
Abdin Fərzəliyevin “qanlı” hobbisi və dəbdəbəli həyat tərzinə qısa nəzər
Son zamanlar rayon və şəhər icra başçılarının fəaliyyətindən olan narazılıqlar artmaqdadır. Ölkə başçısının tapşırıq və tösiyyələrinə biganə yanaşan məmurların bəziləri cəzalandırılsada digərləri fəaliyyətində dəyişiklik etməməkdə davam edirlər.
Bu mənada Bakı şəhər Nərimanov İcra başçısı Abdin Fərzəliyevin adını çəkmək olar. Ölkə mediasında haqqında kifayət qədər bəhs olunan Abdin müəllimin toxunulmazlıq statusuna malik olduğunu söyləyənlər də az deyil. Abdin Fərzəliyevin rəsmi sənədlərdə keçdiyi həyat yolu aşağıdakı kimi qeyd olunur;
O, 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlamışdır.
1985-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Kimya-bioloqiya” fakultəsinə daxil olmuş, 1985-87-ci illərdə Moskva vilayətində keçmiş Sovet Ordusunda hərbi xidmət keçmiş, 1992-ci ildə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ilin oktyabr ayından 1993-cü ilin fevral ayına qədər “Naxçıvan” qəzetinin müxbiri vəzifəsində çalışmışdır.
1993-cü ilin fevral ayından noyabr ayına qədər “Əlincə” Xeyriyyə Cəmiyyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində, 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləmişdir.
1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və idman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və Kadr hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində işləmişdir.
1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləmişdir. 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərancami ilə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir. 2005-ci ilin dekabr ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışır.
1993-cu ildən Yeni Azərbaycan Partiyasının üzvü və YAP Siyasi Şurasının üzvüdür. Həmçinin 2001-2004-cü illərdə Milli Olimpiya Komitəsinin İcraiyya Komitəsinin üzvü olmuş, hal-hazırda da üzv kimi fəaliyyət göstərir. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetməsi” fakültəsini bitirmişdir.
Göründüyü kimi 12 ilə yaxındır ki, Nərimanov rayonunun icra başçısı vəzifəsini icra edən Abdin Fərzəliyev rayonda böyük var-dövlət sahibinə çevrilib. İcra başçısı rayonun mərkəz yerlərində özünə obyektlər tikdirməyi də unutmayıb. O, özünə Nərimanov rayonunun ərazisində yerləşən və «erməni qəbristanlığı» kimi tanınan ərazidə şadlıq evi, fitnes klub və digər gəlir gətirən obyektlər inşa etdirib. Rayona rəhbərliyi dövründə satılıb qurtardığı torpaqlardan sonra tikinti aparılması qanunsuz sayılan yerlərin satışına başlanılıb. İcra başçısı üçün qanunlar önəm kəsb etmir. Onun fəaliyyətində idarə və müəssisə rəhbərlərinə xüsusi qiymət cədvəli təqdim olunub. O cədvələ görə hər bir məmur Abdin müəllimi ayda bir dəfə “görməli” və icra başçısının haqqını verməlidir.
Realliq.info qeyd edir ki, Abdin Fərzəliyevin icra hakimiyyətində vətəndaşları qəbul etməsi müşkil məsələdir. Onun qəbuluna üz tutan insanlar aylarla gözləməli olurlar. Rayon sakinlərinin problemlərinə biganə qalmağı ilə seçilən Nərimanov icra başçısının 12 illik rəhbərliyi dövründə narazı qalan sadə vətəndaşların şikayətləri isə ünvana yetişmir. Abidin müəllimdən Prezident Aparatına olunan şikayətlər yarı yolda “yoxa” çıxır. Amma icra başçısı hər ay müxtəlif imzalarla təşəkkür məktublarını Aparata ünvanlamağı unutmur. Həmin məktublarda Abdin Fərzəliyevin analoqsuz fəaliyyətindən “çiçəklənən” rayondan bəhs olunur.
Mediada Nərimanov rayon icra başçısının bahalı əyləncələri, “qanlı” hobbisindən də çox bəhs olunur. Qeyd edilir ki, icra başçısı qiyməti 20 min dollar olan 10 –larla ov itinin sahibidir. O tez-tez ova çıxmağı xoşlayır və bu marağını Respublikanın cənub zonasında həyata keçirir. Rayonun qoruqlarında onlarla CİP-lərlə müşaiyət olunan Abdin Fərzəliyevin bu əməlini “görməyən” qurumlar az deyil. Hamı icra başçısının şəxsi istəklərinə susmaqla bir məmurun qanunsuz əməllərinə şərait yaratmaqdadır.
Realliq.info Nərimanov rayon icra başçısının qanunsuz fəaliyyəti ilə bağlı araşdırmalarını davam etdirir.
Yazıda adı keçən Abdin Fərzəliyevin münasibətini dərc etməyə hazırıq.
Realliq.info