Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Məktəbdən qovmaqla onları küçə uşağına çevirəcəyik, gedib narkomanlara qoşulsun?” - ETİRAZ

21-10-2022, 16:04   


“Məktəbdən qovmaqla onları küçə uşağına çevirəcəyik, gedib narkomanlara qoşulsun?” - ETİRAZ


Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb. 

Hər iki sənəd ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən edir. Sənədlər dünəndən etibarən 2 həftə ərzində ictimai müzakirəyə çıxarılır. Toplanmış rəy və təkliflər nəzərə alınaraq sənədlərin son versiyası hazırlanacaq, 2023-cü ilin əvvəlindən etibarən isə tətbiqinə start veriləcək. ETN məlumatına görə, 2021-2022-ci tədris ili ərzində 100-dən çox ümumi təhsil müəssisəsində aparılmış keyfiyyət monitorinqlərinin nəticələrinin təhlili məktəb proseslərinin tənzimlənməsi ilə bağlı bir sıra prosedurların yenilənməli və ya təkrar hazırlanmalı olduğunu bir daha göstərib. 

O cümlədən, şagird davranışının və valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi ilə bağlı qaydaların yenidən işlənməsinə ciddi zərurət yaradıb. Artıq bir neçə gündür ki, ETN-nin təqdim etdiyi yeni sənədlərlə bağlı müxtəlif fikirlər səslənir. Qaydalarda göstərilən maddələrdə müsbət məqamlarla yanaşı, bəzi fikirlərlə razılaşmayanlar da var. 

Yeni sənəd məktəblərdəki mövcud problemlərin həll edəcəkmi? 

Təhsil üzrə ekspert Nadir İsrafilov Cebhe.info-ya bildirib ki, bu qaydaların nizam-intizam yaradıb-yaratmayacağı zamana bağlı olan məsələdir: 

“Çünki biz neçə illərdir ki, qaydalar qəbul edirik, təlimatlar hazırlayırıq, bunların hər birinin tam şəkildə həyata keçirilməsində müəyyən boşluqlar əmələ gəlir. Bəzən müəyyən işlək mexanizmlər olmur. Hər halda nəticə verib-verməməsindən asılı olmayaraq, belə bir təşəbbüs müsbət haldır. Son illər məktəblərdə neqativ halların sayı durmadan artır. İctimaiyyət münasibət bildirsə də, Elm və Təhsil Nazirliyinin münasibəti lazım idi. Belə bir davranış qaydaları, təlimatın hazırlanması nazirliyin məsələyə reaksiyası baxımından təqdirəlayiqdir. Bu, hələ ki layihə formasındadır. Ancaq bir məsələ də var. Hələ ki, bu qaydalar mətbuatda hissə-hissə dərc olunur. Bu layihənin tam formasının birdəfəlik dərc olunması lazımdır”. 

Ekspertin sözlərinə görə, ilkin materiallarla tanışlıq göstərir ki, burada qeyri-mücərrəd, abstrakt məsələlər var: 

“Loru dildə desək “suyu çoxdur”, elə məsələlər var ki, həddindən artıq xırdaçılığa gedilib. Məsələn, qeyd edilir ki, “Məktəbdə saxlanılacaq”, yaxud “Qırmızı kart”, “Sarı kart”, “Narıncı kart”ın təsirləri ilə bağlı məlumatlar həddindən artıq xırdaçılıqdır. Belə çıxır ki, müəllimlərin işi-gücü rəngli kağızlardan məktub düzəltmək olacaq. Məktəbdə psixoloq var, onsuz da valideynlərlə əlaqə saxlanılır. Yaxud sənəddə məktəblinin geyimi ilə bağlı məsələyə toxunulur. Bir tərəfdən Nazirlər Kabineti qərar qəbul edir ki, vahid məktəbli formasına keçək. Əgər vahid məktəbli formasına keçiriksə, təzədən təlimat formalarına ehtiyac yoxdur. Biz əgər bu qaydalarla işləyəcəyiksə, o zaman vahid məktəbli forması nəyə lazımdır? Müstəqilliyin ilk illərində “Təhsil islahat proqramı” var idi və orada yazırdı ki, bu kimi layihələrə geniş ictimaiyyətin cəlbi təmin edilməlidir. Mən bu yeni sənədin müzakirəsində  iştirak etməmişəm. Orada deputat, təhsil rəsmiləri və KİV-dən başqa kimisə görmədim. Ölkədə tanınan təhsil mütəxəssisləri, psixoloqlar var ki, onların da iştirakı təmin olunmalı idi. Yeni qaydalara görə, məsələn, müəllim baxmalıdır ki, hansı gün telefona ehtiyac var, valideynə xəbər etməlidir. Bir kəlmə qadağan oluna bilər ki, şagird məktəbə smartfon gətirməsin. Danışıq üçün 60-70 manata birfunksiyalı telefonlar var. Niyə 3-4 min manatlıq bahalı telefonlar məktəbə gətirilməlidir? Yəni elə məsələlər var ki, çox primitivdir, hamıya məlumdur. Geyimlə bağlı hər məktəb qaydalara öz qaydalarını əlavə edə bilər. Hər məktəb özünə müvafiq qaydalar tətbiq edəcəksə, o zaman bu qaydaların mahiyyəti nədən ibarət olacaq? Yaxud buradakı kartlarla bağlı demək olar. Məsələn, 8 “yaşıl kart”a görə “tərifnamə” veriləcək. Kim zəmanət verir ki, hansısa sinif rəhbəri, müəllim bundan sui-istifadə edib həmin “kartların”sayını artırmayacaq? Burada çox məsələlər var”. 

Ekspert vurğulayıb ki, “Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi” var: 

“Yəni məktəbin fəaliyyəti onun nizamnaməsi ilə müəyyən olunur. Elə məsələlər var ki, məktəbin ali icraedici orqanı- Pedoqoji Şurası var. Yəni o qaydalar olmadan da Pedoqoji Şura davranış qaydaları ilə bağlı məsələni müzakirəyə çıxarıb, müəyyən qərar qəbul etmək səlahiyyətinə malikdir. Valideynlərlə işə gəldikdə isə bununla bağlı məktəbdə komitə, assosiasiya formasında fəaliyyət göstərirlər. Hər məktəbin nümunəvi nizamnaməsi var ki, o nizamnamədə təhsil alan və təhsil verənlərin hüquq və vəzifələri var. Sadəcə həmin hüquq və vəzifələrə yenidən baxılmalıdır. Çünki bir neçə il öncə qəbul edilən nizamnamədir. Məktəb və valideyn arasında əməkdaşlığın optimal həlli yolu tapılmalıdır. Ona görə də hesab edirəm ki, bu davranış qaydalarının hazırlanması, müzakirəsi reaksiya verilməsi baxımından faydalıdır.  Son variant təkmilləşməlidir, artıqlıq təşkil edən məsələlər, “suyu sıxılıb” normativ sənəd şəklinə salına bilər. Burada yalnız “kart”məsələsi deyil. Məsələn, biz Milli Məclisdə İntizam Komitəsi yaratmışıq. Kimi intizama cəlb ediblər? Administrativ inzibati yolla məsələni həll etmək olmur. Məsələn, belə bir maddə var ki, İntizam Şurasına valideynlərin üzvlüyü məcburidir. Hansı valideyni məcbur etmək olar ki, bu şuraya üzv olsun? Məktəb istədiyi valideyni üzv seçəcək. Nə isə bir sənəd ortaya çıxarırqsa, tələm-tələsik yanaşmaq olmaz. Məktəbli forması ilə bağlı məsələni bu gün də həll edə bilməmişik, heç gələn il də həll edə bilməyəcəyik. Bu kimi məsələlərdə iş görmək xatirinə söz demək, rəy yaratmaq ki, işləyirik, bu lazım deyil. Təşəbbüslər lazımdır. Bütün təkliflər yığılandandan sonra son variant dərc olunmalıdır. Reaksiyalar da müxtəlifdir. ETN bu cür qaydalar hazırlamaq fikrinə düşübsə, bu müzakirələr getməli, son variantda buraxılmalı idi”. 

Ekspertin fikrincə, qaydalarda bir çox maddələr mücərrəd xarakter daşıyır: 

“Məktəbdə saxlamaq” nə deməkdir? Qeyd edilir ki, sakit söhbət aparmaq, belə çıxır ki, nəticə çıxarmasa hiddətli söhbətə keçiləcək? Yaxud “qırmızı kart” verdikdə məktəbdən qovulacaq? Futbol deyil ki, meydandan çıxarasan. Biz uşağı məktəbdən qovmaqla küçə uşağına çevirəcəyik, gedib narkomanlara qoşulsun? İstər Əmək Məcəlləmiz, istər Cinayət Məcəlləmizdə bunların izahları var. Heç olmasa mötərizədə bunlar izah edilməlidir. “Məktəbdə saxlamaq”la sillələyəcəklər, yoxsa əlavə dərs keçəcəklər? Əlavə saxlmaqla bu uşaq düzələcək? 1990-cı ildə məsələ qaldırıldı ki, dövlət səviyyəsində “Tərbiyə Konsepsiyası” hazırlansın. Məktəb təlim və tərbiyə ocağıdır. Bütün məsələlərdə təlimi qabağa veririk, tərbiyə yoxdur. Ancaq “Tərbiyə Konsepsiyası”nı qəbul etmirik. Bu Konsepsiya hazırlananda konkret formada deyilənlər öz əksini tapsa, əlavə heç nəyə ehtiyac qalmaz. Sovet dövründə “Davranış qaydaları” vardı, bütün məktəblərin girişində vurulurdu, yaxud “Əxlaq kodeksi” vardı. Şagirdə, məzuna davranışla bağlı xasiyyətnamə verilirdi. Ona görə məsuliyyət vardı və o insan bilirdi ki, yaxşı xasiyyətnamə ala bilməsə, gələcək karyerasına təsir edəcək. Biz onların üstündən keçdik. İndi yenə də o sistemə qayıdırıq. İndi bu davranış qaydalarını qaytarırqsa, sanballı sənəd ortaya çıxarmalıyıq. Ancaq ümumilikdə bu sənədin müzakirəyə çıxarılmasını təqdir etmək olar ki, ETN son illərdə təhsil sahəsində baş verən neqativ hallara qarşı nəhayət  reaksiya verdi. Hansısa müəllimi cəzalandırmaq, direktoru işdən çıxarmaqla iş düzələn deyil”. 

Nigar Abdullayeva
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar