ŞƏKLİN MƏNBƏYİ,AZERTAG
Azərbaycanın Xarici İşlər Nazirliyi vətəndaşlara "zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələrini" tövsiyə edib.
Qurum bunu İrandakı "qeyri-sabit vəziyyət və ölkəmizin diplomatik nümayəndəliyinə qarşı törədilmiş terror aktı" ilə əlaqələndirib.
Hazırda İranda "Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur", XİN-in açıqlamasında deyilir.
Yanvarın 27-də Azərbaycanın İran paytaxtındakı səfirliyinə hücum nəticəsində mühafizə xidmətinin bir əməkdaşı öldürülüb, daha iki nəfər xəsarət alıb.
zərbaycan hökuməti hadisəni "terror aktı" olaraq qiymətləndirib.
ŞƏKLİN MƏNBƏYİ,AZERTAG
Bunu Bakıda jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib: "Biz səfirliyin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq".
Nazir müavininin sözlərinə görə, səfirliyin inzibati binasının və səfirlik əmlakının qorunması ilə bağlı orada 5 nəfər "müəyyən əməkdaşlar" qalacaqlar.
"Amma onlar diplomatik fəaliyyət aparmayacaqlar", - Xələf Xələfov bildirib.
Nazir müavini bu qərarın Azərbaycanın Təbrizdəki Baş konsulluğunun fəaliyyətinə "şamil olunmadığını" qeyd edib.
Xələf Xələfov deyib ki, İranda olan Azərbaycan vətəndaşlarının diplomatik missiya xəttiylə yardıma ehtiyacı yaranarsa, Azərbaycanın Təbrizdəki Baş konsulluğuna müraciət edə bilərlər.
Nazir müavinin sözlərinə görə, hər hansı br ölkədə diplomatik nümayəndəliyin fəaliyyətini dayandırması "çox ciddi məsələdir."
"Biz İran tərəfinin nəzərinə çatdırmışıq ki, səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsində İrana etibarımız yoxdur", - Xələf Xələfov deyib.
ŞƏKLİN MƏNBƏYİ,AZERTAG
Azərbaycanın Tehrandakı səfirliyinə hücumunun qarşısının alınması zamanı həlak olan mühafizə rəisi Orxan Əsgərovun nəşi yanvarın 29-da Bakıya gətirilib.
Göyərtəsində Azərbaycanın İrandakı səfirliyinin təxliyə edilmiş əməkdaşlarının və onların ailə üzvlərinin də olduqları təyyarə saat 22:00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Rəsmi məlumata əsasən, ümumilikdə 53 nəfər təxliyə olunub.
ŞƏKLİN MƏNBƏYİ,ANADOLU AGENCY/GETTY IMAGES
Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan sonra İran polisi diplomatik missiyaların təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı açıqlama verib. Rəsmi Bakı bildirir ki, İranda "anti-Azərbaycan kampaniyasının" aparılması səfirliyə qarşı "bu kimi hücumlara rəvac verib".
İran polis qüvvələrinin sözçüsü ölkədəki diplomatik və beynəlxalq nümayəndəliklərinin təhlükəsizliyilə bağlı açıqlama verib. Mehdi Hacıyan deyib ki, polis bu sahəyə aid vəzifələri yerinə yetirməkdə "öz səylərini əsirgəməyəcək".
"Əmin olun ki, diplomatik yerlərin təhlükəsizliyi və xarici diplomatların təhlükəsiz və peşəkar fəaliyyəti ilə bağlı heç bir narahatlıq yoxdur", polis nümayəndəsinin sözləri BBC Farscada iqtibas olunur.
Rəsmi Tehran Azərbaycanın Tehrandakı səfirliyinə hücumu "kəskin şəkildə" pisləyib və onun "şəxsi motivlər" əsasında törədildiyini deyib. Azərbaycan səfirliyə hücumu "terror" kimi qiymətləndirir. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılıb, - qurum bildirib.
Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini müvəqqəti dayandırıb, əməkdaşların evakuasiyasını həyata keçirəcək, - XİN sözçüsü Ayxan Hacızadə bildirib.
Videoya İnstagramda baxın.
ŞƏKLİN MƏNBƏYİ,ICTIMAI TV
Hücum zamanı həlak olmuş Orxan Əsgərov
Hadisəni törədən şəxs saxlanıb və istintaqa cəlb olunub, Tehran polisinə istinadən İranın yerli mediası yazıb.
İranın Mehr agentliyinin xəbərinə görə, Tehran polisinin rəhbəri general Hüseyn Rahimi vəzifəsindən azad edilib, onu Abbasali Mohammadiyan əvəzləyib. Xəbərdə Rahiminin işdən azad olunma səbəbi göstərilməyib, amma onun vəzifəsindən uzaqlaşdırılması Tehrandakı Azərbaycan səfirliyinə hücumdan sonraya təsadüf edir.
Azərbaycan Prezidenti İlham Əliyev səfirliyə hücumu pisləyərək "terror aktının" araşdırılmasını və "terrorçuların" cəzalandırılmasını tələb edib.
Sosial mediada hücumla bağlı səfirliyin təhlükəsizlik kameralarının çəkdiyi güman edilən video görüntülər yayılıb. Bir kadrda görünür ki, iki nəfər səfirliyin binasına girdikdən bir az sonra bir avtomobil səfirliyin binasına yaxınlaşır, saxlayarkən qarşıda dayanan maşına dəyir.
Sürücü dərhal maşından düşüb binaya sarı sürətli şəkildə gedir. Onun əlində avtomat silah görünür. Səfirliyin qarşısında polis postu var və içərisində bir şəxs oturub və avtomatlı şəxs postun yanından keçərkən onu dayandırmır.
Digər video görüntüdə həmin silahlı şəxsin atəş aça-aça içəri girdiyi və üç kişinin başqa otağa keçdiyi, sonradan ag köynəkli bir kişinin geri qayıdıb silahlı şəxsin əlindən avtomatı almağa çalışdığı görünür.
"Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - İlham Əliyev Twitter hesabında yazıb.
O, "terror aktının" araşdırılmasını və "terrorçuların" cəzalandırılmasını tələb edib: "Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!", - İlham Əliyev yazıb.
Rəsmi Bakı hesab edir ki, son vaxtlar İranda Azərbaycan "əleyhinə anti-Azərbaycan kampaniyasının aparılması" diplomatik missiyaya qarşı "bu kimi hücumlara rəvac verib".
Azərbaycan XİN bildirir ki, İran Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi.
"İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir", - Azərbaycan XİN bildirib.
Rəsmi Bakı İrandan "terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə" tələb edir.
Azərbaycan XİN bildirir ki, günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcəkdir.
Nazirlik səfirlik əməkdaşlarının təhlükəsizliyi üçün tədbilər görəcəyini də bildirib.
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb, qurumun mətbuat xidməti bildirib.
"Görüşdə habelə, son zamanlar İranda ölkəmiz əleyhinə planlı şəkildə anti-Azərbaycan kampaniyasının aparılmasından təəssüf hissi keçirildiyi, baş verənlərin onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirdiyi diqqətə çatdırılıb", - Azərbaycan XİN səfirlə görüşdən yaydığı məlumatda bildirib.
İran səfiri Seyid Abbas Musəvi Azərbaycan səfirliyinə qarşı baş verən silahlı hadisəni kəskin şəkildə pisləyərək baş verənlərdən dərin kədər hissi keçirdiyini, səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verdiyini bildirib. Səfir görüşdə habelə İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, ətraflı məlumatın istintaq prosesi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacağını vurğulayıb, nazirliyin açıqlamasında deyilir.
ŞƏKLİN MƏNBƏYİ,IRANIN AZƏRBAYCANDAKI SƏFIRLIYI
Ayətullah Xameneinin nümayəndəsi və Təbriz məscidinin cümə imamı Mohammad Ali Hashemi Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu qınayıb və "iki ölkə arasında dostluq əlaqələrinin" bərpasına dair çağırış edib.
İran mediasının yazdığına görə, o, Təbrizdə cümə namazı zamanı bildirib ki, "silahlı şəxsin Azərbaycan səfirliyinə girərək bir nəfəri öldürməsini qınayırıq və təhlükəsizlik qüvvələrinə, eləcə də diplomatlara bu məsələni nəzarətdə saxlamağı təklif edirik".
Təbrizin cümə imamı qeyd edib ki, "Allahsız düşmənə öz şəxsi məsələsinə görə iki ölkə arasındakı dostluq münasibətlərinə zərbə vurmağa imkan verilməməlidir".
Tehranda baş verən hücumu İran Prezidenti də pisləyib. İbrahim Rəisi hadisənin hərtərəfli araşdırılmasına dair göstəriş verib. Bu barədə ölkənin vitse-prezidenti Məhəmməd Cəmşidi bildirib.
"Bu kədərli xəbəri eşidəndən dərhal sonra Ayətullah Rəisi hadisənin hərtərəfli araşdırılmasını əmr etdi və hökumətə, Azərbaycan xalqına və mərhum diplomatın ailəsinə başsağlığı və rəğbətini bildirdi", - Məhəmməd Cəmşidi Twitter hesabında yazıb.
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon söhbətində hadisənin əlaqələrə mənfi təsirlərinin qarşısını almağa çağırıb. O, həmçinin insidentin müxtəlif aspektlərini araşdırmaq üçün yaxından əməkdaşlıq etməyi təklif edib, İRNA agentliyi bildirir.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu "kəskin şəkildə" pisləyib. Bu barədə BBC News Azərbaycancaya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilir ki, Nasir Kənani səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib və deyib ki, polis və təhlükəsizlik qüvvələri dərhal hadisə müdaxilə edərək, hücumçunu həbs edib və o, "hal- hazırda dindirilir" və daha ətraflı məlumatın istintaq prosesi başa çatdıqdan sonra açıqlanacaq.
Nasir Kənani əlavə edib ki, müvafiq orqan və qurumlar tərəfindən aparılan ilkin araşdırmaların nəticələri bu hərəkətin arxasında şəxsi motivlərin dayandığını göstərir və ona görə də o, medianı "etibarsız xəbərlər və spekulyasiyalar dərc etməkdən çəkinməyə" çağırıb.
İranın daxili işlər və xarici işlər nazirləri Azərbaycan səfirliyindəki hücumla bağlı müzakirə aparıb, Mehr agentliyi bildirb.
İranın xarici işlər naziri Hossein Amir Abdollahian və bu ölkənin daxili işlər naziri Ahmad Vahidi silahlı şəxsin Azərbaycan səfirliyinə qarşı təşkil edilən hücumunun mümkün səbəb və məqsədləri barədə müzakirələr aparıblar.
Baş verən hadisəni BBC-yə şərh edən Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan səfirliyində yaşananlara İranın hüquq-mühafizə orqanları məsuliyyət daşıyır, çünki təhlükəsizliyi onlar təmin etməli idi.
"Vyana Konvensiyasına görə, bütün diplomatik nümayəndəlikləri qəbul edən hökumət onun təhlükəsizliyini təmin etməlidir. Doğrudur, videolardan görünür ki, səfirliyin qarşısında İranın polis postu var idi. Amma o, heç bir hərəkət etməyib".
Elmar Məmmədyarov bildirib ki, İran tərəfi detallı istintaq aparmalı və nəticəni ilk olaraq Azərbaycanla bölüşməlidir:
"Bilirsiniz ki, Azərbaycan hökuməti İrandan çox ciddi istintaq aparılmasını və işin araşdırılmasını tələb edib. Vyana Konvensiyasına əsasən, İrandakı səfirlik Azərbaycan ərazisi sayılır və orada baş verən terror aktına görə - Azərbaycan vətəndaşının öldürülməsinə görə çox güman ki, Azərbaycan hüquq mühafizə orqanları, o cümlədən, Baş Prokurorluq da cinayət işi qaldırmalıdır. Yəqin ki, iranlı həmkarları ilə birlikdə bu işi aparmalıdırlar və əlbəttə ki, İran istintaqın nəticələrini ilk növbədə Azərbaycanla bölüşməlidir. Hadisənin hansı məqsədlə törədildiyini isə istintaq müəyyənləşdirməlidir".
ŞƏKLİN MƏNBƏYİ,SOSIAL MEDIA
Cümə günü Azərbaycanın paytaxtı Tehranda yerləşən səfirliyinə silahlı hücum olub, bir nəfər ölüb, iki nəfər yaralanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi cümə günü yaydığı məlumatda bildirib ki, hadisə səhər saatlarında baş verib.
"Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir", - məlumatda deyilir.
Nazirlik hazırda araşdırma getdiyini bildirib.
Tehran şəhər polisinin komandiri bildirib ki, Azərbayanın Tehranda yerləşən səfirliyinə hücum edən şəxs hadisədən dərhal sonra saxlanılıb.
Paytaxt polis rəisi general Rahiminin sözlərinə görə, cümə günü səhər saatlarında səfirlik əməkdaşlarından biri səfirlik binasına girərkən silahlı şəxs də həmin vaxt Azərbaycanın bu ölkədəki səfirliyinə daxil olub, İranın Mehr agentliyi yazıb.
"Bir nəfər əlindəki silahla Azərbaycan səfirliyinə girib. Onun həyata keçirdiyi silahlı hücum nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb", - İran mediası general Rahimiyə istinadən yazıb.Polis rəisi əlavə edib ki, "ibtidai istintaq onu deməyə əsas verir ki, hücumun səbəbi şəxsi və ailə problemləri ilə bağlı olub".
Bir neçə aydır ki, İranla Azərbaycan arasında gərginlik müşahidə olunur.
Azərbaycan İranı Ermənistana açıq dəstək göstərməkdə, İran isə Azərbaycanı İsraillə əlaqələr qurmaqda ittiham edir.
Ötən il bu gərginlik tərəflərin sərhəd ərazilərdə hərbi təlim məşqlərlə güc nümayiş etdirməsinədək yüksəlsə də, ilin sonuna yaxın münasibətlərdə müəyyən yumşalma müşahidə edilirdi.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ötən ilin sonunda keçirdiyi mətbuat konfransında İranla arasında gərgilik olduğuu etiraf etmiş, amma vəziyyəti "dramatikləşdirmək istmədiyini söyləmişdi.
Bu, müstəqillik qazanandan sonra Azərbaycan səfiriyinə ikinci hücumdu. Bundan əvvəl, ötən ilin avqustunda Azərbaycanın Britaniya paytaxtı Londonda yerləşən səfirliyinə səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxmış, divarlara, pəncərələrə ərəb dilində şüar yazmış və səsləndirmişdilər.
Bir neçə gün öncə hər iki ölkənin xarici işlər nazirləri Özbəkistan paytaxtı Daşkənddə keçirilən beynəlxalq görüş çərçivəsində bölgədəki vəziyyəti və Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığı" müzakirə etmişdilər.
BBC.com