Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Minlərlə tələbə təhsildən niyə imtina etdi? - 3 SƏBƏB

19-09-2022, 13:09   


Minlərlə tələbə təhsildən niyə imtina etdi? - 3 SƏBƏB


Bu il universitetlərə qəbul olunan 2 355 nəfər müvafiq ali məktəblərdə qeydiyyatını təsdiq etməyib.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, qəbul imtahanlarında iştirak edib müsabiqə şərtlərini ödəyən 48 608 abituriyent elektron qeydiyyat üçün müraciət edib: "2 355 nəfər elektron qaydada müraciət ünvanlamayıb".

Xatırladaq ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 724 nəfər iştirak edib. Onlardan 48 841 nəfəri (o cümlədən 4 927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 23 044 (o cümlədən 253 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25 797 (o cümlədən 4674 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 13 853 şəxs ixtisas seçimi edib.

Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 628 nəfər (o cümlədən 287 nəfər subbakalavr), tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 11 846 nəfər qəbul olub.

Qeyd edək ki, abituriyentlər ali məktəblərə qəbul imtahanına ciddi hazırlaşsa da, nəticələri açıqlanarkən tələbə adını qazananların bəziləri qeydiyyatdan keçmir, imtina edir. 

Tələbələrin qəbul olmasına baxmayaraq, ali məktəbdən imtina etməsi nə ilə bağlıdır?

Təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, bu il ali təhsil müəssisələrinin bakalavr pilləsinə 51 minə yaxın plan yeri ayrılmışdı:

“Ən çox ali təhsil müəssisələrinə I və III ixtisas qrupu üzrə tələbə qəbulu həyata keçirilib. Bu iki ixtisasda ümumilikdə 34 minə yaxın tələbə qəbulu reallaşıb.

Bu il tələbə adını qazansa da, bundan imtina edənlərin bir neçə səbəbi var. Birincisi, qəbul olunduğu ixtisasın perspektivli olmamasıdır. Yəni tələbələr 15 ixtisas seçirlər. Daha çox ilk 10-12-ci yerdə arzu etdikləri ixtisasları yazırlar. Sonda isə “təki qəbul olum” prinsipini əsas götürürlər. Bu onu göstərir ki, 2300-dən çox tələbə qəbul olsa da getməyib, digər şəxslərin, buna imkanı olan, arzu edənlərin, getmək istəyənlərin hüquqlarını da məhdudlaşdırıb. Ona görə də ixtisas seçimində 15 plan yerinin sayını azaldıb ən azı 10 etməliyik ki, insanlar daha çox istədikləri ixtisasları seçsinlər. 

İkinci tərəfdən isə imtinaya səbəb təhsil haqlarının çoxluğudur. Çünki qısa vaxt ərzində abituriyentlərə tapşırılır ki, təhsil haqlarını ödəsinlər. Bu da ciddi bir faktordur. Təhsil Tələbə Kredit Fondu hazırda 250-dən aşağı bal toplayanların kredit almaq imkanını tanıyır. Ancaq ödənişli əsaslarla, məsələn, I, II, III qrupda daha çox 250-dən aşağı bal toplayanlar ödənişli qəbul olurlar. Onlar qısa müddətdə tələb olunan təhsil haqqını ödəyə bilmirlər. Ona görə də daha aşağı ballı ödənişli əsaslarla oxuyanların bu imkandan yararlanmasına imkan verilməlidir. 

Digər tərəfdən isə qəbul olunduqları universitet və ixtisasın perspektivsiz olması və həmin gənclərin xaricə üz turmasına səbəb olur. Onlar götürür ki, həmin universitet burada reytinqi yüksək deyil, ancaq təhsil haqqı yüksəkdir. Ən azından qardaş Türkiyənin daha yüksək reytinqli universitetlərə üz tuturlar ki, bu da Azərbaycandan kənara beyin, valyuta axını deməkdir. Bunlar da ciddi faktorlardır. Hesab edirəm ki,  növbəti illərdə biz ən azı ixtisas seçimində abituriyentlərə ixtisas seçimində seçim yerlərinin sayını azaltmalıyıq ki, istədikləri ixtisasları seçsinlər”.

Nigar Abdullayeva
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar