Son vaxtlar insanlar ölkədə istədikləri dərmanların tapılmaması, həmçinin dərman vasitələrinin qiymətinin baha olmasından şikayətçidirlər.
Ötən həftə parlamentin iclasında “Dərman vasitələri haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı parlament üzvləri bu problemlə yanaşı, həm də dərmanların keyfiyyət məsələsinə toxunublar. Deputat Razi Nurullayev qiymətlərdən şikayətlənib və bildirib ki, eyni tərkibə malik olan dərmanlar apteklərdə fərqli qiymətə satılır:
“Eyni dərman bir aptekdə 10, digərində 120 manata satılır. Bunun səbəbi nədir, anlamaq olmur. Ölkədə dərmanların satışı qaydaları, keyfiyyəti və bu sahədə olan idarəçiliklə bağlı acınacaqlı vəziyyət yaradan hallar mövcuddur. Əgər bu belə olmasaydı, insanlar arasında “filan aptek yaxşıdır, filan aptekdə qiymətlər ucuzdur” fikri formalaşmazdı. Vətəndaş eşitdiyinə, gördüyünə, təcrübəsinə, özü və qohumlarının yaşadığı faktlara əsaslanır. Bizim apteklərdə satılan dərman vasitələri çox baha olmaqla bərabər, bir sıra hallarda həm də çox keyfiyyətsizdir. Bu səbəbdən də vətəndaşlar daha yaxşı apteklər axtarışındadırlar”.
Milli Məclisin üzvü Siyavuş Novruzov isə insanların xaricdən müalicə üçün dərman gətirməsinə maneələrin aradan qaldırılmalı olduğunu deyib:
“Azərbaycanda elə dərmanlar var ki, Almaniya ilə müqayisədə 20 dəfə baha satılır. İki, üç dəfə qiymət baha olsa, haradasa başa düşmək olar, amma Almaniyada 5 avro olan dərman burada necə 150 avro ola bilər? Vətəndaşlar özləri üçün xaricdən ucuz qiymətə dərman vasitələri gətirir, amma gömrükdə insanların özü üçün gətirdikləri dərmanlara da maneə törədilir. Adam xəstədir, özünə dərman alıb gətirir. Həmin dərmanı öz istifadəsi üçün gətirir, satmağa deyil. Amma problemlə üzləşir. Burada niyə problem yaranmalıdır? Qoyun insanlar müalicələri üçün dərmanlar gətirə bilsinlər”.
Sözügedən qanunun müzakirəsində bir neçə deputat da mövcud sahədəki problemləri sadalayaraq şikayətlərini dilə gətiriblər. Bu, həm də ölkəmizdə dərman sahəsindəki problemlərdən vətəndaşla bərabər, dövlət qurumlarının də xəbərdar olduğunu göstərir. Lakin problemlər qalmaqdadır. Sadalanan problemlərdən biri xaricdən müalicə üçün gətirilən dərmanların miqdarı ilə bağlıdır. Belə ki, "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasına gələn və ya xaricə gedən vətəndaşlar şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər, bu zaman heç bir sənəd tələb olunmur. Buna baxmayaraq, gömrük orqanları bir sıra hallarda xeyli miqdar və növdə dərman vasitələrinin vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsinə qarşı çıxır, onu müsadirə edir. Bu da zəruri miqdarın müəyyənləşməməsindən irəli gəlir. Daimi dərman qəbul etməyə məcbur olanlar, bir neçə müddətlik şəxsi istifadəsi üçün dərman alaraq ölkəyə gətirənlər və digər xəstələr gömrük orqanları tərəfindən bu cür maneə ilə qarşılaşırlar.
Ötən ilin dekabr ayında Milli Məclisin iclasında Baş nazir Əli Əsədov vətəndaşların şəxsi istifadəsi üçün xaricdən gətirəcəyi dərmanların miqdarının müəyyən ediləcəyini qeyd etmişdi. Baş nazir çıxışında zəruri olan miqdarın müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq tapşırıqlar verildiyini açıqlamışdı.
Ötən müddət ərzində dərmanların zəruri miqdarı müəyyən etdi?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli bildirib ki, şəxsi istifadə üçün ölkəyə gətirilən dərmanların miqdarı hələ müəyyənləşməyib:
“Gömrükdə həkimin yazdığı resept göstərilir və zəruri miqdar həmin reseptə əsasən götürülür. Bu məsələ müzakirə səviyyəsindədir, miqdar hələ müəyyənləşməyib”.
Günay Şahmar
Cebhe.info