Son 19 ildə Azərbaycanda bütün sahələrdə, o cümlədən, səhiyyədə genişmiqyaslı islahatlar gerçəkləşdirilib.
Belə ki, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilk gündən əhalini icbari tibbi sığortaya cəlb etmək, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək, sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq, həmçinin icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icrasını təmin etməyi qarşıya mühüm vəzifə kimi qoymuşdur.
Bu gün əhalinin bir qismi bu sistemlə bağlı məlumatlı olsa da, bəzi vətəndaşlar hələ də bu barədə ətraflı məlumata malik deyillər. Buna baxmayaraq, bu gün xəstəxanaların qarşısında məhz icbari tibbi sığorta ilə bağlı uzun növbələrin şahidi oluruq.
Vətəndaşlar saatlarla xəstəxanaların qarşısında dayanaraq həkim qəbulu, yaxud da hansısa tibbi avadanlıqdan yararlanmağa çalışırlar. Həkim qəbulu isə müəyyən sayda xəstə ilə məhdudlaşır ki, nəticədə pasientlər növbəti gün yenidən xəstəxana qarşında gözləməli olurlar.
Bu istiqamətdə mövcud problemi aradan qaldırmaq, insanların rahat şəkildə növbəyə yazılması üçün onlayn sisteminin tətbiqi mümkündürmü?
Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev Cebhe.info-ya bildirdi ki, xəstəxanaların qarşısında növbələrin yaranmasının bir sıra səbəbləri var:
“Çünki xəstəxanaların maddi-texniki bazalarını artırmaq, yeni xəstəxanaların tikilməsi, köhnə xəstəxanaların təmiri üçün ayrılmış vəsaitləri mənimsəyirlər, ona görə də belə növbələr yaranır.
Kifayət qədər xəstəxana və tibbi avadanlıq olsa, o zaman belə növbələr olmaz. Eyni zamanda, tibb işçilərinin maddi stimulu olmadığına görə onlar çalışmaq üçün xarici ölkələrə gedirlər. Çünki orada yaxşı məvacib verirlər. Burada qalıb işləmək istəmirlər, nəticədə tibb işçisi problemi var. İcbari tibbi sığorta yeni başlayıb və ondan qısa zamanda fantastik müsbət nəticələr gözləyə bilmərik. Ancaq ötən dövr ərzində bundan qat-qat artıq işlər görmək olardı. Maarifləndirmə işi çox zəifdir.
Televiziya kanallarında və digər KİV-lərdə bununla bağlı maarifləndirmə ilə bağlı təbliğat işləri aparmaq lazımdır. O qədər bayağı verilişlər var ki, ancaq bu sahədə maarifləndirmə aparılmalıdır.
Mən hər dəfə xəstələrə deyirəm ki, əgər maddi imkanın yoxdursa, dövlət xəstəxanasına müraciət edə bilərlər. Bildirirlər ki, bizim sığortamız yoxdur. Hazırda hamının sığortası var. Təəssüflər olsun ki, maarifləndirmə işləri zəifdir. Əgər məmur vəzifəsində hansı sahədə olmasından asılı olmayaraq, canı, qanı, vətənpərvər olaraq çalışmırsa, onlayn deyil, nə yaratsan da xeyri yoxdur. Önəmli olan məsul olan şəxslərin öz işini vicdanla görməsidir. Təəssüf ki, bu sahədə boşluqlar çoxdur”.
Həkim-terapevt Rasif Bağırov isə deyir ki, əslində xəstələrin bəzi tibbi avadanlıqlardan istifadəsi ilə bağlı növbələr yaranır:
“Müəyyən göndərişlər, analizlər olur ki, xəstəxanalar uzun müddət növbədə dayanmalı olurlar. Bunun həlli kimi şəhərin müxtəlif özəl xəstəxanalarında tibbi avadanlıqlar var və vətəndaşları xəstəxanalara “paylayıb” həmin problemi həll etmək olar.
Bundan başqa əgər poliklinikalarda icbari tibbi sığorta varsa, niyə poliklinikalarda biokimyəvi analizlər aparılmır, hamı xəstəxanalara göndərilir? Bunu poliklinikaların özündə təşkil edə bilər ki, insanlar saatlarla növbədə dayanmasın.
Elə hallar olur ki, vətəndaşlar 2-3 gün növbədə dayanır ki, analiz versin. Bunun həlli kimi poliklinikaların laboratoriya sistemini yenidən qura bilərlər ki, xəstəxanalar üçün əziyyət olmaz. Hətta elə aparatlar olur ki, “KT”, “MRT”, müxtəlif orqanların yoxlanması üçün növbələr yaranır.
Ancaq onlar da müqaviləni 1, yaxud 2 kinika ilə bağlayıblar, o zaman növbə yaranır. Bunun haqqında düşünmək lazımdır. Bu gün insanlar növbələrdə çox əziyyət çəkirlər. Bunu da ardan qaldırmaq üçün ilk növbədə poliklinikalarda laboratoriya sistemini təkmilləşdirmək, müasirləşdimək, həmçinin digər aparatlar ilə bağlı bir neçə özəl klinika ilə müqavilə bağlamaq, xəstələri müxtəlif istiqamətlər göndərmək lazımdır uzun növbələr yaranmasın”.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə bildirdilər ki, hazırda onlayn sistemin tətbiqi üzərində iş gedir. Hazır olduqda bu sistem istifadəyə veriləcək.
Nigar Abdullayeva
Cebhe.info