Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Pensiya narazılığı: “40 mini ödəyə bilməyəcəksinizsə, canfəşanlıq etməyin mənası yoxdur”

7-01-2023, 17:16   


Pensiya narazılığı: “40 mini ödəyə bilməyəcəksinizsə, canfəşanlıq etməyin mənası yoxdur”


Əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflər təqdim ediləcək.

Bununla bağlı Nazirlər Kabinetinə 10 gün vaxt verilib.

Xatırladaq ki, hazırda Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manatdır. “Minimum pensiya məbləğinin 240 manatdan 280 manata çatdırılmasının pensiya kapitalının minimum məbləğinə də təsiri olacaq”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Qeyd edək ki, 2022-ci il üzrə minimum pensiya kapitalı artırılaraq 34 560 manat təşkil edib. Ondan əvvəl həmin rəqəm 28 800 manat olub. 

Son vaxtlar ən çox müzakirələrə səbəb olan məsələlərdən biri də məhz pensiya sistemi ilə bağlıdır. Burada əsas problem kimi iki məsələ- pensiya yaşı və pensiya kapitalı göstərilir. Belə ki, vətəndaşlar hazırda 65 olan pensiya yaşının  azaldılmasını, eləcə də pensiya kapitalının yüksək rəqəm təşkil etdiyini bildirirlər. Başqa sözlə, nə pensiya yaşına insanların ömrü, nə də həmin kapitalı toplamağa vəsaiti çatır. Artıq pensiya kapitalı ilə bağlı rəqəmin daha da artması vətəndaşların narahatlığını daha da artırıb.

Bu gün vətəndaşları maraqlandıran odur ki, həmin vəsaiti toplamağa ömürləri çatacaqmı? İqtisadçı-ekspert Natiq Cəfərli bildiirb ki, minimum təqaüd artan kimi tələb olunan pensiya kapitalının həcmi də artır:

“Qanunvericiliyə görə, yığım kapitalı minimum təqaüdün 144 dəfəsi qədər olur, yəni son qərardan sonra yığım kapitalı 40 min 320 manat qalxır, dünənə qədər isə bu 34 min 560 manat idi. Bu qayda dəyişməsə, minimum təqaüd hər il 10-15% artsa (280 manat çox aşağı rəqəmdir, əslində artmalıdır), məsələn, 3-5 ilə 500 manata qalxsa, o zaman pensiya kapitalının minimum həddi 72 min olacaq. Yaxşı, bu həddə çatmaq üçün nə qədər, neçə il işləmək lazımdır ki, normal təqaüd alasan? Minimum əməkhaqqının VÖEN-lə çalışanların DSMF-yə ödənişləri arasında bağlantı qanundan çıxarılmalıdır. İkincisi minimum təqaüdün yığım kapitalı arasında olan formul yığışdırılmalıdır”. 

İqtisadçı-ekspert Rəşad Həsənov isə Cebhe.info-ya bildirib ki,  pensiya sistemi yenidən qurulmalıdır:

“Pensiya sistemi eyni zamanda təşviqedici olmalıdır. Xüsusilə də əsas məsələ qeyri-leqal əmək bazarının şəffaflaşması və beləliklə də insanların sosial müdafiə mexanizmlərinə çıxışının asanlaşmasıdır. Çünki bizim əmək bazarında xüsusilə də pensiya sisteminin təşviqedici olmaması səbəbindən kifayət qədər qeyri-formal məşulluq var və onlar da heç bir sosial müdafiə mexanizmlərindən yararlana bilmirlər. Yəni işsizliyə görə sığorta alır, nə pensiya, nə sosial müavinət, nə əmək qabiliyyətinin itirilməsi və s. təminatları var. Demək olar ki, sosial mexanizmlərə çıxışın sadələşdirilməsi və əhatəliliyin artırılması məhz Azərbaycanda pensiya təminatı sisteminin yenidən qurulması zərurətini yaradır. Təbii ki, digər əsas məsələ pensiya təminatı sistemindəki şərtlərdir”. 

Ekspert bildirib ki, minimum pensiya kapitalının toplanması minimum əməkhaqqı alanlar üçün çox çətindir:

“Artıq onlar minimum pensiya kapitalını toplama şərti ilə deyil, sadəcə minimum 25 illik sığorta stajı tələbini ödəmək şərtilə pensiya hüququ əldə etməlidirlər. Bu zaman onlara minimum pensiya veriləcək. Yəni istənilən halda 25, 45, hətta 60 il işləsəniz belə, yalnız sığorta stajı tələbinin yerinə yetirilməsi şərtilə pensiya hüququ qazanırsınız və minimum pensiya almış olursuz. Bu da müəyyən mənada ədalətlilik prinsipinin pozulması, insanlar arasında haqlı narazılığın yaranmasına səbəb olur. Çünki 45 il işləyən də, 25 il işləyən də eyni pensiyanı alır. Bu məsələ yalnız minimum əməkhaqqı ilə əlaqəli  deyil. Hətta sahibkarlıq subyekti kimi fəaliyyət göstərən fiziki şəxslərin, fərdi sahibkarların ödədiyi ödənişlərdə də eyni problem var.

Yəni onlar heç bir halda böyük kapitallar toplayıb, bu kapitallar hesabına pensiya hüququ əldə etməyiblər. Onlar da yalnız sığorta stajı çərçivəsində pensiya hququ əldə edirlər. Torpaq mülkiyyəçilərində də eynidir. Yəni torpaq mülkiyyətçiləri, sahibkarlıq subyektləri, minimum əməkhaqqı alanlar, böyük bir sosial qrup özləri könüllü şəkildə yığım etməsə, yalnız minimum şərtlərlə pensiya hüququ əldə edir ki, bu da ahıllıq dövründə Azərbaycan əhalisinin əhəmiyyətli hissəsinin təminatının zəif olmasına gətirib çıxarır.

Ona görə də bu məqamın yenidən işlənməsinə ehtiyac var. Pensiya sistemi bütövlükdə bir balansı təmin etməlidir. Daha müasir çağırışlara uyğun olaraq Azərbaycanda yığım əsaslı pensiya sisteminin də tətbiq edilməsi mümkündür. Bunun da işlənib hazırlanması çağırışlardan biridir. Pensiya yaşı məsələsi ilə xüsusilə əhalinin yaşı arasında təbii asılılığın dünya ortalamasının qorunması ilə bağlı məsələ də öz həllini tapmalıdır ki, bu da indiki şərtlərdə pensiya yaşının azaldılması zərurəti yaradır”. 

Ekspert deyib ki, ölkəmizdə pensiya sistemi yığım əsaslı deyil:

“Hesabda toplanılan vəsaitin sadəcə virtual rəqəmi var. Yəni hansısa formada müraciət edilsə ki, bu vəsaiti mənə ver, ortada o vəsait yoxdur. Bu, bir öhdəlikdir. Hökumət vətəndaşdan aldığı pulu kredit kimi götürür. Sığorta ödənişlərini kredit kimi götürür, öz məqsədinə yönəldir. Yəni DSMF-nin xətti pensiyaçıların pensiyasının ödənilməsinə yönəldir. Vətəndaşa da vəd verib ki, filan yaşa çatanda sizə pensiya verməyə başlayacağam, yaxud bu pulu qaytaracağam.

Bu kapital həm də inflyasiya səviyyəsinə görə indeksləşdirilir. Pensiyanın özü orta aylıq əməkhaqqının artımına görə, kapital isə inflyasiya səviyyəsinə görə indeksləşdirilir. Onu da hesab edin ki, depozit qoymusunuz və sizə verilən faizlərdir. Ancaq o da sizə birbaşa verilmir, vəd olunan zaman çatanda hökumət onu verir və mexanizm bu şəkildə qurulur”. 

Ekspertin sözlərinə görə, pensiya kapitalının yaşdan asılı olaraq hansı məbləğə çatacağı bilinmir:

“O dəyişən indiqatordur, proqnozlaşdırıla bilən deyil. Bu, çox vacib bir məsələdir. Pensiya kapitalı minimum pensiya ilə əlaqəlidir. Pensiya kapitalının düsturu belədir - 144 rəqəmi minimum pensiyaya vurulur. Yəni 144 rəqəmi 12 il pensiya dövrüdür. İllər ərzində minimum pensiya nə qəsər artacaqsa 144 rəqəminə vurulacaq. Bu gün üçün 34 min 560 manatdır. Yeni rəqəm çox güman ki, fevral ayında qüvvəyə minəcək, o zaman yeni kapital tələbi 40 minə yaxın olar.

Beləliklə, 34 min 560 min ilə 40 min arasında kapitala görə pensiya hüququ yaranan vətəndaşlar məhz kapitala görə pensiya hüququndan məhrum olacaqlar. Ümid edək ki, onların bir qismi heç olmasa sığorta stajını yerinə yetirməklə pensiya hüququ əldə edə bilərlər. Yəni sistem özü proqnozlaşdırıla bilən deyil və çox vacib bir məqamdır”.

 Ekspert onu da vurğulayıb ki, əksəriyyət yalnız sığorta stajına görə pensiya hüququ əldə edir:

“Orada da çox ciddi qanun pozuntusu var idi. 2017-ci ildə qanuna dəyişiklik etdikdə birbaşa olaraq 25 il sosial sığorta stajı tələbi qoyuldu. Bizim sığorta sisteminin 11 yaşı var idi. O vaxt layihəni mən işləmişdim və sübut etdim ki, Konstitusiyaı pozulub. 2018-ci ildə sığorta stajının hədiyyə edilməsi ilə bağlı dəyişiklik edildi. Sonradan heç olmasa 1 ay da olsa hesabına kapital düşmüş insanlara 25 il sosial sığorta hədiyyə verməklə Konstitusiya pozuntusunu qismən də olsa aradan qaldırmış oldular.

Ümumiyyətlə, kapitalla öhdəliyin yerinə yetirilməsi ilə sığorta ilə öhdəliyin yerinə yetirilməsi əslində müəyyən bir rəqəmdə eynidir. Çünki 25 il də sosial sığorta stajını yerinə yetirmiş olsanız, minimum pensiya alırsız. Yaxud 40 mini toplayıb yenə 144-ə böləcək və minimum pensiya verəcəklər.

Kapital o vaxt yaxşı olur ki, daha çox sığorta ödəmisiz, hesabınızda 60-150 min pul var. Məsələn, hesabınızda 150 min pul varsa, onu 144-ə böləndə 1100-1050 manat pensiya olur. Ancaq 40 mini ödəyə bilməyəcəksinizsə, artıq sığorta ödənişinin ödəyib bu prosesdə canfəşanlıq etməyin mənası yoxdur. Sadəcə sığorta ödənişi tarix olaraq 25 il öz əksini tapsın”. 

Nigar Abdullayeva
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar