Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hərəkətin məhdudlaşdığı "Azneft" dairəsi - Vətəndaşlar niyə bir həftə öncədən çətinliklə üzləşir?

19-04-2023, 14:59   


Hərəkətin məhdudlaşdığı "Azneft" dairəsi - Vətəndaşlar niyə bir həftə öncədən çətinliklə üzləşir?


Son günlər Səbail rayonu “Neftçilər” prospekti və “Azneft” dairəsində yolların təmiri, eləcə də paytaxtda keçiriləcək Formula 1 yarışları ilə bağlı nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti tərəfindən aprelin 28-dən 30-dək keçiriləcək “Formula-1 Azərbaycan Qran-Prisi 2023” yarışlarına hazırlıq öncəsi təqdim edilən məlumat lövhəsində bildirilir ki, aprelin 24-də gecǝ 01:00-dan etibarən BŞH-ın əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq. 

Nəqliyyatın hərəkəti mayın 2-də səhər saat 08:00-dan etibarən bərpa olunacaq.

BŞH-nın məlumatına görə, nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunacaq:

“Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci zona Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edən ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı "Yaşayış Yerinə Giriş İcazəsi" əsasında təmin olunacaq. Bu zonalarda yaşayan və ya əmək fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sahibləri icazəni tam ödənişsiz əldə edə biləcəklər”.

Maraq doğuran isə odur  ki, məlumat lövhəsində nəqliyyatın hərəkətinin aprelin 24-də məhdudlaşdırılacağı yazılsa da 1 həftə öncədən bu məhdudiyyət tətbiq olunur.

Belə ki, aprelin 17-də “Azneft” dairəsində ictimai nəqliyyatın hərəkətinə icazə verilməyib. Nəqliyyatın hərəkəti yalnız “Su idmanı sarayı”nın ərazisi ilə məhdudlaşıb. Nəticədə ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar uzaq bir məsafədən “İşəri şəhər” metrostansiyasına qədər piyada məsafə qət etməli olublar. 

Şəxsi avtomobil istifadəçiləri isə son günlər istifadəyə verilən Badamdar yolu ilə hərəkət etsələr də yalnız bir alternativ yolun olması tıxacın yaranmasına səbəb olub. Hazırda isə nəqliyyatın "Azneft" dairəsinə daxil olmasına icazə verilsə də, hərəkətin məhdud olması səbəbindən sürücülər daha uzaq bir məsafə qət etməli olurlar. Əgər məhdudiyyətin aprelin 24-də tətbiq ediləcəyi bildirilirsə, vətəndaşlar niyə bir həftə öncədən  belə bir çətinliklə üzləşməlidirlər? 

Eləcə də BŞH "Azneft" dairəsində hərəkətin məhdudlaşması ilə bağlı BNA ilə marşrutların alternativ yollardan, o cümlədən Badamdar yolundan istifadə etməsi ilə bağlı hansısa təkliflə çıxış edibmi?

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, öncədən də məlumat verildiyi kimi, "Azneft" dairəsində yolun daralması müşahidə olunur:

“Lakin qeyd olunan hissədə hərəkət məhdudlaşdırılmayıb və bütün istiqamətlərdə nəqliyyatın hərəkəti sərbəstdir. "Azneft" dairəsində hərəkətin məhdudlaşması ilə bağlı BNA ilə marşrutların alternativ yollardan, o cümlədən Badamdar yolundan istifadə etməsi ilə bağlı BŞH-ın təklifinə gəldikdə isə bildiririk ki, “Formula-1 Azərbaycan Qran-Prisi 2023” yarışlarına hazırlıq barədə aidiyyəti dövlət qurumlarına lazımi məlumatlar verilib.

Bununla bağlı sürücülərin hansı yollardan istifadə etməsinə dair təklif planı aidiyyəti sahənin mütəxəssisləri tərəfindən verilə bilər. BŞH isə yalnız trekin keçdiyi küçə və prospektlərə alternativ olaraq digər yollardan istifadə etməyi tövsiyə edir”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirdi ki, Bakı şəhərində keçiriləcək “Formula-1 Azərbaycan Qran-Prisi 2023” yarışları ilə əlaqədar olaraq 20 müntəzəm marşrut xəttinin hərəkət sxemində dəyişiklik olunub:

“O cümlədən, "Azneft" dairəsi ilə hərəkət edən 5 nömrəli marşrut üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Süleyman Rəhimov küçəsində olmaqla təşkil ediləcək. 88 nömrəli marşrutlar üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Puşkin küçəsi - "28 May" metrostansiyası olmaqla D.Əliyeva küçəsi - R.Behbudov küçəsi ilə hərəkət edəcək. 53, 125 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küçəsində (Bakı funikulyoru) olmaqla təşkil ediləcək. 205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küç. daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək. 6 nömrəli marşrut isə 2 istiqamət üzrə fəaliyyət göstərəcək. Birinci istiqamət "Azadlıq" prospekti m.st. – Axundov bağı, ikinci istiqamət Funikulyor – Ö.F.Nemanzadə küçəsidir”. 

Nigar Abdullayeva
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar