Xəbər verdiyimiz kimi, Azərbaycanda koronavirus pandemiyası mutasiyaya uğrayandan sonra neçə aydır ki, davam edən çox güclü virusun yayıldığı bildirilir.
Sözügedən xəstəlik güclü boğaz ağrısı, yüksək hərarət, öskürək və qulaq ağrısı ilə müşayiət edilir. Bəziləri bunun koronavirus, bəziləri də qrip növü olduğundan şübhələnirlər. Səhiyyə Nazirliyindən son günlər əhali arasında hərarət, baş ağrıları, ümumi zəiflik, boğazda ağrılar, öskürək, burun axması və s. əlamətlərlə müşayiət olunan çoxsaylı xəstələnmə hallarına rast gəlindiyi təsdiqlənib. Amma ictimaiyyətə hələlik yayılan xəstəliyin nə olduğu barədə dəqiq məlumat verilmir.
Digər tərəfdən də koronavirus (COVİD-19) infeksiyasının “kraken” adlı yeni ştamı hazırda Avropada yayılıb. “Kraken” artıq Danimarka, Fransa, Avstriya, Niderland, Almaniya, İtaliya, İspaniya, İsveç, İslandiya, Belçika, Çexiya, Portuqaliya və İrlandiyada tapılıb. Azərbaycanda insanların sözügedən ştama yoluxması barədə fikirlər var.
Səhiyyə Nazirliyinin mütəxəssisi, infeksionist Təyyar Eyvazov açıqlamasında bildirib ki, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən verilən məlumata görə, bu şəxslərdən götürülmüş nümunələrdə arabir koronavirus aşkarlanır. Qeyd edək ki, xəstəlik təkcə böyük yaşlı insanlarda deyil, uşaqlar arasında da eyni əlamətlərlə müşayiət olunur.
Maraqlıdır, Azərbaycanda böyüklər qədər uşaqlar arasında yayılan yayılan virus nədir?
Cebhe.info-nun bu barədə suallarını pediatr Xəyalə Quliyeva cavablandırıb. Həkim bildirib ki, son günlər uşaqlar arasında geniş yayılan infeksiyalar sırasında influenza dayanır:
"Bu, qrip infeksiyasıdır. Burun axması, temperatur, öskürək, xüsusən də inağ tipli öskürək şəklində özünü göstərir. Xəstəlik ağciyərlərin iltihabı ilə, həmçinin, orta qulağın iltihabı diaqnozu ilə özünü göstərir. Temperatur 39- 40, bəzən 41 dərəcəyədək qalxır. Mütləq belə halda həkim baxışı tövsiyə olunur".
Həkim bildirib ki, uşağı xəstə olan analar “Facebook”-da, “Instagram”-da post açıb, bir- birilərindən dərman soruşmağa çalışırlar:
"Anaların bu tip davranışı, yəni tövsiyə xarakterli, həkim olmayan insanlardan tibbi məlumat alması uşağın daha da ağırlaşmasına gətirib çıxarır. Ona görə də mütləq şəkildə həkim baxışı lazımdır. Həkim baxışından sonra isə müayinələrə, analizlərə ehtiyac olur. Baxışdan sonra uşağa antibiotik təyin oluna bilər. Amma anaların yerli- yersiz antibiotik istifadəsi uşaqlarının daha da ağırlaşmasına səbəb olur".
Pediatr bildirib ki, yayılmış infeksiyalar tək qrip deyil. Eyni zamanda, bağırsaq virusudur ki, qusma, ishal, qızdırma ilə özünü göstərir:
"Bu zaman uşaqda yüksək hərarət olur, 41 dərəcəyədək qalxa bilir. Vəziyyətin ağırlaşmasına səbəb anaların uşaqlarını bağçaya, məktəbə göndərməsidir. Belə halda uşaq xəstə olaraq evdə izolə olunmuş şəkildə müalicə almalıdır. Gigiyenik tədbirlərdən istifadə olunmalıdır".
Aylin
Cebhe.info