
Vəziyyəti bilmək üçün 2 həftə kifayətdir
Böyük şəhərlərdə sakinlərin çoxluğu problemi ilə yanaşı həm də bu sakinlərdə tez-tez müşahidə edilən depressya problemi də var. Dünyanın 1 milyondan çox əhalisi bütün böyük şəhərlərində depressiya əhalinin birinci problemləri sırasındadır. Müxtəlif yaşlı insanlar arasında geniş yayılan depressiyanı bəzən bu vəziyyətə düşən insan özü də müəyyən edə bilmir. Mütəxəssislər isə bildirir ki, informasiya bolluğu, həyat tempi, gərgin iş həyatı hər şeyi əldə etmək cəhdi insanlarda yorğunluğun daha tez özünü göstərməsinə yol açır və bunun nəticəsində depressiyaya düşmə halları çoxalır. Son illərdə ölkəmizdə də, xüsusən, Bakı sakinləri arasında intiharların artmasının səbəbləri arasında depressiya da vurğulanır.
Depressiya haqqında bilmədikləriniz
Mütəxəssislər deyir ki, hər bir insan depressiyaya düşündüyündən daha çox yaxındır. “İnsanlar elə düşünür ki, depressiya hansısa ciddi əlamətlərlə gəlir. Bu əlamətlər gözlə görüləsi olur. Məsələn, əgər yaxın adam daim ağlayır və ya boş yerə qəzəblənirsə, onun depressiyaya yaxın olduğu düşünülür”,- deyə ailə psixoterapevti Rebekka Perriş bildirib. Onun sözlərinə görə, əslində depressiya bunlar olmadan da gələ bilər və insan depressiyaya düşdüyünü nə özü hiss edər, nə də ətrafdakılara bunu hiss etdirər. Çünki bir çox hallarda depressiya əlamətləri özünü biruzə vermir və proses gizli gedir. Depressiyanın ən çox müşahidə edilən əlamətləri bunlardır:
Fiziki və emosional bədbinlik hissi, yuxusuzluq və ya həddən artıq uzunmüddətli yuxu həvəsi, ətrafdakılarla ünsiyyətdən qaçmaq,həyatın tam mənasız olduğunu düşünmək, özünə inamsızlıq, yersiz qəzəb, daimi yorğunluq hissi, işləmək, oxumaq həvəsinin və qabiliyyətinin aşağı düşməsi, problemlər qarşısında acizlik,iştahanın pozulması və ya əksinə, daha çox yemək, daim müşahidə edilən baş ağrısı, qarında ağrılar və sonuncu mərhələdə intihar haqqında fikirlər. Bu əlamətlər insanda 2 həftədən çox müşahidə edilirsə, deməli, o, depressiyaya düşüb.
Özünü təcrid etmə
İnsanlar bəzən tək qalmağa və düşünməyə ehtiyac hiss edirlər. Onlar öz hislərindən əmin olmağa çalışır və zaman-zaman təkliyə çəkilirlər. İctimaiyyət arasında isə bunu etmək çox çətindir və bir çox hallarda hətta mümkünsüz olur. “Əgər tanışınız, yaxın adamınız həmişə aktiv olub və birdən-birə özünə qapanarsa, deməli, narahatlıq üçün əsas var.
Bütün bunlar depressiya əlamətləridir”,- deyə psixoterapevtlər bildirir. Psixoterapevt İrina Frişteynin sözlərinə görə depressiyaya düşən insan tək qalmaq istəyir, onda daim yatmaq, uzandığı yerdən qalxmamaq, yaxud sadəcə, televizora baxmaq istəyi oyanır. İstirahət etməyi düşünmür və bunun əvəzində bir yerdə oturub televizora baxmağı seçir.
Yorğunluq
Depressiya elə bir vəziyyətdir ki, insan həyatında nələrin baş verdiyini bilmir, ancaq bu barədə düşünür və bu zaman özünü çox yorğun hiss edir. Depressiya insandan çox böyük enerji alır. Bu isə insanın enerjisinin azalmasına və işə, sosial həyata, ümumi fəaliyyətəlazım olan qədər enerji sərf etməməsinə gətirib çıxarır. İnsan yorulur, beynini yoran düşüncələr onu həm də fiziki cəhətdən yorğun salır.
Buna görə də psixiatrlar həmişə öz pasientlərinə depressiyanın ağırlığından danışarkən bunu dağdan böyük bir daşı qoparmaqla eyniləşdirir. Yəni,hər ikisini etmək insan üçün çox çətindir. Yorğunluq insanın enerjisinin azalması ilə yanaşı yuxu pozğunluğuna da səbəb olur. Yuxu rejimi pozulur və daim yatmaq istəyən insanın əslində yuxusu gəlsə də, dərin yuxuya gedə bilmir. Araşdırmalar da göstərir ki, yuxusuzluqdan əziyyət çəkən insanlar digərlərinə nisbətən depressiyaya 10 dəfə daha çox düşürlər.
Motivasiya çatışmazlığı
İşdə əvvəllər uğur qazanan bir əməkdaş tez-tez işə gecikir, bunu da gah yatıb yuxuya qalması, gah da yollarda yaranan problemlə əlaqələndirir. Getdikcə bu hal təkrarlanmağa başlayır və ətrafdakılar işəgecikmənin adətə çevrildiyini düşünür. Əslində isə vəziyyət tam fərqlidir. Mütəxəssislər deyir ki, depressiyaya düşən bir çox insanlarda motivasiya yoxa çıxır. Bu, təkcə işə aid olmur, ümumilikdə həyata aid olur. Yəni, insan həyata olan marağını tamamilə itirir, səhərlər yerindən qalxıb nəinki işə getməyə, hətta yerindən qalxmağa belə çətinlik çəkir. Onun istənilən işə marağı yoxa çıxır. Ailə psixoterapevti Ket Van Kirk bildirir ki, depressiyaya düşən insan üçün həyat o qədər mənasızlaşır ki, həmin həyatda yaşamağı belə lazımsız hesab edir. Depressiyadan intihara aparan yol da burdan keçir.
Hamı risk qrupundadır
Depressiya hər kəsdə müşahidə oluna bilər. Hər zaman enerjili, həyatı sevən, şən insanlarda da depressiya müşahidə olunur. Bu insanlarda depressiya, adətən, özünü başqa cür göstərir-onlar tez-tez qəzəblənir, qışqırır, onunla razılaşmayan hər kəslə mübahisə etməyə hazır olur, öz fikirlərini mütləq halda qəbul etdirməyə çalışırlar.
Bu depressiyanın ilk əlamətləridir. Səbəbin nə olduğuna gəlincə, mütəxəssislər bunu belə izah edirlər: “Depressiya emosional fonu “yükləyən” stressdir.
İnsan bütün baş verənlərə reaksiyasız qalır, istənilən hadisə onun üçün marağını və əhəmiyyətini itirir. Stress özünü cilovlamağı bacarmayanda insandan çoxlu enerji alır. Nəticədə insan ətrafında baş verən hər şeyə reaksiyasız qalır”.
Xarici görünüşdə dəyişiklik
Əgər yaxınınızın xarici görünüşündə dəyişiklik baş verirsə və bu birdən-birə olursa, mütləq diqqət yetirməniz lazımdır. Xüsusilə çəkinin itirilməsi və yaxud qəfildən kökəlmək diqqət yetirilməli əlamətlərdir.
Depressiyaya düşən insanın yemək vərdişləri də dəyişir, o, ya yeməkdən çəkinir, ya da həddindən artıq çox yeyir. Depressiya insanın təkcə ətraf aləmə yox, həm də özünə olan marağını, diqqətini azaldır. İnsan özünə qətiyyən diqqət yetirmir.Geyimi, saç düzümü artıq əvvəlki kimi səliqəli olmur, məsələn, qırıq dırnaqlarla gəzməyi özünə ayıb bilmir. Yaxud boyası silinən dırnaqlarına artıq əvvəlki kimi həssaslıqla yanaşmır. Ətrafdakı insanlara bunun necə təsir edə biləcəyi onu qətiyyən düşündürmür. Eyni zamanda özünü düşünməkdən sanki yorulur.
Seksual disfunksiya
Mütəxəssislər seksə marağın azalmasını da depressiya əlaməti kimi görür. Psixoterapevt Ket Van Kirkin sözlərinə görə, bu əlamətlə insanın depressiyaya düşdüyünü müəyyən etmək çox çətindir. Yəni, sırf bu əlamətlə depressiyanı müəyyən etmək olmaz. Tərəf müqabiliniz başqa səbəbdən də cinsi əlaqədən imtina edə bilər.
Məsələn, özünü pis hiss edər və yaxud sadəcə yaxınlığa həvəs duymaz. Bunu dərhal depressiya əlaməti kimi qiymətləndirmək yanlışlıq olar. Mütəxəssislər bildirir ki, bu, davamlı olduğu təqdirdə depressiya barədə düşünmək lazımdır. Çünki insan beyni ilə cinsi sistem arasında birbaşa əlaqə var. Belə ki, tərəf müqabilinə olan maraq ilk olaraq beyində yaranır və bundan sonra siqnal cinsi orqana ötürülür. İnsan depressiyada olduğu zaman bu siqnalın ötürülməsi mümkün olmur. Nəticədə depressiya bir-birini çox sevən iki insanı da ayırmağa qadır olur.
Depressiyadan intihara bir addım
Depressiya ən çox yayılmış emosional problemlərdən biri olsa da vaxtında müalicə ilə aradan qaldırılması mümkün haldır. Mütəxəssislər müalicə olaraq davranış-rəftar terapiyası, ailə psixoterapiyası, dərman preparatları ilə müalicə və ya bunların uzlaşdırılması kimi metodlardan istifadə edir. Ancaq depressiya insanın tək öhdəsindən gələ biləcəyi problem deyil, mütləq halda ətrafındakı insanların da yardımından istifadə edilməlidir. Bu zaman unutmaq olmaz ki, depressiya ruhi xəstəlik deyil və depressiyaya düşən adama belə yanaşmaq olmaz. Mütəxəssislər də müalicə prosesində yaxınların dəstəyindən istifadə edir. Bu dəstək lazımınca olmadığı halda depressiya ən yüksək mərhələyə- intihara cəhdə apara bilər.
Sevil Ağazadə
Cebhe.info