Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” hazırlanıb.
Sözügedən layihə artıq nazirliyin saytında yayımlanıb. Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları ilə bağlı çərçivəni müəyyən edəcək sənəddə müxtəlif məqamlar yer alsa da, daha çox maraq doğuran şagirdlərə geyim və xarici görünüşlə bağlı qoyulan qadağalardır.
Qaydalarda qeyd olunur ki, şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli, dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı, ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməli (məktəbli forması, ayaqqabı və s.), geyim səliqəli və təmiz olmalı uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı, fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər. Şagirdlərə tətbiq olunan qadağalar bunlardır: çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal.
Həmçinin, ümumi təhsil müəssisələrinin yuxarıda qeyd olunanlarla bağlı daxili qaydalar tərtib etmələri tələb olunur.
Hələ Misir Mərdanovun təhsil naziri olduğu dövrdə qeyri-rəsmi olaraq məktəblərə müəllimlərin geyimi ilə də bağlı göstəriş verilmişdi. Göstərişə əsasən, müəllimlərin məktəbdə şalvar geyinməsi qadağa edilmişdi. Müşahidələr göstərir ki, hazırda da məktəblərdə eyni qayda qüvvədədir. Hətta bəzi məktəblərdə müəllimlər üçün uniforma tətbiq edilsə də, bu, kütləvi xarakter daşımadı. Yeni sənədin tərtibi və ictimai müzakirəsi müəllimlərin geyimini də təkrar gündəmə gətirib.
Cebhe.info bununla bağlı təhsil ekspertlərinin rəyini öyrənib. Kamran Əsədov şagirdlərə tətbiq edilən qaydanın müəllimlərə də şamil edilməli olduğunu söyləyib:
“Tədris prosesində intizamı qorumaq üçün müəllimlərin də vahid qaydaya riayət etməsi mütləqdir. 2014-cü ildə “Müəllimlərin etik davranış qaydaları” təsdiq olunub. Hesab edirəm ki, Azərbaycanda da dünyanın bir sıra ölkələrindəki kimi müəllim formaları tətbiq edilə bilər və edilməlidir. Biz şagirdlərimizə bu qədər qadağalar qoyuruqsa, mütləq şəkildə tədris prosesində iştirak edən hər kəs üçün bunu etməliyik”.
Elçin Əfəndi vahid müəllim geyimi məsələsinə Elm və Təhsil Nazirliyi tərəfindən baxılmayacağını deyib:
“Bu gün Azərbaycan məktəblərində 150 mindən çox müəllim çalışır. Bu müəllimlərin hər birinə vahid geyim formasının tətbiqi işə qəbul zamanı onsuz da onlara deyilir. Mövcud durumu dəyərləndirsək, bəzi tətbiqlər mütləqdir. Amma bunun Elm və Təhsil Nazirliyi tərəfindən edilməsi gözlənilmir”.
Elşən Qafarov bir çox məktəb müəllimlərinin korporativ geyim norması haqqında anlayışsız olduğunu bildirib:
“Təhsilverənlərin vahid geyim forması ilə bağlı qanunvericilikdə hər hansı bir müddəa yoxdur. Amma onların korporativ geyim normaları haqqında təlimat var. Bu, 2018-ci ildə Elm və Təhsil Nazirliyinin kollegiya iclasında qəbul olunub. Orada göstərilir ki, müəllim nələri geyinə bilər, nələri geyinə bilməz. Amma hazırda təhsilverənlərin vahid geyim formasında olması müzakirə olunmur. Düşünmürəm ki, vahid forma olmalıdır, amma ən azından korporativ geyim formaları ilə bağlı qəbul edilən təlimata riayət olunmalıdır. Məktəb rəhbərlərinin və müəllimlərin özünün bu təlimatdan xəbəri yoxdur və kim necə gəldi geyinir. Bir çox məktəbdə bu kimi nümunələr var”.
Naibə
Cebhe.info