin bir hissəsidir. Hər iki ərazinin ehtimal hədəf olaraq seçilməsi bu baxımdan diqqət çəkir”.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə isə İran və Ermənistanın istənilən təxribat hücumu hər iki ölkənin sonu ola bilər:
“Birincisi, Türkiyədə zəlzələnin baş verməsi heç nəyi dəyişmir. Qardaş ölkədə bir yox, bir neçə ordu var. Yəni bu gün ərazidə Türkiyə hərbçiləri yardımlara qoşulsa da, digər ordular istənilən təxribata aktiv şəkildə cavab verə bilərlər.
Qabil Hüseynli
İkincisi, Azərbaycan Silahlı Qüvvələri xaricdən gələn təxribat və hücumların qarşısını ala biləcək qüdrətə, potensiala sahibdir. 44 günlük Vətən müharibəsində Ermənistanı və onun havadarlarını Müzəffər Azərbaycan Ordusu və onun Ali Baş Komandanı darmadağın etdi. Bunu yenidən təkrarlaya bilərik.
Üçüncüsü, İran ordusu say tərkibinə və digər faktorlara görə bizdən güclü ola bilər, lakin müharibə təkcə ordularla qazanılmır. Bu gün Azərbaycana ediləcək ehtimal hücum dünya miqyasında İrana qarşı aqressiyanın yaranmasına səbəb olar. Onsuz da başda ABŞ və İsrail bu ölkəyə müdaxilə üçün bəhanə axtarır. İran bizə qarşı addım atsa, bu bəhanəni onlara vermiş olacaq”.
Qeyd edək ki, ötən gün haqqın.az saytı İran və Ermənistanın Laçıb-Qubadlı istiqamətində təxribata hazırlaşması haqda məlumat yayıb.