Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Putin ittifaqı” “Türk ittifaqı”na qarşı: Kreml Azərbaycanı hara çəkir...

5-06-2014, 10:35   
“Putin ittifaqı” “Türk ittifaqı”na qarşı: Kreml Azərbaycanı hara çəkir...
Bu gün Türkiyədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (“Türk ittifaqı”) sayca dördüncü sammiti keçirilir.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyə liderləri Bodrum şəhərində bir araya gələrək ortaq dili və mədəniyyəti bölüşən ölkələr arasında əməkdaşlığın yeni istiqamətlərini müzakirə edirlər.

Virtualaz.org saytının xəbərinə görə, Qazaxıstan mediası isə yazır ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasın bu ölkələr arasında iqtisadi-siyasi inteqrasiya modeli kimi inkişafı gündəmdən düşüb. Çünki Kreml bütün imkanlarını işə salaraq “Türk ittifaqı”na daxil olan ölkələr arasında ümumi iqtisadi zona yaradılması ideyasını elə beşikdəcə boğmağa nail olub.

Kursiv.kz portalı qeyd edir ki, Bodrum toplantısında türkdilli ölkələr arasında azad iqtisadi zona yaradılmasına dair hansısa qərarın qəbulu gözlənilirmirdi. Qazaxıstanda hesab edirlər ki, belə iqtisadi zonanın yaradılmasının qarşısının alınması üzərində Rusiya xeyli müddətdir işləyirdi. Bunun əvəzində Moskva Azərbaycanı və Qırğızıstanı Avrasiya İttifaqına daxil olmağa çağırır.

Bodrum sammitinə “türk ittifaqı”ında müşahidəçi statusunda təmsil olunan Türkmənistanın prezidenti də qatılıb və bu fakt Moskvada xüsusi qısqanclıqla, narahatlıqla izlənilir. “Qurbanqulu Berdıməhəmmədovun bu gənc ittifaqın sammitinə qatılması onun mövqelərinin güclənməsindən xəbər verir” deyə kursiv.kz bildirir.

Doğrudan da Ukrayna ətrafında yaranmış gərginlikdən sonra Azərbaycanla Türkmənistan arasında uzun illərdir mövcud olan mübahisələr bir kənara qoyuldu, iki ölkə arasında Türkiyənin də iştirakı ilə intensiv təmaslar başladı. Bəzi siyasi analitiklər keçmiş sovet məkanında artan “rus təhlükəsi”inə qarşı “türk ittifaqı”nın güclənməsinə diqqəti cəlb etməyə başladılar. Və Bodrum sammiti də belə vaxtda keçirilir.



Bodrum sammitində türkdilli ölkələr arasında əməkdaşlığı dərinləşdirməyə yönələn bir sıra mühüm anlaşmalar, məsələn, ortaq türk televiziyasının və diaspor mərkəzlərinin yaradılmasına dair sənədlər müzakirəyə çıxarılıb. “Türk ittifaqı”ına daxil olan ölkələr arasında azad iqtisadi zonanın yaradılması ideyası isə gündəmdən çıxarılıb. Bunun səbəbi Kremlin “aqressiv siyasəti” ilə izah olunur.

“Rusiya diplomatiyası olduqca effektiv və fəal işlədi ki, MDB Gömrük İttifaqının türk analoqunun yaradılmasına mane olsun. Belə ki, ötən il bu məsələ türkdilli ölkələrin Qəbələ sammitində müzakirə edilməliydi. Lakin Qəbələ sammitinə az qalmış Bakıya səfər edən Vladimir Putin görünür Azərbaycan prezidenti İlham Əliyevi əmin etmək üçün arqumentlər tapdı ki, bu məsələ Qəbələ sammitində qaldırılmasın” - deyə qazax portalı yazır.

Digər maraqlı məqam budur ki, Bodrum sammitindən cəmi bir gün əvvəl Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Bakıya səfər edib. Ulyukayev Azərbaycanın Avrasiya İttifaqına daxil olmasının mümkünlüyü barədə danışıb və bildirib ki, belə müzakirələr aparılır. Hərçənd ki, rəsmi Bakı hansısa ittifaqa qoşulmaq niyyətində olmadıqlarını dərhal xatırladıb. İqtisadi inkişaf naziri Şahin Mustafayev Avrasiya İttifaqının təkcə iqtisadi ittifaq olmadığını, siyasi mahiyyət daşıdığını deyib.



Əslində Rusiyanın “türk ittifaqı”ına daxil olan ölkələrin hamısına güclü təsir rıçaqları var. Azərbaycan Qarabağ məsələsinə görə Rusiya ilə ehtiyatlı münasibətlər saxlamağa məcburdur, həmçinin Rusiyadakı miqrantları da nəzərə almalıdır. Türkiyənin Rusiyadan güclü enerji asılılığı var. Qazaxıstan və Qırğızıstan isə Moskvanın birbaşa maraq dairəsində yerləşirlər.

Üstəlik “türk ittifaqı”nın üzvlərindən Qırğızıstan Avrasiya İttifaqına daxil olmağa qərar verib və belə görünür ki,Türkiyə qırğızların bu qərarına qarşı deyil. Digər tərəfdən Avrasiya İttifaqına Türkiyənin özünün də cəlb edilməsi ideyası var.

Türkiyənin Avropa İttifaqına üzvlük şansının qalmadığı bir vaxtda Putin Ankaranı Avrasiya İttifaqına cəlb etməlk üçün bütün şanslarını yoxlamağa hazırdır. Belə vəziyyətdə Putin türkdilli ölkələrin öz aralarında azad iqtisadi zona yaratmasını öz maraqlarına birbaşa təhdid kimi görür.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar