Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı qərar verilib.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü ilin 1 iyul saat 06:00-dək uzadılıb. Karantin müddətinin uzadılması növbəti ayda quru sərhədlərin açılmasının mümkün olmadığını göstərir. Lakin Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarının quru sərhədlər vasitəsilə ölkəyə girişi mümkündür. Belə ki, Azərbaycanın Türkiyədəki səfirliyi azərbaycanlı tələbələrə müraciət edərək bildirib ki, Türkiyədə ikinci semestrdə təhsilin distant və hibrid qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları (birinci dərəcəli ailə üzvləri) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü il may ayının 10-dək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil ola bilərlər. Hazırda Türkiyədə təhsil hibrid formada təşkil olunsa da, bir müddətdən sonra semestr imtahanları loacaq və bu imtahanlar ənənəvi, yəni üzbəüz qaydada keçiriləcək. Yəni Türkiyədə təhsil alan tələbələrin yenidən təhsil aldıqları ölkəyə qayıtmaları şərtdir.
Buradan belə suallar yaranır ki, tələbələrin ölkəyə daxil olmaları üçün niyə konkret vaxt seçilib və onlar quru sərhədlər vasitəsilə təhsil aldıqları ölkəyə qayıda biləcəklərmi?
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Cebhe.info-ya bildirib ki, tədbir bir ay müddətində həyata keçirilir:
“Bu tədbir yalnız Türkiyədəki tələbələrimizin geri qayıtması üçün bir aylıq müddətdə həyata keçirilir. Tələbələr yenidən Türkiyəyə geri qayıtmaq istəsələr bu halda quru yoldan keçid nəzərdə tutulmayıb”.
Günay Şahmar
Cebhe.info