Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Atəşi kim açdırır? - Paşinyan, yoxsa sülh müqaviləsinə qarşı olan ermənilər?

9-09-2022, 12:53   


Atəşi kim açdırır? - Paşinyan, yoxsa sülh müqaviləsinə qarşı olan ermənilər?


Ermənistan yenə də təxribat törətməyə davam edir. 

Belə ki, sentyabrın 8-i axşam saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. 

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. 

Qeyd edək ki, Nikol Paşinyan sonuncu Brüssel görüşündən qayıtdıqdan sonra ilin sonuna qədər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağını açıqlayıb. O, həmçinin bu ayın axırına qədər tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün ilkin sənədlərin hazırlanması ilə bağlı göstəriş də verib. Lakin buna baxmayaraq, erməni tərəfi hər gün təxribatlar törədir. 

Təxribatların arxasında Nikol Paşinyan dayanır, yoxsa sülh sazişi prosesini pozmağa çalışanlar? 

Sabiq diplomat, politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında bildirib ki, ermənilər sülh sazişinə imza atmalıdırlar: 

“Nikol Paşinyanın özü də Brüssel görüşündən sonra bu barədə açıqlama verib. Amma görünür, onlar “böyük bir oyun”a daxil olmaq istəyirlər. O oyunlar da Qərb və Rusiya arasında münasibətlərdir. Görünür, ermənilərə Moskvadan müəyyən mesajlar gəlib və ona görə də bu məsələyə ehtiyatlı yanaşırlar. Hətta Paşinyan Vladivostokda erməni diasporu ilə görüşündə dedi ki, biz Brüsselddə heç bir razılığa gəlmədik, çünki əsas problem olan Qarabağ məsələsi həll olunmayana qədər sülh müqaviləsinə imza atmaycağıq. O, Qarabağ məsələsini qabardaraq belə bir mövqe tutur ki, guya bütün məsələlər ancaq Qarabağla bağlıdır. Amma bu məsələ 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatda da heç yoxdur. Orada əsas məsələ Azərbaycan-Ermənistan münaqişəsinin həll olunmasıdır. Əminəm ki, ermənilərin bütün addımları və təxribatları sülh müqaviləsindən boyun qaçırmağa hesablanıb”. 

Politoloq əlavə edib ki, ermənilərin sərhəddəki təxribatlarının intensivləşməsində erməni hərbçilərinin Paşinyanı sülh müqaviləsi imzalamaqdan çəkindirmək məqsədinin olduğunu da ehtimal etmək olar: 

“Amma Paşinyanın özünün də çox ziddiyyətli bir siyasətçi olduğunu nəzərə almaq lazımdır. O, bəlkə də özü də hərbçilərlə əlbir olaraq bu təxribatların törədilməsində iştirak edir. Əslində Paşinyan müxalifətin təzyiqindən narahatdır. Çünki o başa düşür ki, sülh müqaviləsinə imza atsa və Qarabağ məsələsini kənarda qoysa, ona qarşı yenidən hücumlar başlanılacaq. Ona görə də təxribatların törədilməsində Paşinyanın da müəyyən iştirakı ola bilər”. 

Elmir
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar