Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İşsiz müəllimlər ordusu yaranacaq?

31-03-2023, 17:52   


İşsiz müəllimlər ordusu yaranacaq?

"Keçən il sertifikasiyadan kəsilmiş müəllimlər yenidən uğursuz olsalar, onların əmək müqaviləsinə xitam verilə bilər".

Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib. O bildirib ki, bu, güzəşt tətbiq edilmiş müəllimlərə şamil deyil:

"Kimlərə güzəşt nəzərdə tutulduğu qaydalarda öz əksini tapıb".

Rüfət Əzizov eyni zamanda deyib ki, ötən il müxtəlif səbəblərdən sertifikasiya imtahanında iştirak etməyənlər də təkrar sertifikasiyada iştirak edəcəklər:

"Xüsusi səbəblər olubsa, müvafiq qaydada bizə müraciət edə bilərlər. Əgər müəllimlərin ötənilki sertifikasiyada iştirak etmədiklərinə dair səbəbi təsdiq edən sənəd yoxdursa, təkrar sertifikasiyadan kəsildikləri halda əmək müqavilələrinə xitam verilə bilər".

Qeyd edək ki, son illər müəllim peşəsi üzrə məzunların sayının çox olduğu və bunun nəticəsində də işsiz müəllimlərin sayının artdığı deyilirdi. Hazırda isə ölkədə təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə sertifikasiya tətbiq olunur.

Həmin sertifikasiyanın tələblərinə uyğun olaraq da bəzi müəllimlərin əmək müqaviləsinə xitam veriləcəyi təqdirdə bu, işsiz müəllimlər ordusunun yaranmasına gətirib çıxarmayacaq?

Təhsil üzrə ekspert Nadir İsrafilov Cebhe.info-ya bildirdi ki, sertifikasiyanı uzun illərdən bəri repetitorluq kimi başı bəlalı hal kimi də qiymətləndirmək olar:

“Çünki sertifikasiya haqqında çox danışılıb, yenə də bu məsələ birmənalı qarşılanmır. Sertifikasiyaya qarşı müəllimlərdə sanki qısqanclıq yaranıb. Bunun səbəbi çoxdur. Hesab edirəm ki, sertifikasiya attestasiya kimi qəbul edilsəydi, o qədər də söz-söhbət yaranmazdı və tam sakitliklə bu proses davam edərdi. Çünki müəllimlər uzun illərdir attestasiya sözünə öyrəşiblər.
Biz müstəqillik qazananda ilk təhsil proqramımız 1999-cu ildə qəbul olunub. Orada da birmənalı şəkildə yazılırdı ki, müəllim əməyinin stimullaşdırılması, diferensial yanaşılması məqsədilə təhsil işilərinin attestasiyası keçirilsin. Sovet dövründə hər zaman müəllimlərin attestasiyası keçirilib.Məsələn, mən attestasiyadan keçib ali kateqoriyalı müəllim adını almışam. Biz bütün müəllimlərə eyni gözlə baxa bilmərik. Onların yaxşı və pis işləyəni, təcrübəli olanı, olmayanı, nüfuzlusu, nüfuzsuzu da var. Ona görə də attestasiyanın keçirilməsi müəllim əməyinin stimullaşdırılması və diferensial əmək haqqı verilməsinə xidmət edən bir prosedurdur.

Əgər müəllimin dərs yükü 18 saatdırsa, o müəllim stimullaşdırma məqsədilə attestasiyadan keçir, burada ona I, II, III dərəcəli kateqoriyalar verilir. Ali kateqoriyalı müəllim I dərəcəli müəllimdən daha çox maaş alıb. Bizdə sonuncu attestasiya 1994-cü ildə keçirildi. Ondan sonra bu məsələ dayandı. Baxmayaraq ki, islahat proqramında 2000-ci ildə başlamaq, 2001-ci ildə təşkilati işləri həyata keçirmək, 2002-ci ildə attestasiyanı başlayıb, 2003-cü ildə yekunlaşdırmaq nəzərdə tutulmuşdu.Bir müddət sonra belə bəyanatlar verildi ki, əvvəl həkimlər attestasiyadan keçsin, onların təcrübəsindən öyrənək, sonra müəllimlərinki keçirilsin. Halbuki müəllimlərin attestasiyadan keçirilməsi ilə bağlı təcrübə vardı. Sonra qərara alındı ki, attestasiya mürəkkəb prosesdir və müəllimlərin diaqnostik qiymətlərndirməsi keçirilsin.

DQ keçiriləndən sonra bəyanat verildi ki, bu müəllimlərin attestasiyasına hazırlıqdır. Nəhayət, sonuncu dəfə "Fərdi təhsilin təşkili haqqında Qaydalar”a dəyişiklik edildi və attestasiya sözü sertifikasiya ilə əvəz edildi və bu, müəllimlərdə müəyyən çaşqınlıq yaratdı. Onlar bunu yeni termin kimi qəbul etdilər. Əgər attestasiya kimi qalsaydı, bu qədər narahatçılıq olmazdı”.

Ekspertin sözlərinə görə, bu, təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiyadan irəli gələn bir vəzifədir: 

“Sertifikasiya kimin istəyindən, arzusundan asılı olmayaraq keçirilməlidir. Nazirin də qeyd etdiyi kimi “şaftalı” sözünü yaza bilməyən, kvadratın sahəsini hesablaya bilməyən müəllimlər var.Bu da şübhəsiz ki, valideynlər tərəfindən narazılıqla qarşılanır. İkinci tərəfdən müəllimlər narahatlıq keçirirlər. Hesab edirəm ki, sertifikasiya keçirilməlidir. Onun əsas vəzifəsi kimisə işdən azad etmək deyil. Sertifikasiya məsuliyyət hissidir. O ki qaldı son bəyanatlara, məqsəd heç də müəllimlərin işdən azad edilməsi deyil.

Bununla belə, hazırki qaydalara uyğun olaraq, məsələn, ibtidai sinif müəllimləri sertifikasiyadan keçiblər və onlara ikinci dəfə şans veriləcək. Əgər ikinci dəfə də keçə bilməsə, o zaman Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, bu müəllimlər işdən azad edilirlər. Bir halda ki, qaydalar təsdiq olunub, demək ona uyğun müvafiq iş aparılmalıdır. Əgər o əsl müəllimdirsə, öz peşəsinin vurğunudursa, hər hansı narahatçılq keçirməyə əsas yoxdur”.

Ancaq ekspert sertifikasiyanın bir cəhəti ilə razılaşmır:

“Çünki müəllimin peşəkarlıq səviyyəsinin və peşəkar yararlılığın yoxlanılması məsələsi var. DQ keçirildi və bu saat 300-ə yaxın müəllim 3-4 saata işləyir. Qaydalara uyğun olaraq əgər bu peşəyə yararlı deyilsə, demək o adam işdən azad edilməlidir, bu xalqın uşağını korlamalı deyil.

Yaxud müəllim 3-4 saata işləyirsə, necə ailə sahibi, necə müəllim ola bilər? Ona görə də müəlimlərin sırasında diplomu dövlət nişanı olmayanı da var. Uzun illərdən bəri hansısa kursları qurtaranlar da var. Ona görə də sertifikasiyada onların məsələsinə aydınlıq gətirilməlidir. Mən də müəllimin işdən azad edilməsinin tərəfdarı deyiləm. Ancaq onlar üçün də bir ölçü götürülməlidir. Dərs yükü 18 saatdırsa, heç olmasa 9 saatla təmin olunmalıdırlar. 

Ya onları kurslara, təlimlərə göndərmək, inkişaf etdirmək yolunu seçməliyik, ya da onlara birdəfəlik deməliyik ki, “sən müəllim deyilsən”. Yəni bu məsələ açıq qalır. Ona görə də bu məsələyə birdəfəlik son qoyulmalıdır. Bu prosesdə üzə çıxan boşluqlar nəzərə alınmalı, təkmilləşdirilməlidir. Nazir də deyib ki, sertifikasiya vəziyyətə uyğun təkmilləşdirilə bilər. Sertifikasiyanı elə bir vəziyyətə gətirmək lazımdır ki, müəllimlər üçün qorxulu yuxuya çevrilməsin. Müəllim həvəslə gedib orada özünü sınasın. Bir sıra ölkələrdə indi də bu prosesin adı attestasiyadır. Biz Ukrayna variantı olan sertifikasiyanı seçdik. Hesab edirəm ki, attestasiya kimi qalsaydı bu qədər söz-söhbətə səbəb olmazdı”.

Nigar Abdullayeva
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar