
Kənd təsərrüfatı naziri sələfinin fəaliyyətini yoxlatdırıb və onun dövründə maliyyə maxinasiyalarını rəsmiləşdirərək hüquq-mühafizə orqanlarına təqdim edib; “Aqrolizinq”dəki mənimsəmələrlə bağlı şok faktlar ictimailəşdirilib
Hesablama Palatasının 2014-cü il may ayının 25-də keçirilən kollegiya iclasında “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit tədbirlərinin nəticələri üzrə hesabatlar və rəylər geniş müzakirə olunub.
Rəsmi məlumata görə, materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Milli Məclisə təqdim edilməsi qərara alınıb. “Aqrolizinq” ASC-də dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntuları aşkarlanıb.
Eyni zamanda öz ərizəsi ilə işdən çıxan “Aqrolizinq” ASC-nin sədri Əli Bayramovun ölkəni tərk etməsi ilə bağlı məlumatlar yayılıb. Virtualaz.org saytının məlumatına görə, Ə.Bayramov müalicə adı altında xarici ölkələrdən birinə qaçıb.
Məlumatda deyilir ki, Əli Bayramovun tələsik işdən çıxaraq ölkəni tərk etməsinə səbəb barəsində tezliklə cinayət işinin qaldırılacağı və həbs olunacağı barədə aldığı xəbərlər olub. Əli Bayramovun öz ərizəsi ilə işdən getməsindən cəmi bir neçə gün sonra Hesablama Palatası “Aqrolizinq” ASC-də dövlət büdcəsindən ayrılan vəsaitlərin talanması ilə bağlı üzə çıxardığı faktları cinayət işinin qaldırılması üçün Baş Prokurorluğa göndərib.
Hesablama Palatasının “Aqrolizinq” ASC-də konkret hansı talama və korrupsiya faktlarını üzə çıxardığı barədə məlumat verilmir. Lakin məlumdur ki, vaxtilə prezident İlham Əliyevin kənd təsərrüfatında böhranı aradan qaldırmaq və qeyri-neft iqtisadiyyatının ən mühüm sahələrindən biri kimi aqrar sektorun inkişafına nail olmaq üçün yaratdığı “Aqrolizinq” ASC Əli Bayramovun rəhbərliyi altında Azərbaycanın ən korrupsiyalaşmış strukturlarından birinə çevrilmişdi.
Mətbuatda bu strukturda hökm sürən korrupsiya, büdcədən fermerlərə dəstək və aqrar sektorun inkişafı üçün ayrılmış yüz milyonlarla vəsaitin talanması barədə çoxsaylı məlumatlara, şikayətlərə rast gəlmək olar.
Hələ 4 il əvvəl - 2010-cu ildə Prezident Administrasiyası nəzdindəki Dövlət Nəzarəti Şöbəsi (prezidentin verdiyi fərman və sərəncamların dövlət strukturlarında icra vəziyyətini yoxlayan şöbə) “Aqrolizinq” ASC-nin fəaliyyətini araşdıraraq ciddi korrupsiya faktları üzə çıxarmışdı.

Dövlət Nəzarət şöbəsinin həmin hesabatından sitat: “Məhsuldarlığın artırılması üçün texnika və aqrokimyəvi maddələrin alınmasına dövlətin milyon manatlarla pulu xərclənib. Amma nəticə nədir? 2004-cü ilə baxanda 2009-cu ildə taxıl üzrə məhsuldarlıq cəmi 0,1 sentner artıb. Hətta 2008-ci illə müqayisədə 2009-cu ildə bu sahədə məhsuldarlıq 4,7 faiz azalıb.
Alınmış texnikanın yalnız 38,9 faizi lizinqə verilib. 46,5 faizi istifadə üçün aqroservislərə paylanıb. 13,6 faizi (1293) bazalarda istifadəsiz qalıb".
Şöbənin araşdırması müəyyən edib ki, cəmiyyət alınmış texnikanı lizinqə vermək əvəzinə “Aqroservis” (“Aqrolizinq”in rayonlarda yaratdığı strukturlar -red.) müdirlərinə, onlar da cəmiyyətin yaratdığı mexanikləşdirilmiş dəstələrin rəhbərlərinin istifadəsinə vermiş, həmin şəxslər texnikanı öz təsərrüfatlarında istifadə edib, istifadə haqqının bir hissəsini ödəməyiblər.
O vaxt Dövlət Nəzarət Şöbəsinin “Aqrolizinq”də üzə çıxardığı çoxsaylı ciddi korrupsiya faktlarına dair arayışın Prezident Administrasiyasına təqdim olunduğu bildirilsə də bu hesabat əsasında hansı addımların atıldığı məlum olmamışdı. İndi isə daha bir nəzarət-təftiş orqanı - Hesablama Palatası “Aqrolizinq”də ciddi korrupsiya faktları aşkar edərək Baş Prokurorluğa göndərib.
Və bu faktların Baş Prokurorluğa göndərilməsindən cəmi bir neçə gün əvvəl Əli Bayramov Azərbaycanda məmurlar üçün görünməmiş praktikaya əl atır - səhhətində yaranmış problemləri əsas gətirərək Türkiyədə müalicə olunmaq zərurətinin olduğunu bildirir və öz ərizəsi ilə işdən, həm də ölkədən gedir.
Belə görünür ki, Əli Bayramov 10 ildir kənd təsərrüfatının inkişafı üçün büdcədən ayrılmış vəsaitlərin talan edilməsinə dair neçə vaxtdır toplanan faktların onu həbsə aparacağını bildiyi üçün vaxtında aradan çıxmağa qərar verib.
“Yeni Müsavat” dövlət büdcəsindən ayrılan vəsait hesabına kombaynların alınmasında korrupsiya faktları ilə bağlı hələ İsmət Abbasovun kənd təsərrüfatı naziri olduğu dönəmdə araşdırma aparmışdı. Ortaya xeyli ciddi faktlar çıxmışdı.
Yeri gəlmişkən, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov H.Əsədovun kadrı sayılır. V.Gülməmmədov uzun müddət Hesablama Palatasına rəhbərlik etmiş Heydər Əsədovun işçisi olub - qurumun xarici investisiya və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb. Onun palatanın rəhbəri vəzifəsinə H.Əsədovun təqdimatı ilə gətirilməsi ilə bağlı məlumatlar var. Yəni onun “Aqrolizinq” ASC-nin himayədarının göstərişi ilə təftiş etməsi şübhə doğurmur.