Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakını tıxaclar niyə boğur? - Sürət həddinin azaldılması səbri daşırdı

12-04-2023, 10:31   



“Düşünmürəm ki, əsas prospektlərdə sürətin aşağı salınması tıxaca səbəb olsun. Sadəcə Bakı şəhərində avtomobillərin sayı günü-gündən artır. Təxminən ölkədə 1 milyondan çox avtomobil var”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

O, son günlər paytaxt ərazisində tıxacların artmasının səbəblərindən söz açıb.

Xatırladaq ki, paytaxtın Heydər Əliyev prospekti ilə yanaşı bir sıra aparıcı yol ötürücülərində sürət həddi aşağı salınıb. Bir çox sürücülər isə tıxacların yaranmasına səbəb kimi məhz bu amili göstərir.

Öz növbəsində, E. Cəfərov söyləyib ki, tıxacların çoxu birbaşa olaraq avtomobil sayının çoxluğu ilə əlaqədardır:

“Həmçinin, yol hərəkətinin düzgün tənzimlənməməsi də buraya daxildir. Bakıda tıxacların obyektiv və subyektiv səbəbləri çoxdur.

Obyektiv səbəblər onlardır ki, avtomobil yolları, habelə yol ötürücülüyü qabiliyyəti azdır, zəifdir, yollarda 3 zolaq 2-yə, yaxud da ki, əksinə çevrilir. Subyektiv səbəblər isə ondan ibarətdir ki, yollar günün müxtəlif saatlarında mütəmadi olaraq nəyəsə görə bağlanır. Hazırda “Formula 1” yarışları da başlayıb və burada da yolların bağlanması olacaq”.

Mütəxəssis deyib ki, Bakı şəhərində tıxacların olması ənənəyə çevrilib və bu, artıq vətəndaşlarımızda təəccüb doğurmur:

“Halbuki tıxacları tənzimləmək və bunun öhdəsindən gəlmək mümkündür. Əslində, cəmi bir neçə ay ərzində tıxac problemini həll etmək mümkündür. Qısası, bu, sürət həddinin aşağı salınması ilə bağlı deyil”.

“O ki qaldı bundan çıxış yollarına, hesab edirəm ki, Bakıda yenidən yol ötürücülərinin qurulmalı, eləcə də avtomobilləşmənin qarşısını almaq üçün ictimai nəqliyyat daha mükəmməl işləməlidir. Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına ehtiyac var. Vaxtilə tikilən körpülər, tunellər və yol ötürücüləri, ümumiyyətlə, bugünkü standartlara cavab vermir. Hətta heç bilinmir ki, onlar standartlarla tikilib hazırlanıb. Hər gün Ziya Bünyadov prospektində yerləşən tuneldə qəzalar baş verir”, – səbəbləri açıqlayıb.

Ekspert düşünür ki, problemi mərhələ ilə həll etmək mümkündür:

“Bu gün bunu müvafiq qurumlarda çalışan mütəxəssislər çox gözəl bilirlər. Hətta bunu həyata keçirmək üçün dövlət proqramı və dövlət qurumları da mövcuddur, yəni bütün resurslar var. Sadəcə istək lazımdır və istək olsa, əlbəttə ki, bu tıxacların öhdəsindən gəlmək o qədər də problematik olmayacaq”.

Rafi MÜSLÜMOV


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar