Valideynlər Bakı Tikiş Evinin qarşısında izdiham yaradıblar.
Övladına məktəbli forması almaq istəyən valideynlər paltar çatışmazlığından, tikiş evinin işçiləri isə sıxlıqdan şikayətlənirlər.
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, formalarla bağlı onların heç bir məsuliyyəti yoxdur:
“Biz gündəlik 1200-1500 ədəd məktəbli forması istehsal edib, satışa çıxarırıq. Amma bütün Bakı şəhəri buradadır. Bizim nə müqaviləmiz, nə də məsuliyyətimiz var. Biz 1500 formadan artıq çatdıra bilmirik. Ordunun da paltarını istehsal edirik. Ordunun paltarını saxlayıb, məktəbli forması tikə bilmərik axı”.
Satış müdiri ağ köynəklərin çatışmazlığına münasibət bildirib:
“Problem var, həmişə olacaq, çünki 1500 forma milyonluq şagird ordusu üçün azdır. Bunu bizə həvalə edən yoxdur, kimsə bu işi bizə tapşırmayıb, nə tender, nə müqavilə var. Biz özümüz istehsal edirik və çalışırıq ki, camaatı yola salaq. Bu işə cavabdeh olanlardan soruşun ki, nəyə görə cəmi bir müəssisə bunu istehsal edir. Biz də öz tərəfimizdən bunu istehsal edirik, ilboyu da tikib verəcəyik”.
O, tikiş evindəki sıxlığa görə məktəb direktorlarını günahlandırıb:
“Məktəb direktorları hamını məcbur edir ki, gedin mütləq forma alın. Bu formanı yeni tədris ilində I-IV sinif şagirdləri geyinməlidir. Direktorlar XI sinfə kimi hamını göndərir Bakı Tikiş Evinə. Təhsil nazirinin formanın tövsiyə xarakterli olduğunu dediyini məktəb direktorları görmür?! Bu gün belə mənzərənin yaranmasının günahı məktəb direktorlarındadır”.
Günay şahmar
Cebhe.info