Bir neçə gün əvvəl əməliyyat zamanı öldürülən idmançı Azərbaycanın məşhur dünya çempionu Mübariz Cəfərovun qardaşıdır. Dünya çempionu Criminal.az saytına açıqlamasında bildirdi ki, qardaşı Museyib Cəfərovu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində güllələyiblər.
Museyib Cəfərov peşəkar cudoçudur. Bir neçə dəfə ölkə və Avropa çempionatlarının mükafatçısı olub. 2011-ci ildə mübahisə etdiyi şəxsi öldürüb. Cəzasını çəkib azadlığa çıxmışdı. Bir neçə gün əvvəl polis əməliyyat zamanı onu öldürüb.
Mübariz Cəfərov deyir ki, qardaşını guya polisə müqavimət göstərdiyi üçün vurublar, amma bu böhtandır: "Polis deyir ki, guya əməliyyat keçiriblər. Onların dediklərinə inansaq, Museyibin üzərində silah olduğunu eşidiblər. Hətta əməliyyat zamanı guya Museyib onların maşınına 6 güllə dəatıb. Museyib boş maşına niyə güllə atsın ki? Müseyib öldürülən yerə gedib baxmışam, gecə saat 1-də əməliyyat keçirirlər? Əməliyyat edəndə videoşəkiliş olur. Çəkilişsiz, qaranlıqda yolu kəsib Museyibin idarə etdiyi "Mercedes" markalı maşını sıxışdırıblar. Yoldan çıxan Museyibin maşınını zibilliyin üzərinə dırmaşdırıblar. Museyib maşından düşüb, əlləri yuxarıya qaldırılmış vəziyyətdə qalıb. Ürəyindən 3 güllə vurublar. Yerdə də kontrol atışı olub. Museyib heç kimə güllə atmayıb, üzərində silahı olmayıb. Götürüb silahın yağın sürtüblər əlinə, guya silahlı olub. Bu adam kimisə güllələmək istəsəydi, 6 güllə ilə kimisə yaralayardı. İndi istintaq aparırlar, özləri də bilmirlər nə edirlər. Bütün işi yükləyiblər Museyibin üzərinə".

Museyib Cəfərovun morqda çəkilmiş fotosu
Mübariz Cəfərovun sözlərinə görə, qardaşının kriminal əlamlə əlaqələri də olmayıb: "şaiyələr yayırlar ki, Museyib Lotu Qulinin, Hacı Beyləqanskinin adamı olub. Müseyib heç kimin adam olmayıb. Ümumiyyətlə kriminal aləmdə Quli və Beyləqanski bir-birinə zidd adamlardır. Museyibin öldürülməsi sifarişdi. Son zamanlar Kubinkada narkomanları və satanları sıxışdırırdı. Bir neçə ay əvvəl Nəsimi polisi onu apardı. Üstünə narkotik qoydular, işi hazırda məhkəmədə idi. Avtoriteti olanda, hörmətli olanda adamı öldürürlər? Cinayəti varsa həbs et, göndər həbsxanaya".
Miseyib Cəfərov
"15 gün idi Museyibin övladı olmuşdu. Uşağı görmək üçün hər gün Masazıra gedirdi. Görünür onu izləyiblər. Asfalt yolu bağlayıblar. Museyib də yoldan kənara çıxıb və qəbiristanlığın yanında güllələyiblər"-deyə Mübariz Cəfərov bildirdi.
ONA-nın yaydığı məlumata görə, M.Cəfərovun saxlanılması istiqamətində həyata keçirilən xüsusi əməliyyat zamanı o polisin "təslim ol” xəbərdarlığına məhəl qoymadan silahlı müqavimət göstərib. Nəticədə polis silah tətbiq etmək məcburiyyətində qalıb və M.Cəfərov məhv edilib.
Mübariz Cəfərov
Criminal.az xatırladır ki, M.Cəfərov 2011-ci ildə Bakının Yasamal rayonunda dəhşətli qətl törətmişdi. M.Cəfərovun öldürdüyü Telehlə münaqişəsi barlardan birində başlayıb. Sentyabrın 9-a keçən gecə barda baş verən münaqişəni həll etmək istəyən M.Cəfərov səhəri gün idarə etdiyi qara rəngli "Hyundai-Sonata" markalı avtomobillə Talehin yaşadığı evə gələrək onu "razborkaya" çağırıb. Hətta maşına Talehin qardaşı da minmək istəyib. Lakin Teleh qardaşına "O, tək gəlib, mən də tək gedəcəm" deyərək Müseyibin maşınına əyləşib. İ.Qutqaşınlı küçəsində maşında aparılan mübahisə zamanı M.Cəfərov tapança ilə cəmi iki ay əvvəl ailə quran Talehi güllələyib. Güllələrdən biri ürəyindən dəyən Taleh xəstəxanaya aparılarkən yolda keçinib. Hadisədən sonra M.Cəfərovun qardaşı Mübariz hadisə zamanı istifadə edilmiş 1 ədəd "Makarov" markalı tapançanı və 5 ədəd gülləni könüllü olaraq polisə təhvil verib.

Həmin hadisəyə də toxunan Mübariz Cəfərov bildirdi ki, qətldən əvvəl 20 nəfər Museyibi döymüşdü. Sonra isə "burda hamı döyülüb gedir və bir də geri qayıtmır" deyərək təxribata çəkiblər.