Məlum oldu kimi, Azərbaycanda pensiya yaşı hazırda qadınlarda 63 yaş 6 ay, kişilərdə isə 65 yaşdır.
2026-cı ilin 1 iyulundan ümumi olaraq pensiya yaşı 65 olacaq. Pensiyaların ödənişi isə birbaşa Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən icbarı ödənişlərlə formalaşır.
Qeyd edək ki, DSMF ödənişi aylıq əməkhaqqının 20 faizini təşkil edir.
Nəzərə alsaq ki, hazırda Azərbaycanda minimum əmək haqqı 345 manatdır, aylıq DSMF ödənişi ən az 70 manat civarındadır. Eyni zamanda, minimum əmək haqqının artması ilə paralel olaraq pensiya kapitalının minimum məbləği də artıb. Belə ki, cari ilin 1 yanvar tarixindən pensiya kapitalının minimum həddi 40 min 320 manata yüksəlib. Qeyd edək ki, pensiya kapitalı 2022-ci ildə 34 min 560 manat, 2021-ci ildə isə 28 min 800 manat olub. Minimum pensiya kapitalını toplayan və 65 yaşı tamamlayan vətandaş əmək pensiyası almaq hüququna malik olur. Amma ölkədə pensiya kapitalında vəsaiti olanlardan pensiyaya çıxmadan dünyasını dəyişənlər də var.
Bəs onların pensiya kapitalına topladığı vəsaitin taleyi necə olur? Onun vərəsələri pensiya kapitalına yığılan vəsaiti ala bilərmi?
İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, pensiya yaşına çatmadan dünyasını dəyişən vətəndaşın yığdığı pensiya kapitalı əslində onun vərəsəsinə ödənilməlidir:
“Vətəndaş təqaüd fonduna nə qədər vəsait ödəyirsə, bu, onun puludur, dövlətin deyil. Vətəndaşın da o vəsaitə birbaşa sərəncam vermək hüququ olmalıdır. Amma təəssüf ki, bu, bizdə qanunla qadağan olunmasa da, mexanizmi yoxdur deyə vətəndaşlar böyük əziyyət çəkirlər. Yəni ailə üzvlərinin dünyasını dəyişmiş şəxsin pensiya kapitalına çıxış imkanı çox çətin olur. Əslində isə bu çox asan bir prosedur olmalıdır. Banka qoyulan depozit nədirsə, bizim hər birimizin təqaüd fonduna ödədiyimiz vəsait də odur. Yəni bu vəsait bizimdir, dövlətin deyil. Ona görə də o vəsaitə bizim birbaşa sərəncam vermək hüququmuz olmalıdır”.
Vilayət Muxtar
Cebhe.info